adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 May 2020 14:04
16691
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOXLAMA

"Yoxlama” deyəndə yadıma böyük rus yazıçısı Qoqolun "Müfəttiş” əsəri düşür. Yəni bu müfəttişin nə işlər gördüyü, yoxlama adıyla çıxardığı hoqqalar bu əsəri oxuyanların yaxşı yadındadır. Və mən yenidən o əsərin məzmununu danışıb sevimli və hörmətli oxucularımızı yormaq fikrində deyiləm. Onsuz da bu gün Azərbaycan oxucusu o qədər yüklənib ki, başını açıb rahat istədiyi bir kitabı, romanı, hekayəni oxumağa vaxt tapmır.

Bütün dövrlərdə yoxlamalar olub. Və bu yoxlamalar da çox vaxt dövlətin, xalqın, millətin mənafeyini düşünməkdən çox öz maraqlarını önə çəkiblər. Məsələn, Sovet dövründə "oboxeyes” vardı. Mənası bu idi ki, dövlət əmlakını talayanlara qarşı mübarizə. Amma dövlət də qalırdı bir yanda, ölkə də qalırdı bir tərəfdə və bu "oboxeyeslər” ticarətçilərin, kolxoz və sovxoz rəhbərlərinin başına torba hörürdülər. Hansısa mağazada, təbii ki, arxası olmayan dükanda, beş qəpiyə görə, "obşot” elədiyi üçün satıcı haqqında çinayət işi qaldırırdılar və rayponun da sədri həmin mağaza müdirinə deyirdi ki, qəm eləmə, uzaqbaşı sənə iki-üç il iş kəsəcəklər, sən də gedib türmədə yatanda həm ailənə baxacağıq, həm də sənə "peredaçi” göndərəcəyik.

Elə Sovet hökumətinin evini və tifaqını da belə-belə yoxlamalar yıxdı. Nə az, nə çox 20-30 yoxlama təşkilatları vardı və hər təşkilatın da hər ay haqqını verməli idin ki, onlar gəlib səni iş başında yaxlamasınlar. Əgər bir ay o haqqı verməsəydin, "oboxeyslər” başının üstünü kəsdirəcəkdi, axırda da səni tutub salacaqdılar türməyə.

"Yoxlama” deyəndə o vaxtlar çox adamın canına üşütmə və vəlvələ düşərdi. Hər ay kimsə qurbanlıq qoyun kimi yaxalanmalıydı. Bu da baxırdı o adamın "vesinə”. Bayaq dedik axı, bir balaca arxan, dayağın zəif olsaydı, elə bu qurbanlıq qoyun sənin özün olardın.

Ölkəmizdə də xeyli vaxtdır ki, bu yoxlamalar cənab Prezidentin tapşırığıyla dayandırılıb. Bu da o məqsədlə edilib ki, sahibkarlıq fəaliyyətinə kimlərsə mənasız yoxlamalarla badalaq vurmasın. İndi 3-4 ildir heç bir sahədə bu yoxlamalar aparılmır. Çox nadir halda hər hansı bir şikayət, narazılıq olanda hansısa sahibkar yoxlanıla bilər. Bizim sahibkarlar da bu humanist addımlardan bir çox halda sui-istifadə edirlər. Məsələn, keyfiyyətsiz çörək, keyfiyyətsiz kolbasa, keyfiyyətsiz şirniyyat məmulatları, keyfiyyətsiz rəngli sular və s. və ilaxır. Bütün bunlar cəmiyyət tərəfindən görünür və deyilir.

Bu günlərdə Milli Məclisdəki iclasda daxili işlər nazirinin birinci müavini yoxlamalar aparılması ilə bağlı icazə verilməsini gündəmə gətirib. Təbii ki, bu da səbəbsiz deyil. Çünki bayaq dediyimiz kimi, bir çox sahibkarlar yoxlamaların olmamasından və nəzarətsizlikdən istifadə edərək əhaliyə vaxtı keçmiş məhsullar, mənşəyi bilinməyən mallar istehsal edərək sırayırlar. Heç kiloqramı bir manata, iki manata kolbasamı olar? Bizdə nə qədər desən belə məhsullar var. Hansı ki, ən ucuz ətin kiloqramı 10 manatdan aşağı deyil. Əcəba, bəs bir-iki manatlıq kolbasa nə ətindən düzəldilib? Bax, bunu yoxlamalar keçirilsə, dəqiq aydınlaşdırmaq mümkün olar.

Bu gün də ölkəmizdə yoxlama qurumları kifayət qədərdi. Amma gəlin onunla razılaşaq ki, onlar da bir çox halda əhalinin maraqlarından çox öz mənafelərini fikirləşirlər. Məsələn, yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi. Agentlik fəaliyyətə başlayan kimi, bir çox müsbət addımlar atdı. Amma sonradan bu addımların arxası gəlmədi, istehsalçılar istehlakçıların hüquqlarını tapdamaqda davam etdilər və yenə edirlər.

İndi məmləkətimizdə çox böyük islahatlar həyata keçirilir. Və həmin islahatlara dəstəyi də cənab prezident İlham Əliyev verib. Xalq tərəfindən də prezidentin bu addımları çox böyük hörmətlə qarşılanıb. Sözümüzün canı odur ki, bu gün bəli, bütün sahələrdə yoxlamalara ehtiyac var. Ancaq gərək bu yoxlamalar da çox obyektiv və şəffaf olsun. Nə sahibkarın hüququ tapdansın, nə istehlakçıların istəkləri kölgədə qalsın. Başqa sözlə demiş olsaq, nə şiş yansın, nə kabab. Və bu yoxlamalardan qazanansa, dövlət, xalq və millət olsun. Bax, belə yoxlamaya həmişə, hər zaman böyük ehtiyac var. Ən azından ona görə ki, nə yoxlama təşkilatları, nə də sahibkarlar dövləti və xalqı aldatmasınlar.