adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 May 2020 12:00
119852
MÜSAHİBƏ
A- A+

“Toyumda Elçibəylə "Süleymani" oynadım” - MÜSAHİBƏ

Həmsöhbətimiz şair Ehtiram İlhamdır.

-50 yaşı keçmisiniz. Yaşınızı bilməsəm xarakterinizə görə bundan 20 yaş cavan olduğunuzu düşünərdim.

-Qıraqdan elə görünə bilər. Bunu mənə deyənlər az olmayıb. Amma 20 yaş yox da, dərdiş. Deməli, bu günlərdə bizim orta məktəbi bitirməyimizin 35 ili tamam olur. Düz 12 il qabaq biz - sinif yoldaşları orta məktəbi bitirdiyimiz gündə -mayın 25-də Puşkin məktəbinə yığışdıq. Orda orta məktəbi bitirəndən bəri görüşmədiyimiz uşaqlar da var idi. Və sinif yoldaşım (əsasən) qızların dediyi sözlər hələ də qulaqlarımda əks-səda verir:- Sən burdan gedəndə də elə beləcəydin... Sadəlövh, təmiz, çılğın...Bir az da üsyankar. Çox obyektiv qiymət verilmişdilər uşaqlıqdan bir yerdə böyüdükləri sinif yoldaşlarına. Həm də böyük qiymət idi. O qədər ki, az qalırdım inanım buna. Amma ən əsası bilirsənmi nədir, Emin Piri, mənim ömür yolumu müəyyənləşdirən, taleyimə yön verən böyük kişilər- yaşda məndən xeyli böyük olan məsləkdaşlarım və arkadaşlarım məni özləriylə həmyaş biliblər. Misallar da çəkə bilərəm, Məmməd Ismayıl, Qara Tofiq, Vurğun Əyyub, Akif Səməd, Allahyar Əyyubov, Arzu Nağıyev kimi millətinə şərəf gətirən kişilər... Ruhu şad olsun, Akif Səmədin, necə deyirdi:"Qoca baba, çox qocayam, yaşıma baxma "

Yeri gəlmişkən, onu da qeyd edim ki, Tovuzda təhsil aldığım A.S.Puşkin adına orta məktəb 1899-cu ildə böyük messenant, Hacı Zeynalabdin Tağıyevin birbaşa maddi və hüquqi dəstəyilə böyük rus şairinin doğumunun 100 illiyi şərəfinə açılıb. Elə bilirsiz, ruhu şad olmuş Hacı Zeynalabdinin hələ o zamanlarda nə boyda nəhəng iş gördüyünün mahiyyətinin – 21-ci əsrin 20-ci içində fərqinə varan çoxdumu ki... O ki, qaldı 50 yaş məsələsinə...Bu yaşın kompleksi hamıya Səməd Vurğundan keçib. Ay başına dönüm, adam da 50 yaşda bu qədər qocalarmı heç? Görünür hamı gözünü açıb 50 yaşlı adamı Səməd Vurğun kimi təsəvvür etdiyindən mənə də bu yaşı vermirlər.


Vəzifəm onun dostu olmaqdır


-Sizi çox vaxt Poeziya Evində görürəm. Adama elə gəlir ki, orada hansısa məsul vəzifəniz var.

-Deməli, bizim topluma ilk dəfə ŞAİR XALQ adını kim verib, bilirsənmi? Nikolay Tixonov adlı məşhur rus sovet şairi olub. Sovet dönəminin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk qələm adamlarından birincisi olub, səhv etmirəmsə. Tixonov həm də Azərbaycanın xalq şairi adını daşıyıb. Bu ifadəni ilk dəfə 1963-cü il sovetlərdə məşhur olan "Znamya" jurnalının 9-cu sayında böyük Səməd Vurğun haqqında yazısında N. Tixonov işlədib. O vaxtdan bəri kimə nə cür sərf edirsə, bu ifadədən elə də istifadə edib. Amma bu boyda fikir hər adama deyilməz. Həm də hər toplum haqda da belə yüksək düşünülməz. Sözüm onda deyil. Demək istəyirəm ki, təkcə bizim ölkəmizdə yox, bəlkə də dünyada fəaliyyət göstərən ən zövqlü Poeziya Evi bizdədi. Özgə harda olasıydı ki... Nə xoş halımıza ki, bu Poeziya Evi dünyanın ən yaxşı şairlərindən biri olan Əli Kərimin adını daşıyır. Və nə yaxşı ki, böyük söz , şeir adına həmin məkanın rəhbəri çox dəyərli Ibrahim İlyaslıdır. Sualına cavab olaraq deyim ki, mənim orada vəzifəm xeyli böyükdü - mən Ibrahim Ilyaslının dostuyam! Görürsənmi, biz də söhbətimizi bu evdə edirik.


Çılğın olmamaq mümkün deyil


-Çox çılğınsınız. Hətta bəzi dostlarınız, şairlərə görə dalaşa biləcəyiniz təəssüratı yaranır adamda.

