adalet.az header logo
  • Bakı 7°C
28 May 2020 17:21
61994
ƏDƏBİYYAT
A- A+

Arzu Əsəd: AZƏRBAYCANIM














Hər adın çəkiləndə gözlərim yaşla dolur,

Bağrım təlaşla dolur, ürəyim daşla dolur ,

Könlüm, hissim, xəyalım, ruhum savaşla dolur,

Savaş, Azərbaycanım, savaş, Azərbaycanım!


Yeri, göyü tutalar, kimlər, kimlər olalar,

Onlar Allahdılarmı səni məndən alalar ?!

Sümüklərdən nərdivan, kəllələrdən qalalar-

Ucal, sevdalarına ulaş, Azərbaycanım!


Bu da bir tarix idi ,saf oldun, aldatdılar ,

Vətənini böldülər, torpağını satdılar,

Püskürməzdin bəlkə də, yerindən oynatdılar,

Təlaş, Azərbaycanım, təlaş, Azərbaycanım !


Deyil keçmişlərində, deyil dastanlarında,

Tarixlər zəncirlənib yatmış aslanlarında,

Biz şəhid becəririk sevda bostanlarında,

Gül aç, Azərbaycanim, gül aç, Azərbaycanim!


Mən o namərd düşməni qanına bələyəcəm,

Ulduzları göylərdən başına ələyəcəm,

Parlaq ehtişamını tarimar eləyəcəm,

Qoymayacam daşının üstdə daş, Azərbaycanım!


Qazanmalısan, qazanacaqsan bu savaşı,

Bax, şəhit qanlarıdır üfüqlərinə daşır...

Sən odlar torpağısan, al geyinmək yaraşır,

Bulaş düşmən qanına, bulaş, Azərbaycanım!


Sevdanın ən gözəli, ölümün ən şirini,

Tarixin ən ulusu, idrakın ən dərini,

Qaldır dalğa və dalğa insan kütlələrini,

Çağla, çırpin, çalxalan, coş, daş, Azərbaycanım!


Yavrum, təkmi qalmısan meydanların içində,

Ey səadət mələyim, şeytanların içində,

Ey nur, ey işıq seli qətranların içində,

Parla, işar, alış, yan, günəş Azərbaycanım!


Sən əcdadın uyuyan hər qarış məkandasan,

Uğruna can verməli bir müqəddəs andasan,

Əbədiyyət sevdalı əlli milyon candasan,

Birləş, Azərbaycanım, birləş, Azərbaycanım!