Xanzadəlikdən xanəndəliyə: biz niyə belə olduq? – İlqar Rəsul yazır

İLQAR RƏSUL
84803 | 2020-05-30 10:12

- Allah nə deyir?

- Deyir, oxu.

- Niyə deyir, oxu?

- Çünki bilir ki, təkcə yaranmaqla adam olmaz, həm də oxumaq lazımdır.

***

Uşaqlarımıza təhsil verməliyik. Oxutmalıyıq yəni.

Bəsdir müsabiqələrdən həvəsləndik. Elə bil istixanadır, göbələk yetişdiririk. Uşaq-böyük, hərə əlinə bir qaval alıb, muğam oxuyur. Hər nəsildən Xanın, Cabbarın bir-iki davamçısı, ümumilikdə də üç-beş sanballı muğam ifaçısı oldu, bəs deyilmi? Bəs dünya elmini kim öyrənəcək? Fizikanı, riyaziyyatı, astronomiyanı, gen mühəndisliyini, yeni texnologiyaları və s. kim oxuyub mənimsəyəcək?

Bəs Xudu Məmmədovun, Rafiq Əliyevin davamçısı kimlər olacaq? Bəlkə Ağdama, Qarabağa "Muğamın beşiyidir” deyib sizi küyə salırlar? Niyə axı məhz muğamın beşiyi olmalıdır bu yerlər? Bəlkə, bəyliyin, xanlığın, sərkərdəliyin beşiyidir, həm də muğam ifaçıları var? Bəlkə, əsilzadəliyin, əfəndiliyin beşiyidir, muğamla araya pərdə çəkirlər? Bəlkə, qılınc-qalxanın, oxun, kamanın beşiyidir, həm də qavalı, kamançası var? Bəlkə, atın beşiyidir?!

Sənin atın orada qala ağzı günə, sən ağzını günə tutub muğam oxuyasan. Harada görünüb ki, bir mahalın oxuyanı kişnəyənindən çox ola? Yəni bu qədərmi?..

Oxunsun ey, muğam da oxunsun, mahnı da. Onlar da lazımdı. Könül saflaşdırır, qəlb rahatladır. Amma ta hamı yox də. Ta kütləvi yox də. Muğam nədir, böyük zallar doldurdu nədir? Bu intim, irfani bir şey olmalıdır. Öz dəstgahı olduğu kimi, öz də məclisi olmalıdır. Çoxluq hərb, tarix, dünyəvi elmlər, yeni texnologiyalar öyrənsin, beş-üç nəfər də muğam oxusun də. Əsgər xanəndə görəndə həvəslə ayağa durmasın də, xanəndə əsgər görəndə fərəhlə yerindən qalxıb ehtiram göstərsin.

Zənguləyə yox, at kişnərtisinə heyran olub bizim babalarımız. Xanzadələr, bəyzadələr, sərkərdələr, igidlər ağzına apardığı tikəni süfrəyə qoyub çölə çıxıb ey: "Görüm bu at niyə belə kişnəyir”, - deyə. Sovetlərdən sonra dəb düşüb bu kütləvi muğamçılıq. Amma heç sovetlərdə də belə kütləvi deyildi, əndazəsi vardı. Süni beşikçilik, muğam dayəliyi bizə qalıb?

Qazax orada "dombra” çalıb, cəngi oxuyur, biz burada uşaqların Bayatı-Şiraz oxumasına əriyib gedirik (Bayatı-Şirazı ona görə misal çəkirəm ki, onu mən də çox bəyənirəm). Lazım olsaydı, hərbi marşları muğam üstündə yazardılar də. Niyə yazmayıblar? Olmaz çünki. Niyə? Ona görə ki, muğam adamı çadıra, kölgəliyə, daldalığa çəkir. Amma marş əsgəri daldalıqdan ortalığa gətirir, yerindən qabağa aparır, çölün özündən də çölə çıxarır.

