adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 May 2020 17:22
49919
LAYİHƏ
A- A+

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ ANA DİLİ MƏSƏLƏLƏRİ

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq ədib, demokrat yazıçı, nasir, pedaqoq, ədəbiyyatşünas, publisist, maarifpərvər ziyalı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi may ayının 17-də tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamı ilə yazıçının həyat və yaradıcılığının, bədii-publisist irsinin yenidən araşdırılması və təbliği sahəsində növbəti mərhələ başladı. Ə.Haqverdiyevin adının UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi də qüdrətli söz ustasının çox geniş ədəbi yaradıcılığına verilən yüksək dəyərin ifadəsidir.

Böyük yazıçının anadan olmasının 150 illik yubileyinin keçirilməsi elmi ictimaiyyətin, filoloqların diqqətini yenidən həmin irsin araşdırılmasına yönəltdi.

Ümumxalq məhəbbəti qazanmış, gündəmdən düşməyən, yaddaşlardan silinməyən Ə.Haqverdiyevin yaradıcılığı ətrafında canlanma yarandı. Yubiley münasibətilə dalğalanan tədbirlər silsiləsi yazıçının unudulmaz irsinə ayna tutmaqda davam edir.

Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli yaradıçılığının müəyyən istiqamətlərindən biri də ana dili məsələləridir. Doğma vətəninin ictimai həyatında fəal iştirak edən vətənpərvər ziyalı xalqımızın mədəni-ictimai həyatındakı bütün çatışmamazlıqlar kimi Ana dilinin probləmləri də onu hər daim narahat etmişdir. Dövrün ədəbi dil normasının müəyyənləşməsində həmin dövrün görkəmli ziyalıları ilə yanaşı Əbdürrəhim bəy Haqverdiyev də əlifba, orfoqrafiya, milli terminologiya məsələlərinin ətrafında gedən mübarizələrdən kənarda qalmamış, dilçi alimlərlə daha yaxın münasibətdə olan ədib dil məsələlərinin müzakirəsində mərkəzi mövqe tutmuşdur. Həmçinin Ə.Haqverdiyev onu narahat edən ötən əsrin ilk iki on illiyinin dil və əlifba məsələləri haqda mətbuatda çıxışlar etmişdir.

Onun "Ədəbi dilimiz haqqında"kı dəyərli məqaləsi o dövrün qızğın müzakirələrindən aldığı təəssüratın nəticəsidir. Məqalədə ədəbi dilin inkişafında bədii ədəbiyyatın və mətbuatın rolundan, əlifba, orfoqrafiya, terminologiya məsələlərindən danışır. Ədəbi dilin inkişafına mane olmaqda davam edən müəyyən nöqsanları qeyd edir. Ədəbi dilimizin qarşılaşdığı problemləri vətəndaş yanğısı ilə qələmə aldığı "Ədəbi dilimiz haqqında" əsəri həqiqətən də öz dövrünün ən aktual və acınacaqlı dil hadisələrinə həsr olunmuşdur. "Ədəbi dilimiz varmı, yoxmu" problemini ortaya qoyduğu bu əsərdə müəllif mətbəələrin doğma ana dilimizdə kitab çap etməməsindən şikayətlənir: "Türklərin bir mətbəəsi yox idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi üçün olub, bərbad bir halda idi. Bu səbəbdən məktəblərdə tədris kitabları və camaatın oxuduğu kitablar ancaq "Leyli və Məcnun", "Gülüstan", "Bustan", "Tarixi-Nadir" və bu qəbil İranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilinə tam mənasilə ağalıq edirdi. O vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar". Ə.Haqverdiyev XX əsrin əvvəllərində Azərbaycanda mətbəələrin qurulması, müxtəlif qəzetlərin işıq üzü görməsi, ədəbiyyat kitablarının çapı, maarif cəmiyyətlərinin, dram dərnəklərinin təşkil olunması yolunda ziyalıların fəaliyyətlərini yüksək qiymətləndirməsinə baxmayaraq, o dövürdə qüsurları, nöqsanları da qeyd etməkdən çəkinməmişdir.

