MƏNİM SƏADƏTİM HARDASA İTDİ...

İRADƏ TUNCAY
39996 | 2007-12-08 02:49

Xəbəri qəzetlərdə oxuyuram- "21 Azər" Hərəkatının ildönümü qeyd ediləcək. Doğrudan, axı dekabrdı. Ayın 12-də həm qələbənin, həm də məğlubiyyətin ildönümü olacaq. Bu hadisəni yada salan təşkilatın adı qulağıma qatar taqqıltısının səsini gətirir. İndi işləməyən Bakı-Naxçıvan qatarının...
   
   ***
   
   ... Qatar tunellərdən keçə-keçə, işıq zülməti əzə-əzə irəliyə gedir. Qatarın bir tərəfindən müxtəlif rənglərə boyanmış dağlar, bir tərəfindən isə tikanlı sərhəd məftilləri, bir az aralıda çay görünür. Çayın hər iki sahilində insanlar öz işindədi. Hər iki sahildə sərhədçilər xidməti vəzifələrini yerinə yetirirlər. Hər iki tərəfdə nəzarətçi qüllələri görünür. Qatar hər kiçik stansiyada dayananda sarısaç, göygöz rus əsgərləri vaqonlarda sərnişinlərin sənədlərini yoxlayır. Diqqətlə hamını süzür, düşüb gedirlər. Qatar hərəkətə gəlir və Naxçıvana yaxınlaşdıqca əsgərləri daha tez-tez görmək olur. Təkər taqqıltısı, əsgərlər, tikanlı məftillər, məftillərin o üzündə axan çay və pəncərədən o taya baxan atamın baxışları... Uşaqlıq xatirələrimin cığırlarında iz qoymuş mənzərələr. Mənə elə gəlir ki, insan uşaq dünyasının cığırlarıyla addımlarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Həm də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindi, həm də saçının ağaran çağlarında çox mətləbləri anlayırsan, ürəyinin ən nazik damarlarından keçirirsən. Və həmin bu vaxt yaddaş arxivinin bəzi səhifələri sözün əsl mənasında açılır. Neçə ilə əvvəl Qarabağda çəkilişlər aparanda əsgərlər qabağımızı kəsib irəliyə getməyə qoymayanda uşaqlığımı yenə xatırladım, sərhəd məftillərini xatırladım, o taya baxan gözləri xatırladım, o ağrının giziltisini duydum. Gəncliyimdə çox sadəlövh idim. Fikirləşirdim ki, bir gün gələcək Arazın sahilində ürəyim istəyən kimi o baş-bu başa gedəcəm. Heç bir sərhəd dirəyi mənə "olmaz" deməyəcək. Amma indi düşünürəm ki, görəsən övladlarımız bizim indiki yaşımıza gələndə hansı sərhəd dirəyinin qarşısında dayanacaqlar. O vaxtdan bu vaxta çox şey dəyişib. İndi o yerlərə getmək əvvəlkindən də çətin olub. Tikanlı məftillərin sayı azalıb, amma sərhəd öz yerindədi. O tayda da, bu tayda da bayraqların rəngi də, rəmzləri də dəyişib. Bizim tərəfdə sərhədi qoruyan oğlanların da saçının, gözünün rəngi dəyişib, amma sərhəd qalır. Gözətçi qüllələri, nəzarətçi məntəqələri qalır. Bir də ki çay qalır. Çay hara gedəsidi ki? Başıbəlalı, xəcalətli Araz çayı...
   
   ... Dünyanın fiziki xəritələri dəyişməz qalır. Dağ öz dağlığında qalır, çay öz çaylığında, dəniz də ki dənizdi, uzaqbaşı bir kanal çəkib yol açmaq olar. Dünyanın siyasi xəritələri zaman-zaman dəyişir. Dünən böyük imperiyalar bu gün heç yerdə sözü keçməyən adi bir dövlətə çevrilir. Respublikalar monarxiya, monarxiyalar respublika olur. Bu dəyişmələr, çevrilmələr çox ölkələrin taleyini həll edir, bircə bu qara bəxt, biçarə çay yenə iki qardaşın arasından, taleyindən, ürəyinin ortasından axır. Məcrasından çıxır, aşır-daşır, mənasını dəyişmir. Çay sərhəddi. Çay Azərbaycanı ikiyə bölür. Bölünən məlum, bölən məlum, qismət məlum. Bir əsrdə neçə dəfə bu qisməti dəyişmək cəhdi olub. Bir əsrdə neçə dəfə bu torpaqlar mücahidlərin cavan canıyla gübrələnib. Bir əsrdə neçə dəfə bu çayın suları qan dadıb. Sonuncu dəfə...
   