Biz dovşan deyilik ey, hissə qapılaq, canavarıq. Canavarın at mindiyini heç görmədinizmi? Təpiklə vurub ağız-burnunu partlatsa da, atılıb minir atın belinə canavar. Olsun, lap yemək üçün minir, amma minir axı...

Dediyim odur ki:

Bizimki atdır, ağlamaq deyil. Ozandır bizimki, azan deyil. Ağız deyil ey, qopuzdur. Nə muğam, nə azan at belində oxunmaz. Bu canavar uşağı canavar tarixində heç atdan düşdü ki, azan verə, ya muğam oxuya?

Bəlkə də, bunu bizə hansısa qocaman bir at yandığından dilə gəlib deməliydi ki, inanaq? Amma nə edək ki, yandığı qədər danışdığı yoxdur o biçarənin. Var ey dili, biz anlayan deyil. Bəlkə, elə ona görə mənə düşür bunları demək.

Sənin gerbin at, ruhun at, dünyada şöhrətin at, beşiyin muğam. Görün heç düz gəlir? Gəlmir axı. Dərininə getsək, xalçamızı da dünyaya tanıdan atımız olub, bəlkə. Dünyanın o başına çapan fatehlərimizin atına heyran olan yadelli yaxınlaşıb o atın belindəki xalçanı da görməmiş deyildi hər halda.

Sənin babalarındır ey atı da, xalçanı da şöhrətləndirən, ay insan! Sən elə bilirsən, babaların olmasaydı, Qarabağ atı olacaqdı? Yox, olmayacaqdı. Olacaqdı, əlbəttə, amma dünya şöhrətli olmayacaqdı. Çöldə-şumda dolaşıb, arabada-kotanda məhv olub gedəcəkdi. Atı at edən sahibidir, ey insan oğlu! Dalınca düşüb yeridin, o da əkinçidir, demək. Belinə minib cəng elədin, yarışdın, uzaq səfərlərə çapdın, o da oldu bir igid. Çöldə-şumda işlətməklə atı məşhur etmək olmaz. Minib onunla dünyalar fəth etməlisən ki, özün kimi, atın da qiymətə minsin, tanınsın. Ərəbin atına baxın. Niyə məşhurdur? Çünki ərəb dünyanı fəth edib. Hara gedibsə, o atın belində gedib. Eləcə də ingilisin atı. Nə oldu, bunların arasında Qarabağ atı heç nə eləmədi, amma məşhur oldu? Yox, əlbəttə, belində bir kişi olub ki, tanınıb. Yəqin ki, bilməmiş deyilsiniz, təkcə zərifliyi, gözəlliyi ilə deyil, uzaq məsafələrə yaxşı və sürətli qaçmağı ilə də məşhurdur Qarabağ atı. Niyə? Haradan bilinib bu atın belə üstünlüyü var? Yenə belindəki igidə görə. Gərək hədəfin uzaq olsun ki, atın da o qədər qaçmağa vərdiş eləsin də. Gerçək bəy, xan dediyinin də ki, evinin içində belə ən uzaq küncə hesabladığı bir hədəfi olmamış deyildi, bunu biləsiniz.

Ərazisi Avropanın göbəyindən Çinə, Yaponiyaya qədər uzanıb gedən SSRİ-nin rəhbəri Nikita Xruşşov 1956-cı ildə Böyük Britaniyaya səfərində kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan olan "Zaman” adlı Qarabağ atı bağışlayıb. Təsəvvür edin, o boyda ölkədən az qala dünyaya ağalıq edən Böyük Britaniya Kraliçasına layiq hədiyyə Qarabağ atı sayılıb...

Sənin yurdun xanların yurdu idi, indi olub xanəndələrin yurdu. Sözsüz ki, xan da bizimdir, xanəndə də. Amma hərəsinin öz yeri var axı. Başla ayağı qarışıq salmamalısan ki, başın daima səni ayağının üstündə dik saxlaya bilsin.

