adalet.az header logo
  • Bakı 16°C
21 May 2020 10:30
15702
GÜNDƏM
A- A+

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Bəlli olduğu kimi, dünyanı cənginə alan COVİD-19 virusunun insan həyatının bütün sahələrinə təsiri qaçılmaz oldu. Yəni bu virus bir xəstəlik olaraq təkcə sağlamlığımıza deyil, həyat tərzimizə də, maddi durumumuza da, böyük anlamda isə iqtisadiyyatımıza, siyasətimizə də icazəsiz, izinsiz müdaxilə etdi. Və bir də baxıb gördük ki, dünyanın ən aparıcı dövlətlərindən tutmuş, Afrikanın, Asiyanın hələ ötən əsrlərdə qalan dövlətlərinə qədər hər birində insanlar məhz bu virusun həmlələrindən sonra eyni mövzunu yaşamağa, dilə gətirməyə məcbur olublar. Bax, elə bu da müəyyən mənada dünyanın ümumi bəlaya qarşı hardasa həmrəyliyi kimi də özünü büruzə veribdi.

Təbii ki, biz müstəqil dövlət olaraq bəşəri bəlaya çevrilən COVİD-19-a qarşı mübarizədə öncə öz insanlarımızı, yəni Azərbaycan vətəndaşlarını – onların sağlıq durumunu, maddi vəziyyətlərini daha çox düşünməyə başladıq. Bu prosesin ilk mərhələsində artıq Azərbaycan Prezidenti özünün qətiyyətini ortaya qoydu. Onun qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar qabaqlayıcı addımlar kimi bəşəri bəlanın tempini aşağı salmağa, insanlarımızın qorunmasının mexanizmini işləyib hazırlanmasına imkan verdi. Bu mexanizmin hərəkətə gətirilməsində isə ölkə iqtisadiyyatının bəlli durumu əsas vintlərdən biri idi. Yəni Azərbaycanın dinamik inkişafı təkcə regionda deyil, həm də dünya müstəvisində daxili sabitliyi, iqtisadi uğurları və ölkə prezidentinin şəxsi nüfuzu imkan verdi ki, qısa bir zamanda ən zəruri tədbirlər gerçəkləşdirilsin. Bax, bu mənada prezidentimiz cənab İlham Əliyevin həm türkdilli dövlətlətin, həm beynəlxalq təşkilatların, həm dünyanın söz sahibi olan Rusiya, Amerika, Almaniya, İngiltərə və digər dövlətlərin başçılarıyla telefon danışıqları, videokonfransları xalqımızda böyük ümidlər yaratdı. Bu psixoloji təsir insanlarımızı öz prezidenti ətrafında daha da birləşdirdi. Hər kəs birmənalı olaraq anladı ki, Azərbaycan prezidenti onun bu gününün, sabahının qarantıdı.

Ölkəmizin iqtisadi, sosial durumu elə bir formada inkişaf proseslərindən keçib bu günümüzə gəlib ki, artıq ona güvənmək və bəhrələnmək mümkündür. Bu mənada ölkədə həyata keçirilən iqtisadi islahatlar həm vətəndaşların, həm də Azərbaycanın özünün durumuna müsbət təkanlardır. Belə ki, gerçəkləşən dinamik inkişafın təmin olunmasıyla paralel iqtisadi fəaliyyətin və gəlirlərin də tam şəffaflaşdırılması Azərbaycan insanının öz iqtidarına və bütövlükdə dövlətinə etimadını daha da yüksəldir. Çünki "kölgə” iqtisadiyyatı öz fəaliyyətilə insanlarda müəyyən fikirlərin yaranmasına səbəb olur. Cənab İlham Əliyevin bu məqamda qəbul etdiyi qərarlar, yəni gerçəkləşdirilən islahatlar həmin o "kölgə” iqtisadiyyatının qol-budağının doğranmasına, əhəmiyyətinin kiçilməsinə, eyni zamanda, azad rəqabətin vüsətinə gətirib çıxarır. Və deməli, bu da həm qarşılqılı inama, həm də iqtisadi inkişafa yaradılan bir şərait deməkdir. Əgər son illərin mənzərəsini göz önünə gətirsək, görərik ki, artıq ölkədə iqtisadi fəaliyyətin bütün sahələrində şəffaflığa ciddi şəkildə meydan verilmiş və insanlar da öz bizneslərinin qurulmasında daha da maqarlı olmuşdular. Yeri gəlmişkən onu da vurğulayım ki, bu da dövlət-biznes münasibətlərinin daha sağlam əsaslara söykənməsinə imkan vermişdi. Statistik məlumatlara istinad etsək onda görərik ki, bu ilin birinci rübündə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolma 1,4 milyard manatı üstələmişdi. Bax, elə bu gəlirlə paralel olaraq da əmək haqqı fondu da artmışdı. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmışdır ki, bu artımın da 99 mini özəl sektorun payına düşmüşdü.

Ölkə Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib. Bu fikrimizin şərhinə diqqət yetirsəniz onda görərsiniz ki, Azərbaycan prezidentinin tapşırığı ilə ölkədə karantin rejiminin tətbiqinə başlanandan və hər kəsin "evdəqal” çağırışına səs verdiyi gündən əksər sahələrdə işlər dayandırılsa da, ancaq işçilərin əmək haqları dövlətin dəstəyi ilə ödənilmiş, bununla yanaşı, həm də işsizlərə, maddi durumu aşağı səviyyədə olan vətəndaşlara dövlətin hesabına maliyyə yardımları edilmişdir. Bu fikri rəqəmlərlə ifadə etsəm, onda deyə bilərəm ki, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundular. Tədbirlər planına uyğun olaraq cənab İlham Əliyevin sərəncamı ilə zərər çəkən sahələrə 900 min manat birbaşa kompensasiya ayrıldı. Üstəlik, bu zaman kəsiyində muzdlu işçilərin iş yerlərinin qorunması, zərərçəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, onlara geniş vergi güzəştlərinin verilməsi istiqamətində də addımlar atılaraq 1,5 milyard manat bank kreditlərinə dövlət zəmanəti həyata keçirilməklə onların fəaliyyətləri subsidiya edildi.