Həmin məqalədə həm məişət leksikasına, həm də ədəbi dilimizə fars dilinin qrammatik normalarının yamanmasını, təyini söz birləşməlirini yerinə daha çox izafət tərkiblərindən istifadənin ənənə halını almasını da ifşa edirdi. Hətta Mirzə Fətəli Axundovun komediyalarını Azərbaycan dilində yazmasını təqdir edən nasir fars sözlərinin çoxluğundan da şikayət edir. Həmçinin M.F.Axundovun öz tərcümeyi-halını fars dilində yazmasını və onun da o dövrün qəzətlərində də çap olunmasından narazı qaldığını dilə gətirir.

Təbii ki, o dövrdə bütün Azərbaycan ziyalıları eyni mövqedən çıxış etmirdi. Maraqlı burasında idi ki, ədəbi dilin taleyinə heç kəs laqeydlik göstərmir, müxtəlif siyası cəbhələrdə milli ədəbi dilin normasına münasibət baş qaldırır. Milli normanın ana dili üstündə qurulmasını tələb edən demokratik qüvvələrin önündə gələnlərdən biri kimi Ə.Haqverdiyev "Əkinçi", "Kəşkül" və sairənin də nümunəvi ədəbi dil yarada bilmədiyini və bu qəzetlərdəki rus və fars dilindən çox söz istifadə edilməsini və oxucunun mütləq lüğətdən istifadə etməyə məcbur qaldığını ürək ağrısı ilə qələmə alır. Ə.Haqverdiyev ziyalıların, ədəbiyyat adamlarının ana dilinin saflığana xələl gətirməsini ictimaiyyətə bu şəkildə çatdırır: "Ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular".

Ayrıca ədib dilimizin morfologiya və sintaksisinə həsr olunan qrammtikaya aid vəsaitlərlə bağlı onu da vurğulayır ki, "ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram".

Bu dövrdəki dil meyillərini düzgün təhlil edərək doğru olaraq konkretləşdirərkən belə yazır:

"Sultan Əbdülhəmid zamanında Osmanlı ədibləri hökumətin təhriki altında Osmanlı türk ədəbiyyatının cəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yolunda cidd-cəhd edirdilər". Ə.Haqverdiyev ədəbi dil və Azərbaycan ədəbi dili anlayışlarına nəzər yetirir, ədəbi dilin pozulması və ya olmaması məsələsində yad dillərin təsiri altında oxuyub-yazan ziyalıları, mətbuat aləmini ciddi günahlandırır. Ə.Haqverdiyev osmanlı ləhcəsi ilə ədəbi dili müəyyənləşdirmək istəyən ziyalıların ideya mənşəyinin Osmanlı dövləti ilə bağlı olduğunu yazır:

"Əlibəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə "Füyuzat"ı nəşrə başlayıb, türk Azərbaycan dilini osmanlılaşdırmağa qədəm qoydu.

Bunun müqabilində "Molla Nəsrəddin"in amansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu altına çəkdi".

Öz dövrünün müasir gəncliyinə, ələlxüsus da, cavan ədib və şairlərin bəzi jurnal və qəzetlərin təsirinə düşməməsini, ana dilinin saflığına zərərər verməsini ədəb "gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: "sırt"-çiyin, "erkək"-kişi. "ərkək" sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür" və s. məqamlara toxunaraq həyəcan təbili çalırdı. Göründüyü kimi Ə.Haqverdiyev Azərbaycan dilini osmanlılaşdıranlara qarşı mübarizənin ön cərgəsində dayanır və bu dili "osmanlı dilinin pozuq şivəsi" hesab edənlərə və onu hər cür yersiz alınmalarla korlamağa çalışanlara qarşı tutarlı faktlarla cavab verir.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.