adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 May 2020 18:07
14728
SİYASƏT
A- A+

DOST mərkəzlərinin coğrafiyasının genişlənməsi sosial təminat siyasətinin tərkib hissəsidir

Azərbaycanda DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi əslində əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda şəffaflığın artırılması kimi mühüm məqsədlərə xidmət edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, bir neçə gün əvvəl Nizami rayonunda fəaliyyətə başlayan 3 saylı DOST mərkəzi də ölkəmizdə həyata keçirilən sosial təminat siyasətinin davamıdır:

"Məhz bu mərkəzin fəaliyyətə başlaması ilə il ərzində ümumilikdə 150 mindən artıq vətəndaşa sosial xidmət göstəriləcək. Üstəlik, bu mərkəzlərdə sosial xidmətlərin keyfiyyəti də yüksək səviyyədədir və bu xidmətlər bütün əhali təbəqəsini əhatə edir. Yəni, burada da ünvanlılıq və əlçatanlıq prinsipləri tam qorunur.

Bu gün bütün vətəndaşlar dövlətin diqqətindədir. Xüsusilə cəmiyyətin həssas təbəqəsinin üzvəri xüsusi qayğı ilə əhatə olunublar. Təsadüfi deyil ki, bu günə qədər 7600 şəhid ailəsinin mənzil-məişət şəraiti yaxşıladırılıb. Cənab Prezdient də vurğuladı, bu il eyni zamanda 1500 şəhid ailəsinə mənzillərin verilməsi nəzərdə tutulur, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Biz eyni diqqət və qayğını pandemiya dövründə də müşahidə edirik. Belə ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilib, 600 min insana sosial yardım verilib. Bu, bir daha onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Deputatın sözlərinə görə, məlum olduğu kimi, DOST mərkəzlərinin ölkə üzrə coğrafiyası daha da genişlənəcək. Bu mərkəzlərin fəaliyyətə başlaması həm sosial xidmətlərin əhatə dairəsinin genişlənməsi, həm də vətəndaş məmnunluğunun təmin olunması və ən əsası, yeni iş yerlərinin yaradılması deməkdir:

"Yeni iş yerlərinə isə nəticə etibarı ilə intellektual, peşəkarlıq baxımından ən yüksək meyarlara cavab verən gənclər cəlb olunur ki, bu da ölkəmizdə insan kapitalının sistemli və effektiv idarə edilməsinin göstəricisidir”.