“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib
"Naxçıvan” Universitetində 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulub.
"Naxçıvan” Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bakalavr səviyyəsində kadr hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, coğrafiya müəllimliyi, tarix müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, dinşünaslıq, filologiya (alman dili və ədəbiyyatı), iqtisadiyyat, mühasibat, maliyyə, turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib.
Qeyd edək ki, yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün "Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.
Yeddi binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur.
Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.