adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AY ÖLKƏSİ

İRADƏ TUNCAY
54455 | 2007-11-17 04:31

 Qadın olmaq... Qadın olmaq çətindir, bəs lider olmaq? O da çətindir. Qadın lider olmaq? Ay aman, müsibətdi. Bəs Şərq ölkəsində qadın olmaq, lider olmaq, qadın lider olmaq necə? Cavab verə bilmirəm...
   
   ***
   
   Paris. Məşhur Monmartrda pilləkənlərin üstündə oturub əqidə dostundan sevgi sözləri eşidir, evlilik təklifi alır. Amma əqidə dostu başqa dinə mənsubdu. Onun vətənində isə belə günahları bağışlamırlar. Onun böyük, bir zaman qüdrətli, indi isə ingilis aslanının pəncələri altında inləyən vətəni - Hindistan. Ancaq mənsub olduğu ailə də başqa ailələrə bənzəmir. Ailə onu anlayacaq...
   
   ***
   
   Onun atası Hindistanın görkəmli siyasi və dövlət xadimi, ölkəsinin istiqlaliyyəti uğrunda savaşın rəhbərlərindən biri və ilk baş naziri idi. İstiqlal uğrunda savaş bu ölkədə əsrlərlə davam etmişdi. Britaniya ağalığına qarşı mübarizə sözü ancaq dildə asan görünə bilər. Böyük olsa da cəhalət və səfalət girdabında çabalayan Hindistanın müstəmləkə zülmünə müqaviməti güc nisbətində uduzurdu. XX əsrin əvvəllərində müqavimət hərəkatı güclənməyə başladı. Və parlaq şəxsiyyətlər gündəmə gəldi. Millətlərin həyatındakı əzəmətli dövrlər haqqında, dahi kişilər və qadınlar haqqında, keçmişdə baş vermiş hadisələr haqqında oxuyanda hərdən özümüzü həmin dövrə qaytarmaq istəyirik. Və tarixin gedişatını dəyişən fərdlərin özəlliklərini öyrənmək istəyirik. Adi kişilər və qadınlar adətən qəhrəman olmurlar. Onları düşündürən gündəlik ruzidi, uşaqlarıdı, təsərrüfat qayğısıdı və buna bənzər başqa şeylərdir. Ancaq bəzən elə bir vaxt gəlib çatır ki, o zaman bütün xalqın qəlbi böyük əməllər eşqinə inamla dolur və bu vaxt ən adi kişilər, qadınlar belə dönüb qəhrəman olur. Tarix mühüm hadisələrlə dolğunlaşır.
   
   Təbii ki, onların ailəsi sıradan bir ailə deyildi. Neçə nəsil Londonda oxumuş, vəkillik ixtisası ilə vətənə dönmüş və dönüşdən sonra vətəndəki acı gerçəkliklə üzbəüz qalmışdılar.

TƏQVİM / ARXİV