XÜSUSİ TAPŞIRIQ

İRADƏ TUNCAY
50700 | 2007-11-10 06:40

Tapşırıq çox yuxarıdan gəlib. Deyilib ki, bir xanımın ad gününə yazı yazılmalıdır. Ağzımı açıb demək istəyirəm ki, mən sifarişlə yazı yazmıram, deyilir ki, cəhd elə. Niyə mən? Çünki sən onu yaxşı tanıyırsan... Titulları var? Yoxdur. Təltifləri necə? O da yoxdur. Vəzifə-filan? Yox-yox... Ta onda nəyini tərifləyim? Bir yol tapmaq lazımdır, neyləyək? Ən optimal variant dost-tanışı arayıb onların düşüncələrini almaq və səhifəni doldurmaq olacaq. Çünki müəllifin deməyə sözü olmayanda ən asan yol başqalarının fikrindən sitat gətirməkdir. İndi görək kimsə nəsə deyəcəkmi? SMS vasitəsilə dost-tanışa sorğu göndərirəm. Nə düşünürlər, desinlər.
   
   Jurnalist İlhamiyyə Rzayeva: - Gecə vaxtı qəliz suallar verən, gündüz vaxtı oxucularını düşündürən yazılar yazan, ümumən adamlara vicdan anlayışını xatırlatmaqdan usanmayan qəribə birisi.
   
   Telerejissor Teymur Quliyev: - Məşhur bir filosof deyib ki, nə qədər dünyanı başa düşmürdüm xoşbəxt insanıydım. Elə ki dünyanı dərk elədim?! Axıra qədər yazmıram, özü nəticə çıxarsın.
   
 Jurnalist Afaq Zeynalova: - Səviyyəsiz məmurlara görə realizə oluna bilməyən telejurnalist. Bu gün hər təşkilatda onun yarısı qədər olan insanlar səlahiyyət sahibi olsalar Azərbaycan qazanar. Hər şeyi anlayan, elə anlamaq dərdindən də əzab çəkən birisi.
   
   Teleaparıcı Nərgiz Cəlilova: - Fərqli fikir sahibi, davranışında çox mükəmməl, müşahidəçi, zamanını gözləyən peşəkar jurnalist, mülahizələri hər zaman qulağımda. Təşəkkür edirəm, təşəkkür.
   
   Xalq artisti Nurəddin Mehdixanlı: - Davranışı, mədəniyyəti, intellekti, dünyagörüşü ilə böyük mənada əsl qadın, gözəl və səmimi bir xanım. Torpağının, millətinin ağrıları ilə yaşayan, cəsarətli, haqqsevər bir ziyalı. Onunla hər məsələ barəsində arxayınlıqla danışa bilərəm.
   
   Publisist Nadir Bədəlov: -Hər halda kimin kim olduğunu məndən daha yaxşı bilən, bildiyini gizlətməyən, sözün davasını eləyən, bir az görən və göstərən, bir az öyrədən, iradəsi yetən xanım.
   
   Jurnalist Aysel Əlizadə: - Mən kişi olsaydım məhz onu sevərdim.
   
   Jurnalist Sevda: - Obyektivliyini itirməyən və kinini idarə edə bilmədiyi insan. Dəfələrlə bunun şahidi olmuşam. İndi bu, insanlarda az qala nadir rast gəlinən keyfiyyətə çevrilib.
   