   ***
   
   1945-ci ildə Təbrizdə milli hökumət quruldu. Tarixə "21 Azər" inqilabı kimi daxil olan hadisələr nəticəsində qurulan hökumət cəmi bir il mövcud ola bildi. Cəmi bir il. Tarix üçün heç an da sayıla bilməyəcək bir müddət. Amma XX əsr Azərbaycan tarixini alt-üst edən bir il. Dünya siyasətinə ikiyə bölünmüş Azərbaycan adlı bir məmləkətin varlığını sübut edən bir il. Bu XX əsrin ortalarında cənubla şimalın birləşməsi üçün sonuncu şans oldu. Səttar xandan, Bağır xandan, Şeyx Məhəmməd Xiyabanidən başlayan bu yol 1945-ci ilin dekabrında milli hökumətin qurulması ilə nəticələndi. Amma sonuncu dəfə hadisələr böyük güclərin böyük maraqlarının toqquşduğu bir vaxtda, II Dünya müharibəsinin qızğın çağlarında və müharibədən sonrakı proseslərin fonunda cövlan edirdi. 1941-ci ilin ilk aylarından Zaqafqaziyada 47-ci ordu Cənubi Azərbaycanın sərhədində dayanmışdı və rusların cənub sərhədlərini möhkəmləndirmək istəyi təbii idi. Şah rejiminin Almaniyaya meyl etməsi hadisələri sürətləndirdi.Bir tərəfdən Britaniya qoşunları, bir tərəfdən Qızıl Ordu hissələri İranın ərazisini işğal etdi. Cənubi Azərbaycan Sovet işğal zonasına daxil oldu. Bu zaman Azərbaycan bütün dünya siyasətini titrədəcək hadisələr ərəfəsində idi.
   
   ... Beləliklə, 1945-ci il 12 dekabr. O vaxt Arazın hər iki tayını iki seyid, iki Mircəfər idarə edirdi. Təbrizdə Seyid Cəfər Pişəvəri, Bakıda Mircəfər Bağırov. Bu işin görünən tərəfi idi. Əslində hər şey Moskvadan, Kremldən, Stalindən asılı idi. Ancaq Stalindən asılı olan iki seyidin necə siyasət aparacağından isə Azərbaycanın taleyi asılı idi. Bu iki şəxsiyyət haqqında da çox yazılıb. Onlara münasibət də birmənalı olmayıb. Amma inkar etmək olmaz ki, bu və ya digər şəkildə Azərbaycana xidmət ediblər. İnkar etmək olmaz ki, vətənin taleyüklü məqamlarında ən vacib problemləri həll etməyə çalışıblar. Çalışıblar hər halda. Edə bilmədiklərinin günahı zamanınmı üzərinə düşür, ya özlərinin də günahı yox deyil, deyə bilmərəm. Heç kimi ayrı-ayrılıqda ittiham etmək olmur.
   
   ***
   
   İlk günlər hər şey inanılmaz dərəcədə gözəl idi. Təbrizin Didəban kinoteatrında Azərbaycan Milli Məclisinin ilk sessiyası açıldı. Milli hökumətin tərkibi təsdiq edildi. Seyid Cəfər Pişəvəri baş nazir, Cəfər Kaviyan xalq qoşunları naziri, Mirzərəbi Kəbiri poçt və teleqraf naziri, Məhəmməd Biriya maarif naziri, Firudin İbrahimi baş prokuror təsdiq edildi.
   
   ... Bu hadisələrin üstündən neçə illər keçib. Müxtəlif ölkələrin tarixçiləri bu hərəkatı öz prizmalarından şərh ediblər. Tarix siyasi elmdir, yazıldığı dövrün ideologiyasına xidmət edir. Amma bəzən gözləmədiyin halda gözləmədiyin tarixi şəxsiyyətlərin dilindən gözləmədiyin ifadələri eşidəndə...
   
   Mircəfər Bağırov: "Əgər bizdə bir damcı belə Azərbaycan qanı varsa, gərək gec-tez vaxtilə məcburən ayrılmış Cənubi Azərbaycanı Sovet Azərbaycanı ilə birləşdirək. Buna bizim qüvvəmiz və bacarığımız var. Nə qədər çətin olsa da biz Cənubi Azərbaycan zəhmətkeşlərinə bu köməyi göstərməliyik. Buna bizim qeyrətimiz, namusumuz, insanlığımız və sədaqətimiz çatar". Bu sözləri Mircəfər Bağırov deyir. Heç şübhəsiz Moskvanın, Kremlin icazəsi ilə deyir. Heç şübhəsiz vəziyyətin diktəsi ilə deyir. Amma mən bu sözlərdə kiçicik də olsa səmimilik olduğuna inanmaq istəyirəm. Və faktlar göstərir ki, həmin hadisələrdə Mircəfər Bağırov da, onun Təbrizə göndərdiyi missiya da böyük cəfakeşlik etmişdilər, amma olmadı... Qoymadılar...
   
   46-cı ilin aprel-may aylarında Qızıl Ordu hissələri Cənubi Azərbaycandan çıxarılmağa başladı. Pişəvəri sarsıntı ilə Sovetləri xəbərdar edirdi ki, onların gedişi ilə milli hərəkat qan gölündə boğulacaq. Ancaq rusları axacaq qan yox, borulara axacaq neft maraqlandırırdı. İranın baş naziri Qəvamüssəltənə Stalinə neft konsessiyalarından böyük pay söz vermişdi və təbii ki, ellər atasına neftin qoxusu elin dərdindən daha maraqlı idi. Əhali çaşqınlıq içində idi. Hadisələrin başlanğıcında cənuba göndərilmiş ziyalılar da bu xəbəri böyük ağrı ilə qarşıladılar. Bu ağrı onların bütün həyatına, yaradıcılıqlarına öz möhürünü vurdu. Yazılan şerlərin, romanların əsas mövzusuna çevrildi. Xəyanətə uğrayan insanların ah-naləsi son mənzilə kimi onların qulağından getmədi.
   
   46-cı ilin payızı ağır gəldi. Tehran ciddi-cəhdlə milli hökuməti ləğv etməyə çalışırdı. Və Azərbaycana qoşun yeritmək üçün gözəl bəhanə də tapılmışdı - keçiriləcək seçkilərdə əmin-amanlığı təmin etmək. Pişəvəri Bakıya müraciət edir: "Bu məsələdə sizin köməyinizə ehtiyacımız var. Onsuz da bizim fədailər dəyənəklə, yumruqla tankların üzərinə yeriyəcəklər. Lakin bu yetərli deyil. Bizim millət və bizim qardaşlarımız kimi silah, əməkdaşlıq üçün sizə müraciət edirik. Bu kömək olarsa biz xalqımızın sədaqəti və azadlığa sevgisi hesabına mürtəce hökuməti məhv edərik. İndi azərbaycanlıların dilində bir söz gəzir: "Ölərik, lakin geri çəkilmərik". Bu gün bizim şüarımız belədir - Ya azad yaşa, ya şərəflə öl!" Bir illik azadlıq insanların ürəyində elə coşqu yaratmışdı ki, ölümü əsarətdən üstün tuturdular. Sovet Azərbaycanından gözlənilən kömək gəlmədi. Azərbaycan müstəqil deyildi. Hər şey Stalinin göstərişlərindən asılı idi. Stalin susurdu.
   