-Bu zamanda çılğın olmamaq mümkünmü, qadan alım. İstedadı olan adamların haqqı əlindən alınırkən, nadanlar ölkə boyu at çapdırırkən, halal adamlar vicdanına sığınıb da balalarının boynuna utana- utana sarılırkən sakit dayanmaq eləmi asandır?... Başqalarını bilmirəm, şair olan kəs...Susursa ...Məmməd Araz yalandan , "nə yatmısan, qoca vulkan, səninləyəm"... demirdi ki?

-Məsələn, Məmməd İlqar haqqında yazıya görə yaman əsəbləşmişdiniz.

-Başına dönüm sənin, Emin Piri, adam bə həm də kimdən ötrü sinəsini qabağa verər? Dost üçün sinə qabarmırsa, göz yaşarmırsa, ürək sevinmirsə, əllərin yumruqlanmırsa... Deməli, yazdığın da, dediyin də ən yaxşı halda kağızda qalacaq. Çünki dost adına edəcəyin nə varsa, həm də öz adınadı. O ki, qaldı, Məmməd Ilqarın adına sizə deyim, o, bu gün bizim yaşayan ən işıqlı şairlərimizdən biridir. Onun yazdıqları böyük sözün, böyük şeirin adınadı. Həmişə də yaşayacaq. Amma axı, ustad Məmməd İlqar artıq 8 ildir ki, keçirdiyi beyin insultundan yana, yazdığı şeirlərindən başqa az qala bütün yaddaşını itirib. 5-10 vicdanlı söz adamının onun haqqında mətbuatda və sosial şəbəkələrdə yazdığı 5-10 kəlmə xoş söz niyə adamların içinin qurdunu tərpədir, o mənə çatmır?

Həm də utanmaz- utanmaz o adamlar deyir ki, bütün yazdıqları, Məmməd Ilqarın məşhur təcnisindəki "Gözüm gözmü görüb gözündən gözəl." - misrası boyda deyil.

-Saz isə tam başqa məsələdir. Onu özünüzdən də çox sevirsiniz.

-Hə, söz ki, saza gəldi... Bu, çox ciddi söhbətdir ey, qadası. Sazın bizim ruhumuzdakı, sözümüzdəki və ən əsası, tariximizdəki yeri tamam ayrıdı. Yəni çox yuxarı başdadı. Bizim ən böyük dastan qəhrəmanlarımız kimdir? -Dədə Qorqud. Adam dünya türkünün ən böyük ozanıdı. Düzdürmü? Bizim ən böyük dastan qəhrəmanımız Koroğlu özü həm də bir aşıqdı. Eləmi? Ən böyük sevgi dastanlarımızın qəhrəmanları kimlərdir? Aşıq Abbas Tufarqanlı, Yəhya bəy Dilqəm. Bunlar xalq ruhunun tərcümanı və tarixi yaddaşıdı, öz yerində. Saz axı həm də bir Qara Sevda kimidir. Gör nə boyda kişilər , nə boyda könül yiyələri bu Qara Sazın başına dolanıb, onun yesirinə çevriliblər. Sazdan ağzı köpüklənə-köpüklənə danışan, onu böyük materiya kimi təsvir edən adamlara həmişə təəccüblənmişəm. Onlara heç siz də inanmaya bilərsiniz. Necə ki, mən bağlamışam, qoy kim istəyirsə, duymağı, havalanmağı bacaran adam saza bir könül işi kimi baxsın...torpaq kimi, söz kimi, sevgi kimi, söz kimi, dost kimi.


Eybi yox, saz bir alət olsun...


-Sizcə çox abartı olmur? Sonunda saz da bir alətdir. Insan ruhunu dincəldən bir əşya. Insandan üstün ola bilməzki...

-Yox, qətiyyən...Heç bir abartı-filan yoxdu burda. Hələ bəlkə fikrimi ifadə etməyə xəsislik edirəm. Qoy, sən dediyin kimi, saz bir alət olsun. Amma axı hər kəs mahiyyəti ilə mövcudiyyatını ortaya qoyur, eyni zamanda hər şey yenə mahiyyətində ehtiva olunur. Canım-gözüm Emin Piri, gəl çox dərinə getməyək... Kim hara qədər gedə bilirsə, kim nəyi nə boyda bilirsə, və ən əsası kimin ürəyi nə boydadırsa, sevdiyi də o qədərdi. Vəssalam.

-Zarafatyana olsa da ədəbi mühitdə deyirlər, tovuz-qazaxlılar adətən bir yerdə olur. Amma tovuzlular bir yerə yığıldısa qazaxlıları da qəbul etmir...

