ƏZİZ İNSAN

İRADƏ TUNCAY
46277 | 2007-11-15 04:09

 

Bəzən olur ki, çox yaxşı tanıdığın birisi haqqında nəsə yazacağını düşünürsən, qələmini əlinə alanda qələm işləmir. Çək-çevir edirsən, nə yazım, nədən yazım - iş fəaliyyətindən, şəxsi keyfiyyətlərindən? Bəzən də olur ki, ilk görüş insan haqqında böyük təəssüratlar verir. Nə qohumluq əlaqələrin olur, nə yaxın münasibətlərin, amma bu adam sənə məhrəmdir. İnsanlar arasında təkcə qan bağlılığı yox, həm də ruh körpüləri var. Və həmin adamlar bu fani dünyadan köç edib bizdən ayrılanda anlayırsan ki, ətrafında bir çöküntü, bir dağıntı var. Heç bir yeni tikili də bu köhnə özüllü adamları əvəzləməyəcək. Dünya sənin üçün boşalır...
   
   Mən bu ailə ilə çoxdan, təxminən 17-18 il əvvəl tanış olmuşdum. O vaxt dövlət televiziyasında çalışırdım və çox populyar "Dalğa" verilişinin içində Azərbaycanın çox işıqlı bir ziyalısı Kərim bəy Mehmandarov haqqında süjet hazırlamaq fikrim vardı. �urnalist Vasif Quliyev mənə Mehmandarovun nəvəsinin telefonunu, ev ünvanını verdi. Zəng etdim, danışdım, getdim evlərinə. Babası ilə bağlı məlumatlar alanda Elmira xanım: "Siz kim haqqında soruşursunuz? Kərim bəy, yoxsa Həbib bəy?" dedi. Doğrusu, o vaxt mən Elmira xanımın ata babasının da xalqa, millətə böyük xidmətlər vermiş Həbib bəy Mahmudbəyov olduğunu bilmirdim. "Kərim bəy"- dedim. Sonra Həbib bəydən də yazacağımı düşündüm. O zaman Elmira xanım nisbətən cavan idi. Bütün faktları dəqiqliklə xatırlayırdı. Söhbət əsnasında bu sadə, bəzək-düzəksiz evdə nə qədər böyük xəzinənin yatdığını fikirləşirdim. Elmira xanımın həyat yoldaşı Əziz müəllim sakit qulaq asırdı. Söhbətimizə müdaxilə eləmirdi. Danışanda isə başqa ailə üzvlərindən fərqli olaraq ancaq Azərbaycan dilində danışırdı. Süjet hazırlandı, efirə getdi. Həbib bəy haqqında fikirlərimi isə həyata keçirə bilmədim. Qarışıqlıq dövrü başlandı, televiziyada sədr dəyişiklikləri, mənim işdən getməyim... Bu mövzuya ancaq 2002-ci ildə qayıda bildim. O zaman artıq başqa televiziya kanalında çalışırdım və o zaman həmin kanalda Azərbaycan tarixinə, mədəniyyətinə yönəlik verilişlərə xüsusi həssaslıqla yanaşılırdı. Bu dəfə irihəcmli nəsə hazırlamaq niyyətim vardı. Yenə zəng elədim, telefon dəyişməmişdi. Getdim evlərinə, ünvanları da eyni idi. Evin zahiri görkəmi də dəyişməmişdi. Elə həmin sadə, bər-bəzəksiz ev. Evin sakinləri isə yaşlanmışdılar. Elmira xanımın yaddaşı artıq faktları həmin sıralamayla, həmin xronologiya ilə xatırlaya bilmirdi. Bu dəfə köməyimə Əziz müəllim çatdı. İndi ölümündən sonra ilk cümə axşamında minnətdarlıqla xatırladığım Əziz müəllim. Hər şəklin, hər məktubun, hər sənədin yerini dəqiqliklə göstərən və bu nəsnələrə diqqətlə yanaşan, qədrini bilən Əziz müəllim. Xanımının şəcərəsini nəzərə alsaq, Əziz müəllim çox sadə bir ailədən çıxmışdı. Amma qırmızı terror illərində xalq düşməninin qızı ilə evləndiyinə görə böyük qəhrəman da sayıla bilərdi. Bunun üstünə onun partiya - dövlət orqanlarında işlədiyini də gəlsək necə səbatlı bir insan olduğu aydın görünəcək. Görürdüm ki, ailənin vaxtilə gizlətməyə məcbur olduğu sinfi mənsubiyyəti həm də qürur mənbəyidir. Belə nəsil hər adamın payına düşməz ki. Bir tərəfdən Qacarlar, bir tərəfdən Cavanşirlər, bir tərəfdən Mehmandarovlar, o biri tərəfdən Mahmudbəyovlar. Azərbaycanın tarixində iz qoymuş ziyalı təbəqəsi. Əziz müəllimin bu nəsillə qohumluğu Elmira xanım vasitəsilə olmuşdu. Amma içində elə böyük nəciblik, əsalət vardı ki, zadəgan kimliyi olmasa da, onlardan daha artıq əsilzadə idi.
   
