adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 May 2020 11:20
13839
SİYASƏT
A- A+

Kamaləddin Qafarov: DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur

Ölkəmizdə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində aparılan işlərin həcmi və coğrafiyası gündən-günə genişlənir.

Bu sözləri Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Mərkəzlərdə xidmətlər sistemləşdirilmiş formada "bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində göstərilir. Həmin xidmətlərin siyahısına əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrlə bağlı 126 xidmət növü daxildir.

K.Qafarov bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlər sisteminin innovativ yanaşmalara əsaslanan modern, çevik iş prinsipinə malik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin bərqərar edilməsidir.

Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 3 saylı DOST mərkəzinin açılışında iştirakı, bu sosial layihəyə verilən önəmin və sözügedən sahədə görülən işlərin, aparılan islahatların nəticəsinə olan marağın əyani sübutudur. Prezidentimiz AzTV-yə müsahibəsində bildirib ki, vətəndaşların bu layihəni bəyənmə əmsalı 96 faizə çatmışdır. İnnovativ inkişaf , həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən, məqsədlərindən və atributlarından biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması nəzərdə tutulur.

Millət vəkilinin fikrincə, DOST mərkəzləri vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi, daha əlçatımlı şəkildə yararlanması üçün yeni bir imkandır. Burada müxtəlif bürokratik əngəllərlə birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, şəffaflığın yüksəldilməsinə gətirib çıxaracaqdır.

Yaxın perspektivdə - 2020-2025-ci illərdə ölkəmizdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. «ASAN xidmət», ABAD, DOST kimi sosial layihələr təkcə ölkəmizdə deyil, hətta onun hüdudlarından çox-çox uzaqda da geniş maraq doğurub və bu prosesin davamlı olacağı gözlənilir. Bütün dünyanı bürüyən koronavirus pandemiyasına baxmayaraq, ölkəmizdə iqtisadi tərəqqi, artan maliyyə imkanları güclü sosial siyasətin davamlılığını təmin edir.

K.Qafarov əlavə edib ki, Azərbaycan yaranmış ekstremal şəraitdə nəinki iqtisadi inkişaf tempini, makroiqtisadi sabitliyi, maliyyə stabilliyini qoruyub saxlamış, hətta bu günə qədər daha çox köməyə ehtiyacı olan 13 ölkəyə və 3 beynəlxalq təşkilata da yardım göstərib.

Millət vəkili sonda bildirib ki, DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramının növbəti, uğurlu bir səhifəsidir. Bu uğurun qayəsində şəffaflıq, düzlük, operativlik, innovativlik və vətəndaşlara yüksək nümunəvi xidmət dayanır. Heç şübhə yoxdur ki, DOST mərkəzlərinin çoxaldılması sosial məmnunluğu daha da yüksəldəcək, vətəndaşlara daha sivil sosial xidmət göstərilməsini təmin edəcəkdir.