adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 May 2020 18:10
58882
İQTİSADİYYAT
A- A+

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

Dövlətimizin ayrı-ayrı sahələrdə həyata keçirdiyi tədbirlər əsasında ictimai-siyasi və iqtisadi sabitlik əldə edilmiş, sürətli inkişaf meylləri təşəkkül tapmışdır. Odur ki, insanlar daha az riskə getdiklərini düşünərək, yaçayış sahəsinə olan tələbatlarını təmin etmək məqsədilə, eyni zamanda müəyyən fayda qazanmaq imkanı əldə etdiklərini (qiymətlərin qalxması və ya icarə hesabına) nəzərə alaraq sərbəst vəsaitlərini daşınmaz əmlaka yönəldirlər. 

Əmlakın daimiliyi və daşınmaz əmlak bazarının stabilliyi üçün onun maliyyələşməsində kredit mühüm rol oynayır. Banklar ənənəvi olaraq məhz daşınmaz əmlakı maliyyələşdirirlər.

Daşınmaz əmlaka təlabatın təmin olunmasının, həmçinin investisiya qoyuluşunun əsas növlərindən biri ipoteka kredit sistemi sayılır. Bazar münasibətləri inkişaf edən ölkələrdə ipoteka kredit sistemi daşınmaz əmlakla əməliyyatlarda əsas yer tutur. Kredit obyektindən asılı olaraq bu kreditin müxtəlif növü var. Obyektin növündən asılı olaraq ipoteka krediti yaşayış sahəsinin əldə edilməsi, torpaq sahəsinin alınması, yaşayış binasının tikintisi və yaxud qeyri-yaşayış sahələrinin tikintisinın ssudası kimi qəbul olunur.

İpoteka kreditləşməsinin rəsmiləşdirilməsi zamanı notariat xidmətləri zəruri rol oynayır və sənədləşdirmənin hüquqi təminatını həyata keçirir. Azərbaycan Respublikasında "Elektron notariat" informasiya sisteminin imkanları təkmilləşdirilmiş və bu, elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, operativliyin təmin olunmasına gətirib çıxarmışdır.

Notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilmişdir. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, əvvəllər tələb edilən sənəd və arayışların elektron qaydada əldə edilməsinə və bununla da digər qurumlara müraciət olunması zərurətinin aradan qaldırılmasına xidmət edir. Daşınmaz əmlaka dair bağlanan qarışıq müqavilələrdən biri güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsidir. Qarışıq müqavilə müxtəlif müqavilələrin elementlərini özündə əks etdirməklə ümumi məqsəd daşıyır. Əgər ayrı qayda haqqında razılığa gəlməmişlərsə, qarışıq müqavilə üzrə tərəflərin münasibələrinə qarışıq müqavilədə elementləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. İpoteka əlavə öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir və öhdəliyin gələcək icrasını təminatlı edir.

"Elektron notariat"informasiya sistemi vasitəsi ilə notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi, notariat hərəkətləri üzrə sənədlərin elektron məlumat bazasında axtarışının aparılması, statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və digər qurumlara elektron formada göndərilməsi təmin edilir. Həmçinin, yeni sistem vasitəsi ilə notariat hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların və QR kodların əks olunması, notariat hərəkətlərinə dair sənədlərin layihələrinin informasiya sistemi vasitəsilə hazırlanması, informasiya sisteminin istifadəçiləri üçün şəxsi elektron kabinetin təşkili, arxiv notariat sənədlərinin elektron nüsxələrinin bazasının yaradılması, inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin hesablanması və digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi imkanı yaradılmışdır.

Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Daşınmaz əmlakın dövlət reyestrinə sorğu xidməti notariat hərəkətinin predmeti olan daşınmaz əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron çıxarışın "Elektron hökumət" portalından, eləcə də onların məhdudlaşdırılması (yüklülüyü) barədə arayışların Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron qaydada əldə edilməsi üçün nəzərdə tutulub.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli, 606 nömrəli Fərmanına əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilməsi ilə əlaqədar "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə olunur. Sərəncam verən tərəfin öhdəliklərinin və əmlakın mövcud yüklülüyünün yoxlanılması məqsədilə əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin keyfiyyət qrupları, şərti balları barədə məlumat notarius tərəfindən müvafiq informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə olunur. Bundan başqa, bəyannamələrin elektron tərtibi xidməti daşınmaz əmlakın təqdim edilməsi üzrə hesablanmış sadələşdirilmiş vergiyə dair bəyannamələrin avtomatlaşdırılmış formada tərtibi və aidiyyəti üzrə elektron formada göndərilməsi üçün istifadəyə verilmişdir.

Notarius daşınmaz əmlakın dövlət reyestriobyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərir.

Bu isə vətəndaşın qeydiyyat orqanına həmin müqaviləni və hüquqların qeydiyyata alınmasına dair ərizəni təqdim etməklə əldə edilmiş hüquqlarının qeydiyyatının aparılması ilə əlaqədar yaranan vaxt itkisi, gündəlik iş planlamasının pozulması, kağız daşıyıcıda sənədlərin salamatlılığının qorunması və sair halların qarşısını alır və bu prosesi daha səmərəli edir. Belə ki, artıq "Elektron notariat" informasiya sistemi vasitəsilə qeydiyyat orqanına göndərilən daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqların qeydiyyatı aparılır.

Sərəncam verilən yaşayış sahəsində yaşayış yeri üzrə fiziki şəxsin qeydiyyatda olması barədə məlumat "Elektron notariat" və "Giriş-çıxış və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilir və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığı alınır.

Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsi və Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. Belə ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

Bunun üçün sərəncam verən tərəfin əmlakı birgə nikah dövründə əldə edib-etməməsi, həmçinin əvəzli və ya əvəzsiz əqdlə əldə etməsi yoxlanılır və buna müvafiq olaraq daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı alınır. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə mülkiyyətçi fiziki şəxsin ölməsi halı və subay olub-olmaması barədə məlumat əldə olunur. Habelə əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrinin, etibarnamələrin hüquqi statusu, notariat hərəkəti aparılan vaxt yəni qüvədə olub-olmaması real vaxt rejimində yoxlanılır.

Göründüyü kimi, mülki dövriyyənin dairəsinin genişlənməsi ilə əlaqədar bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlar, normativ bazanın təkmilləşdirilməsi, mütərəqqi innovasiyalar nəticəsində "Elektron notariat" informasiya sisteminin imkanlarının artması fiziki və hüquqi şəxslərin notariat hərəkətlərinin aparılmasını, o cümlədən ipoteka kreditləşməsinin rəsmiləşdrirlməsini asan, çevik və səmərəli etmiş və bu da öz növbəsində vətəndaş məmnunluğunu şərtləndirmişdir.

Tamerlan Qurban,

Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinin notariusu