Bəlli olduğu kimi, qeyri-formal fəaliyyət göstərən sahibkarlar, şəxslər adətən dövlət dəstəyindən məhrum olurlar. Bu, təbii bir prosesdi. Yəni onlar "kölgədə” olduqlarından dövlətlə əməkdaşlıq fəaliyyətlərini itirirlər. Ona görə də indiki durumda dövlət bütün güzəştləri yalnız onunla əməkdaşlıq edən sahibkarlara və vətəndaşlara şamil etdi. Bu həm də "kölgədə” qalanlara gerçəyi anlamaq yolunda bir addım sayılmalıdır. Çünki dövlətin dəstəyindən uzaq düşməmək üçün şəffaf fəaliyyətə üstünlük vermək, dövlətin yanında olmaq lazımdır. Öz vətəndaşlarının durumunu həmişə ön cərgədə saxlayan Azərbaycan iqtidarı söylədiyimiz məqamlara baxmayaraq, qeyri-formal məşğulluq sahəsində olanlara, eləcə də "kölgədə” qalan vətəndaşlara indiki durumda öz dəstəyini göstərir. Bu dəstəyin əsas göstəricilərindən biri də 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsaitin ayrılması üçün aprel ayının 17-də cənab İlham Əliyevin videobağlantı formasında keçirdiyi iclasda verdiyi tapşırıq, söylədiyi fikirlər vətəndaşlarımız tərəfindən yüksək anlayışla qarşılandı. Prezidentimiz söylədi ki, "bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridi. Eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardı. Onların da problemini dövlət öz üzərinə götürür”.

Bu fikrin özü Azərbaycan Prezidentinin vətəndaşlarımıza, bütövlükdə bizim hər birimizə göstərdiyi diqqətin gerçək və tam səmimi ifadəsidi. Yəni biz həm söylənilən fikirdən, həm o fikrin arxasındakı səmimiyyətdən və konkret rəqəmdən gördük ki, Azərbaycan Prezidenti sağlıq durumu ilə yanaşı, onların sosial durumunu da diqqət mərkəzində saxlayır. Elə həmin çıxışının davamı olaraq Azərbaycan Prezidenti sahibkarlara da, iş adamlarına da, imkanlı şəxslərə də açıq formada səslənmişdi. O, vurğulamışdı ki, "Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm, bir daha əmək müqaviləsi olmadan işləməyin, tələb edin”. Bu çağırış həm də hüquqi dövlətin öz vətəndaşına dayaq durması üçün gərək olan addımın atılmasına bir işarədir. Yəni hər kəs öz əmək hüququnu qiymətləndirməyi bacarmalı, onun qanuni əsaslara söykənməsi fəaliyyətinə üstünlük verməlidir.

Artıq pandemiyaya qarşı mübarizənin qismən yumuşalmış zaman kəsiyində olsaq da, bu heç də o demək deyil ki, artıq hər şey bitib və insanlar yenə öz əvvəlki həyat tərzlərinə üstünlük verməlidilər. Xeyr, gerçək olan budur ki, problem qalır və o özünün daha sərt dönüşünü sərgiləyə bilər. Bax, elə bu səbəbdəndir ki, Azərbaycan Prezidenti Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezon istehsalı müəssisələrinin açılışında çıxış edərkən vurğulamışdı ki, "Bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Ona görə də mən birmənalı şəkildə demişdim ki, ilk növbədə vətəndaşların sağlamlığı onların həyatıdır”.

Zənnimcə, cənab prezidentin bu fikirləri artıq ölkənin COVİD-19-a qarşı səfərbər olmuş bütün strukturlarının fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Və sevindirici haldır ki, elə bu cür də var. Çünki Azərbaycan səhiyyəsinin çevikliyi, karantin rejiminə nəzarət edən gün strukturlarının, xüsusilə də polisin fəaliyyəti insanlarımızın qorunmasında, həyat fəaliyyətinin bərpa olunmasında öz sözünü dedi. Bu gün daha çox önəmli olan məsələ isə virusun iqtisadiyyatımızda, bütövlükdə həyatımızda açdığı acı izləri, acı nəticələri ortadan qaldırmaqdı. Bunun üçün Azərbaycan Prezidentinin dediyi kimi, "burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətlərini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdır...”

Bəli, biz özümüzdən asılı olmayan səbəbdən həyatın daha bir sınağı ilə qarşılaşdıq, bu zaman kəsiyini yaşamağa məhkum edildik. Ondan nəticə çıxarmaq və həyatın tələblərini qiymətləndirib əsl gerçəyin yanında olmaq, xüsusilə iqtisadi fəaliyyətimizdə qanunun aliliyini, məsuliyyətimizi yüksəkdə tutmaq hər birimizin vətəndaş borcudu. Belə olarsa, yəni biz bu borcu dəyərləndirə bilsək, onda məruz qaldığımız iqtisadi itkilərdən birlikdə çıxa biləcəyik. Bu birlik bizi qaranlıqdan işığa aparır. Gəlin, birlik həmin yolu tutaq.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist