Azərbaycan mətbəxində dovğa: Soyuq-isti fərqi yoxdu, yeyin-için...
Yaz fəsli gələndə qış uzunu itirdiyimiz immunitetin geri qaytarılması üçün əlimizə fürsət düşür.Təbiətin ən şəfalı bitkiləri süfrəmizin bəzəyinə çevrilir. Yurdumuzun hər köşəsində bir gözəllik yaradan yaşıl mənzərə eyni zamanda immunitetimizə yüksək şəkildə xeyirli gəlir.
Bütün fəsillərdə, xüsusən yay-yaz günlərində ən çox sevilən yeməklərdən biri də dovğadır. Onun istər isti-isti, istərsə də soyuq şəkildə yemək ləzzətini əksiltmir. Rayonda, əsasən də kəndlərdə bu yemək adi alaq otu bildiyimiz bitkilərlə də bişiriləndə əsrarəngiz dada malik olur.
Bəzilərinin adi yabanı alaq otu bildiyi bitkilərdən gələn vitaminlərin əvəzini heç nə verə bilməz. Quşəppəyi, yemlik, quzuqulağı, cincilim, əvəlik, qoyunqulağı, yarpız, nanə, dağkeşnişivə sair bitkilərdən hazırlanan dovğanı bir yeyən elə ömrünün sonunda qədər bir də yemək istəyər.
Beləliklə, başlayaq dovğamızı bişirməyə: Doğvanın qatılığı zövgə görə dəyişə bilər. Qatı və ya duru ola bilər. Duru dovğa sevənlər qatığa daha çox su əlavə edə də bilər. Nəhayət, 4 nəfər üçün dovğa bişirirsinizsə, 1lit qatığın içinə uyğun miqdarda doğranmış göy-göyərti, həlim salması üçün bir ovuc düyü, çürüməməsi üçün 1 yumurta qatın. 1 stəkan su da əlavə edin.
Qazanda qatığı, sü, düyü və yumurtanı möhkəmcə, amma, mütləq taxta qaşıqla qarışdırın. Çünki, taxta qaşıq dovğamıza dad qatır. Bunu isə mənəmin bişirdiyi dovğadan bilirəm. Bənzəri yox idi. Xüsusən, mis qazanda çöl ocağında bişən dovğanın dadı təkrarolunmazdı. Hə, taxta qaşıqla ocağın üstünə qoyduğumuz qazanı dayanmadan qarışdırın (vacibdir – yoxsa doğva çürüyər) Bu proses təxminən 7-10 dəqiqə çəkəcək. Düyü yumuşalanadək bişirin. İstəsəniz dovğanıza noxudda əlavə edə bilərsiniz. Bunun üçün axşamdan suya qoyulub, yumşalmış noxudları bişirib, dovğa soyuyandan sonra içinə tökə bilərsiniz. Dovğanın duzunu da bişəndən sonra tökün ki, çürüməsin .
Noxudu əlavə edib, qazanı kənara çəkin. Yeri gəlmişkən, bəzi bölgələrimizdə dovğanın içərisinə ətdən hazırlanmış kiçik küftəciklərdə atırlar, digər bölgələrimizdə isə sarımsaqda əlavə edirlər.
Məlumatlara görə, dovğanın tərkibində olan qatıq yüksək xolesterol və şəkər xəstələri üçün olduqca faydalıdır. Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu yüksəldir və yağların əriməsini asanlaşdırıb kökəlmənin qarşısını alır.
Dovğa qarın bölgəsindəki yağlardan xilas olmaq istəyənlər üçün qatıq ideal bir qidadır.
Qoyun, dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin. Mən dovğanı qaynar-qaynar daha çox xoşlayıram. İstəyə görə, doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın.
Di, nuş olsun!
Əntiqə Rəşid