- Vallah, bu məsələ belədir ki, istənilən kəs öz tanıdığı, bildiyi, necə deyərlər, "quşu qonduğu " adamla oturub durar. Yazı-pozu adamlarında isə bu hiss az qala tələbat halına çatır. Çünki belə adamların səmimi münasibəti, dostluğu həm də bir mənəviyyat məsələsidir. Özümə gəldikdə isə məndə bu kompleks yoxdu. Kimdə səmimiyyət, halallıq və istedad görürəmsə, ona sarı can atıram. Bu cür münasibətlərdə vacib olan bir məqam da yaxşı "kampanyon" olmağı bacarmaqdı. Ümumiyətlə, deyim ki, hal əhli olmaq çox gözəl xüsusiyyətdir, şadam ki, mənim belə dostlarım çoxdu. Və bunlarla yol getmək, dərd bölmək, sevinc paylaşmaq, məclis qurmaq, piyalə qaldırmaq ayrı aləmdi. O ki, qaldı tovuzluların qazaxlılarla hərdən yığılmasına, bəli, biz saza qulaq asmağa, şeir eşitməyə, yeyib içməyə bir yerdə ola bilirik. Deyim ki, belə məclislərdə mübahisə, zarafat, və tərif dolu xoş anlar yaşanır. Amma etiraf edim ki, bu cür gözəl məclislərdə tək bircə adamla yollaşmıram ki, bu da uşaqlıqdan rayonda qonşum olmuş, 40 illik dostum, arkadaşım və böyük istedad sahibi Elxan Zal Qaraxanlıdı.

-Elçibəy də sizinçün iki-üç müqəddəs amildən biridir bildiyim qədər.

- Hər bir millətin tarixində müstəsna şəxsiyyətlər olur ki, onlar mənsub olduqları toplum üçün ideologiya ortaya qoyurlar. Əbülfəz Elçibəyin ölkəsi və türk milləti qarşısında böyük tarixi xidmətləri olub. Onun ən böyük işlərindən biri də heç şübhəsiz ki, Bütöv Azərbaycan yolunda çabaları və bu ideyanın siyasi masaya yatırıb, insanların şüuruna və düşüncəsinə yeritməsi oldu. Bu baxımdan Elçibəyin bütövlük ideyası Azərbaycan birləşənə qədər ən böyük tutalğacımız və hədəfimiz olacaq. Millətimizin o ali, müqəddəs arzusu bir gün mütləq həyata keçəcək. Və yenə əllərdə onun portretləri, dillərdə, könüllərdə onun adı olacaq. Elçibəyi həyatda görmək, onun yolunda getmək şərəfinə nail olanlardan biri də nə xoş halıma ki, mən olmuşam. Bircə onu deyim ki, həyatımın ən bəxtiyar məqamlarından biri Elçibəyin mənim toyunda iştirak etməsi olub. Çox şanslı olmuşam ki, bəyin xeyir-duasına bələnib, onunla bir yerdə qol qaldırıb "Süleymanı”oynamışam.


Şair millətçi olmalıdır


-Millətçi və şair. Bunları bir yerdə tutmaq mümkündür? Yoxsa hər birinin ayrılıqda öz yeri, balanslaşdırılması var?Hətta övalıdınıza da səhv etmirəm hun xaqanlarının adınızı qoymusunuz.

- Millətçi və şair. Bilirsən necədir, dərdiş, bəlkə də başqa sənət sahiblərindən millətçilik tələb etmək doğru deyil. Amma məhz şair millətçi olmalıdır. Millətinin dərdini o hayqırmalıdır. Haqsızlığa qarşı səsini o qaldırmalıdır. Nədən yazırsa-yazsın, qələmə aldığı hər şey millətinə ünvanlamalıdır. Onun dilinə, təbiətinə, ağrısına, sevincinə, şəxsiyyətinə, və ən adi insanına. Bu, həm də şairliyin bir missiyasıdır. Təbii ki, dünyagörüşlər, yanaşmalar, zövqlər tam fərqli ola bilər, amma son amacında millətə xidmət görəvi əsas tutulmalıdır. Mən bu düşüncəni bölüşürəm. Bu amalla yaşayıram. Axıradək də mütləq belə olaraq. Elə oğlum Atilayın da belə olmasını istəyirəm.

-Müasir Azərbaycan ədəbiyyatı sizin gözünüzdən necə görünür?

- Tarix boyu olduğu kimi, bu gün də Azərbaycan ədəbiyyatının ağırlığını çiyinlərində daşıyan istedadlı, görkəmli qələm adamları, nə yaxşı ki, var, və onların sayı yetərincədir. Musa Yaqub, Məmməd Ismayıl, Ramiz Rövşən, Sabir Rüstəmxanlı kimi ustad şairlərin varlığı tək ədəbiyyatın yox, bütün millətimizin qazancıdır. Bu ənənə daha inamla davam edir, Ayaz Arabaçı, Ramiz Qusarçaylı, Elman Tovuz, Xaqani Qayıblı, Əyyub Qiyas kimi parlaq istedadların yazdıqları könlümüzü oxşayır. Bu adamlar az qala, qələmə aldıqları hər şeirləri adamı heyrətləndirə bilirlər. Onu da deyim ki, bu günlərdə Elnur Astanbəylidən oxuduğum 3 şeir bütün içimi sökdü.


Söhbətləşdi: Emin Piri