Görün haradan haraya gəlib çıxmışıq ki, qarşımıza eyni vaxtda bir dəstə muğam oxuyan çıxsa, təbii qarşılayırıq, amma Qarabağdan bəy, xan nəslinin bir nümayəndəsini görəndə sevinir, fərəhlənirik. Məsələn, Heydər Camalın (ruhu şad olsun) bizlərdən olduğunu biləndə fəxr edirik. Niyə? Çünki belələrindən qıtlıq çəkirik. Amma vaxt var idi, hamı Cabbara sevinir, Xana fərəhlənirdi. Niyə? Çünki o sarıdan qıtlıq idi. Hamı bəy-xan idi, ya da onların törəməsi. A kişi, millətin oxuyanı az, əfəndisi çox olar də. Kim dəyişdi bu balansı xanzadəlikdən xanəndəliyə? Necə oldu bu, bir fərqinə varsanız? Əfəndilikdən əttökənliyə qədər məsafə bu qədər qısa olmamalı idi, əslində.

Yadınızdadır, əsgərlikdə tikinti batalyonlarının hamısında xidmət edənlər, rusların dediyi kimi, əsasən "qara millətlər” idi. Qafqazdan, Orta Asiyadan olanları mümkün qədər hərbi əməliyyatlar üçün nəzərdə tutulan batalyonlardan kənarda saxlayırdılar. Niyə? Bacarmazdıq? Əksinə, hamıdan yaxşı bacarardıq. Çünki döyüşkən millət idik və bunu kim də bilməsə, mövcudluğu dövründə (hətta ondan əvvəldən) ən çox bizlərlə savaşmış Rusiya çox yaxşı bilirdi. Və ona görə də hamımızı tikinti batalyonlarına göndərirdi ki, şüurumuzdakı həmin o döyüşkənlik xanaları açılmasın, işə düşməsin gen yaddaşımız. Bunu anladıq. Niyə də etməsin, hər bir imperiyanın yaşaması üçün başlıca strategiya ərazisində olan döyüşkən millətlərin savaş vərdişlərini yadırğatmaqdır.

Amma indi özümüzük axı. Nə olub bizə? Nə muğam həvəsidir Milləti və Məmləkəti irəli aparmaq üçün bu qədər yeni-yeni elmlər, peşələr, sahələr ortaya çıxdığı bir zamanda?

Cümhuriyyətinin qurucuları arasında Sarbon Universitetini oxuyan yeganə adam sənin yerlin olub, Əhməd bəy Ağaoğlu. Sənsə muğam oxumağınla fəxr edirsən. Sənə də baxıb hərə əlinə bir qaval alır və...

Lap istixanada göbələk yetişirmiş kimi...

Yetişirlər, oxuyurlar, xətir-hörmət qazanırlar, dolanışıq da pis-yaxşı yoluna düşür, vəssalam. Hər şey həll olundu. Biri də Azərbaycanda baş verən hansısa sosial, ictimai-siyasi hadisəyə münasibət bildirmir. Niyə? Hətta onlara fəxri ad, orden-medal verən, yaşayış şəraitini yaxşılaşdıran da çıxıb televizorda hamıya deyir, vətəndaş olun, problemlərdən danışın, qüsurları deyin, məmurları tənqid edin, yenə də yox, dinmirlər. Niyə məhz onların dinmədiklərini deyirəm? Çünki görünür. Niyə görünür? Çünki çoxdurlar. Niyə çoxdurlar? Hələ də anlamadınsa, qayıt, bu yazını bir də təzədən oxu...

Unutma!

Sənin qabaqda azadlıq müharibən var.

Sənin qabaqda işğaldan azad olunan şəhərlərini, kəndlərini tikib-qurmağın var.

Sənin qabaqda oraları yurd kimi qəbul etdirməli olduğun yeni nəsil tərbiyələndirməyin var.

Bunları nə ilə etməyi düşünürsən? Qavalla, ya zəngulə ilə?

***

- Allah nə deyir?

- Deyir, oxu, amma mahnı yox, elm…


TƏQVİM / ARXİV