   ... Bu taleyin acı istehzası idi yəqin. Dekabrın 12-də elan olunmuş müstəqillik dekabrın 12-də süqut etdi. Üstündən bu qədər vaxt keçib. Amma suallara yenə də cavab tapmaq olur. Niyə? Nə səbəbə? Bəlkə? Bu niyələrin, bəlkələrin səbəbləri bu gün də açıq qalıb. Niyə hərəkatın liderləri milləti yiyəsiz qoyub bu tərəfə keçdilər? Niyə bəziləri şaha baş əydi, bəziləri son gülləsinə qədər vuruşdu? Niyə bəzilərinə hər şərait yaratdılar, bəzilərini Sibirə göndərdilər? Bu ağır günlərdə Pişəvərinin gizli şəkildə Şimala gedişi böyük təlaş və təşviş yaratmışdı. Ola bilər ki, onu məcbur etmişdilər. Amma son bir çarə də vardı - intihara çarə deyə biləriksə, belə deyək.
   
   Kim idi Seyid Cəfər Pişəvəri? Cənubda sadə kəndli ailəsində doğulub, Şimala çörək dalınca gələn on minlərdən biri. Gənclik illərində Marksın kommunizm xülyalarına inanan yüz minlərdən biri. Bəşəri ideyaları millətçi düşüncələrə dəyişən filosof. İnanıb xəyanətə uğrayan, illərini zindanda keçirib, azadlıqda həyatını itirən bir şəxs. 47-ci ilin iyununda Yevlax-Gəncə yolunda təşkil olunmuş qəzada ölən Pişəvərinin cənazəsini gizli şəkildə Buzovnadakı evinin həyətində basdırırlar. Elə bil nə belə adam olub, nə bu hadisələr. Yalnız 1960-cı ildə Demokrat Firqəsi üzvlərinin israr və təkidindən sonra məzarı Fəxri Xiyabana köçürürlər və üstündə abidə qoyurlar. Çox inandığı kommunizm ideyaları ona şərəflə ölməyə də imkan vermir.
   
   ... Bir illik səadət, bir illik azadlıq, bir illik xülyalar və sonda... Sonluq isə XX əsrin böyük faciələrindən sayıla bilər. Düzdür, böyük güclər bunu görməzlikdən gəldilər, ah-naləni eşitmədilər, 25 min insan qanına qəltan edildi. İnsanları təndirə atıb üstündə çörək bişirdilər, ayaqlarını nallayıb qaçmağa məcbur elədilər, hörgüyə hörüb sementlədilər, dara çəkdilər. Dara çəkilənlərin arasında azyaşlı uşaqlar da vardı. Bunlar faktdı. Bunlar tarixdi.
   
   Bu gün BMT-nin qərarlarına ümidlə baxanların da yadına salaq ki, 1946-cı ildə yeni yaranmış bu təşkilatın ilk müzakirə etdiyi məsələ də Azərbaycan məsələsi olmuşdu. Bütöv bir xalqın qətlinə fərman verən böyük gücləri xatırlayaq və unutmayaq.
   
   ... Hər şey bitdi, xoşbəxt sonluq olmadı. Ölən öldü, qalanlar dünyaya səpələndilər, küskün, incik. Qalanlar o ağrının yükünü bu günə qədər daşıyırlar. Bu tərəfə o ağrını da gətirdilər. Böyük ədəbiyyat yarandı, Cənub mövzusu bütün ədiblərimizin yaradıcılığından qırmızı xətt kimi keçdi. Amma hər şeyin səbəbi ordan başlandı - Arazdan. Bizi torpağı bölünməyə öyrəncəli etdilər.
   
   Ümidlə, kitabla, qələmlə bir xalqa yaşamaq öyrədə bilməzsən, ölməyi öyrədə bilməsən...
   
   ***
   
   Mən istəyirəm al-əlvan Vətən bağında Xarı bülbülü dərim. Mən istəyirəm Dəlidağda qartalların səmada süzməsini görüm. Mən istəyirəm Vətənin hər guşəsini bağrıma basım. Mən istəyirəm övladlarımıza göstərə bilmədiyimiz böyük Vətəni heç olmasa nəvələrimizə göstərim. MƏN TORPAĞI BÖLÜNMƏYƏ ÖYRƏNCƏLİ OLMAQ İSTƏMİRƏM!

TƏQVİM / ARXİV