RƏĞBƏT

İRADƏ TUNCAY
53186 | 2007-11-24 07:24

Divan zəbt olunub, elə televizor da. Nə mətbəxə, nə də başqa otağa keçməyə həvəsim yoxdu. Kresloda büzüşüb evdəki kişilərin baxdığına məcburam mən də baxıram, yəni futbola. Stadionda tökən yağışla pəncərədən gördüyüm mənzərə bir az fərqlidi. Şəhərin bir ucuyla o biri ucu arasında əməlli iqlim fərqi var. Amma külək elə vıyıldayır ki, lap büzüşürəm. Bu prosesi ekranda gördüklərim bir az da sürətləndirir. Təbii, mən möcüzə gözləmirəm - əcnəbilərin seyrə balonlarla çıxdığı bir vaxtda biz nəinki qapımıza dəyən toplardan diksinmək, hətta top-top oynamağı da doğru-düzgün bacarmırıqsa, abır-həyayla uduzmağı da bir uğur saymaq olar. Futbol komanda oyunudursa, biz də məmləkət olaraq hələ komanda halına gələ bilməmişiksə, bunun günahı yağışın altında çaşqın-çaşqın o tərəf-bu tərəfə qaçan futbolçuda deyil. Böyük hesablarla qazandığımız sıfırları ciblərindəki rəqəmlərin arxasına düzüb böyük hesablar açanlardadır. Mən bu fəlsəfi düşüncələrə dalmışkən hakimin fiti bütün xalqı olmasa da, kimsələrisə ayıldır. Yaxşı qurtardıq- 0:1. Sevincək doğma və milli TV-lərin boğuşma, dalaşma proqramlarına baxmaq istəyimi bildirirəm ki, qəti şəkildə "olmaz" deyirlər. Başqa bir oyun da varmış, çox önəmli. Türkiyə millisi ilə Bosniya-Hersoqovina arasında matç olacaqmış. Özlüyümdə razılışıram, bu futbol yox, bir az siyasi məsələdi. Türkiyənin Avropa çempionatına qatılıb-qatılmayacağı həll olunur. Neçə ildir kənardadılar. Amma onu da fikirləşirəm ki, bu Bosniya deyilən yer neçə vaxtdı Türkiyənin hesabına yaşayır və mövcuddur. Yəni Türkiyə bu balaca əraziyə dədəlik eləyir. Fikirləşirəm ki, bəlkə oyun da danışılıb, çünki nəticədən asılı olmayaraq, Bosniya komandasının şansı yoxdur, yəni öz hamisinə xal verə bilər. Oyunu izləməyə başlayıram və gözlərim böyüyür. Bəlkə də boşnaklar öz futbol tarixləri boyu belə oyun göstərməyiblər. Ölüm-dirim savaşı gedir. Tarix demişkən, deyəsən boşnaklar öz tarixi nifrətlərini bu oyunda əməlli xatırlamışdılar. Rus qardaşlarımız demişkən, "skolko volka ne kormi..."
   
   
   ***
   
   
   Bosniya-Hersoqovina kiçicik bir respublikadır. Ərazisi 51,1 min kv.km-dir. Yaxın vaxtlara qədər Yuqoslaviya adlanan federativ respublikanın tərkibindəydi. 90-cı illərdə başlanan proseslər Yuqoslaviyanı dünyanın siyasi xəritələrindən sildi, tərkibindəki xalqlar, etnik qruplar arasında münaqişələr başladı. Əhali milli köklərinə görə slavyan olsa da, biri pravoslavdı, biri katolikdi, biri müsəlmandı. Unikallıq da elə burdadı. Yəni serblər pravoslavdı, xorvatlar katolikdi, bosniyalıları isə slavyan-müsəlman yazırlar. Müsəlman da çoxdu, slavyan da. Bunlar kimdi, nədi, hansına aiddi? Özü də nəzərə alsaq ki, İslamı da XÜII əsrdə qəbul ediblər, yəni ona qədər xristianlığın boqomil təriqətinə mənsub olublar - görəcəyik ki, nəsə qəribə bir toplumdurlar. Osmanlı istilasına qədər bu balaca torpağı bölmək üçün feodalların mübarizəsi gedir. Məşhur nəsillərdən birinə mənsub hersoq Stepan Vukçiç ölkənin bir hissəsini öz hakimiyyətinə tabe etdirir və bundan sonra ərazinin bir bölümü onun şərəfinə Hersoqovina adlanır. Osmanlılar bura 1463-cü ildə gəliblər. Onların gəlişindən sonra 1583-cü ildə isə Bosniya və Hersoqovina Bosniya paşalığında birləşdirilib. XIX əsrin başlanğıcından imperiyanın zəifləməsindən istifadə edən Avropa dövlətləri dəfələrlə buralarda üsyanların, iğtişaşların baş verməsinə nail olurlar. Ən böyük üsyan isə 1875-78-ci illərdə olur. Və tarixə Bosniya krizisi kimi keçir. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Avstriya-Macarıstan bölgə üzərində hakimiyyətini təsdiq edir. 1909-cu ildə isə türklər cəmi 2,5 milyon funt-sterlinq müqabilində həmin torpaqlardan çəkilirlər. Təsəvvürünüzə gətirə bilirsiniz? Bu elə bir dövr idi ki, başı hərəmxanada kefə qarışmış sultanların əyyaşlığı ucbatından Osmanlının xəzinəsi tamam boşalmış, qüdrəti heçə enmişdi. Amma mənim işim nə Osmanlıynan, nə də Avropa dövlətləriylədi. Dinlərini asanlıqla dəyişə bilən bu slavyan-müsəlmanların yeri gələndə slavyan olduqları, yeri gələndə də müsəlman olduqları yadlarına düşür. Və hər zaman mövqelərini dəyişə-dəyişə tam mövqesiz qalırlar. Hər kəs də onlardan istədiyi kimi istifadə edir. I Dünya müharibəsinin başlanğıcını yada salaq. "

TƏQVİM / ARXİV