   ... Onunla görüşlərimi, telefon söhbətlərimi xatırlayıram. Bəzən olurdu ki, hansısa bayramda zəng eləməyi unudanda özü telefon açıb məni təbrik edirdi. Çox sadə, həm də çox zəngin bir daxili vardı. Canlı tarix idi, dünyada gördükləri çox olmuşdu. İndi təəssüf hissi ilə düşünürəm ki, gərək onunla daha çox söhbət edəydim, daha çox soruşaydım. Bu adamlar bir-bir həyatımızdan çıxıb gedirlər. Və mənəvi dünyamız boşalır...
   
   Elmira xanımın vəfatından az sonra telefon açdım. Səsi titrəyirdi:
   
   - Bilirəm, qızım, hər şeyi başa düşürəm. Ağlımla başa düşürəm, amma ürəyim barışmır. Son vaxtlar gecələr tez-tez ayılıb baxırdım, nəzarət edirdim ki, durub yıxılmasın. İndi də ayılıram, boş çarpayısına baxanda başıma hava gəlir. Zarafat deyil, gör neçə illər bir yerdə yaşamışıq.
   
   O zaman düşündüm ki, yaşının fərqi yoxdu. Bütün kişilər xanımlarından sonra yetim uşaq olurlar. Halbuki Elmira xanım həyatının son illərində çox zəifləmişdi. Övladları da, gəlinləri də qulluğunda dursalar da Əziz müəllim onu kimsəyə etibar etmirdi və daha artıq əziyyətlərə də qatlaşmağa hazır idi...
   
   Özü haqqında danışmağı sevməzdi. Bir dəfə sözarası siqaretin ziyanından danışanda nə vaxtsa Tütün fabrikinin direktoru olduğunu, amma əsla siqaret çəkmədiyini söyləmişdi. Son zamanlarsa müəllimlik edirdi. Axır günlərinə qədər çalışırdı. Zəng eləyəndə salamdan sonra "Tanıdız məni?" deyən kimi "Əlbəttə, sənin səsini min adamın içindən seçərəm"-deyirdi. Sonuncu dəfə bir neçə ay əvvəl nəvəsinin toyunda görüşmüşdük. Gümrah idi, amma qan təzyiqindən əziyyət çəkdiyini söylədi. "Bilirsən neçə yaşım var?" dedi. "Maşallah, yaxşısınız"- dedim. Vaxta az qalıbmış...
   
   İndi qələmi götürüb fikirləşirəm ki, onun haqqında çox az məlumatım var. Həm də fikirləşirəm ki, kim harda işləyib, necə işləyib, fərq eləməz. Gözəl ziyalı idi, gözəl övladlar böyütmüşdü. Sədaqətli ömür-gün yoldaşı idi. Ailə tarixçəsinin təəssübünü çəkən diqqətli vətəndaş idi, işıqlı insan idi - Əziz insan idi. Və bu müqəddəs cümə axşamı günü ruhları qovuşan işıqlı, əziz insanlara, Elmira xanıma və Əziz müəllimə "Nur içində yatın" deyirəm.

TƏQVİM / ARXİV