   ... Hə, deyəsən mənzərə aydınlaşır. Bir amma var - mən bu sorğunun cavablarını ona rəğbəti olan adamlardan aldım. Hər hansı bir Allah bəndəsini sevənlər və sevməyənlər var. Nifrət eləyənlər var, həsəd aparanlar var. Onlar da öz düşüncələrində sərbəstdirlər. Öz fikirlərini, nifrətlərini də rahat ifadə edə bilərlər və edirlər də - toyda, küçədə, plyajda. Normal halda insanın çevrəsini ən azından ona sakit münasibət bəsləyən insanlar müəyyən edir. Demək hansı qərara gəlirik - haqqında danışdığımız xanım "Söz" cəmiyyəsinə mənsubdur. Dünyanı dərk etməyə çalışır. Haqq-ədalət tərəfdarı olduğunu iddia etməkdədir. Mən rəğbətdən kənara çıxıb daha obyektiv olum - bu xanım həm də acıdildi, sərtdi, çox ədalı görkəmi var və buna görə də ətraf onu düzgün anlaya bilmir. Çox mürəkkəb xarakteri var, susmağı sevir, danışanda isə dibindən vurur. Bu da Əqrəb bürcünün özəlliklərindəndir. Yazdıqlarını vərəqləyirəm, Cəfər Cabbarlı filminin ssenarisindən: "O yerdə ki, havasız bir mühitdə bir udum havanın, çirkabın içində bir içim suyun həsrətindəsən, çırpınıb-çabalayıb özünü qurtarmaq istəyirsən, uzaqdan ilğım kimi bir yol görünür. Bir Ağ yol. Varlığımı, xəyalımı, fikrimi silkələyib bu yolun yolçusu olmaq istəyirəm. Üzümü tufana, borana tutub axının əksinə getmək istəyirəm. Ürəyimin gizli guşələrində qalmış, işıq düşməyən, gün qızdırmayan, içimə sığmayan hisslərimi küləyin ixtiyarına vermək istəyirəm. Aparsın - duyğusuzlara, qəlbsizlərə tuş eləməsin. Birhüceyrəli məxluqatların içərisində insan övladı tapıb insan dilində danışmaq istəyirəm. Dünyaya kişi görkəmində gəlib dünyanın düzənini dəyişmək istəyirəm. İçimə çəkilib ordakı neçə-neçə Məni axtarmaq istəyirəm. Məcbur olub kiminsə üzünə gülümsəyən hər şeylə razılaşan "Mən"imi içimdən qovmaq istəyirəm. Əzilən, məhbus "Mən"imi azadlığa buraxmaq istəyirəm. Çıxsın - uzaqdan ilğım kimi görünən Ağ yolun yolçularına qoşulsun. Bilirəm, bu yolu getmək çətin olacaq. Dağ-dərəsiynən, yarğan-yamacıynan. Büdrəyib yıxılmaq qorxusu var. Əl uzadıb qolundan tutan tapılası deyil, çilik-çilik olmuş qəlbini ovudan tapılası deyil. Yol ağırdır - amma irəlidə onlar var. Onlar bu yolu gediblər. Onlar uçurumun lap kənarında durub bizi gözləyirlər. Çoxdumu içimizdə bütün çirkablardan arınmışlar, çoxdumu dünya malında gözü olmayanlar, çoxdumu sürüdəki mal-heyvan yox, insan olmaq istəyənlər? Fikrim çox yorğundu, çox qarışıqdı..."
   
   ...Bu qızın qarışıq fikirləri məni də büsbütün qarışdırdı. Qız?! Ay aman, gör nə deyirəm? Bu yaşda qız olar? Nə fərqi var?.. İndi də mən üzümü ona tutub sırf Cabbarlı ruhunda bir monoloq söyləyəcəm:
   
   -Jəl, gülüm, gəl! Üz-üzə, diz-dizə oturaq. Gör nə zamandır birlikdə yol gəlirik. Kimsəyə demədiklərimizi özlüyümüzdə çək-çevir edirik. Qazancımız nədir, itirdiyimiz nə? Alacağımız, borcumuz varmı? Bu burulğanın içində burulub-burulub sındıqmı? Əzilib-əzilib əyildikmi? Doğrumuz nə oldu, yalanımız nə? Hansı tərəf ağır gələcək? Bilirəm bezmisən bu suallardan, ancaq qaçacaq yer yox ki?! Səhər pəncərədən baxıb payızın solğun mənzərəsini, tökülən yarpaqları, duman-çiskini, ya da selləmə yağan yağışı seyr eləyəndə ürəyindən nə keçir, gözəlim? Jüzgünün qabağına keçəndə, telinə daraq çəkəndə elə özünün də bu payızdan fərqlənmədiyini düşünürsənmi, əzizim? Saç ağarır, sifətdə hər gün yeni cizgilər peyda olur, ağrayıb-sızıldayan bədən üzvlərinin siyahısı böyüyür. Bilirəm, barışmaq istəmirsən - belini dikəldirsən, saçlarını düzəldirsən, sifətini malalayıb qırışları gizlədirsən. Lap tutalım, bunların heç biri yoxdu - saç da ağarmayıb, bel də ağrımır, sifət də hamardı - yaş ki var. Nə qədər gizlətməyə çalışsan da, nə qədər xoş sözlər eşitsən də özün bilirsən ki, bu yükü neçə ildi daşıyırsan... Jəl, gülüm, gəl! Qoşulaq zamanın iti axarına. Heç nəyin dərinliyinə varmayaq, canım-gözüm. Jəl, əlimi uzadıram sənə. İstəyirsən hayqırım, istəyirsən pıçıltıyla danışım, yetər ki, aralanma, küsmə, incimə. Bu "kəndirsiz kəndirbazlar" məmləkətində Sirat körpüsünün üstündən keçirik birlikdə, 48 ildi...
   
   ... Uf, yoruldum. Bir nəfəsimi dərim. Monoloq böyük alındı deyəsən. Bilmirəm bəyənəcək, ya yox, amma mən onun yazdıqlarını bəyənirəm: "Elə bir yerdə dayanıb Vətənə baxıram ki, yolun bir tərəfi Zəngəzura, Göyçəyə gedir. Dağların o biri tərəfində Laçındı, Kəlbəcərdi, Şuşadı. Yolun bir tərəfi Təbrizə, Zəncana, Ərdəbilə gedir. Məğlubiyyət bu çayın sərhəd olmasından başlayır. Qalibiyyət də burdan gələcək. Bu üzüqara, xəcalətli çayın sahilində həsrətdən cadar-cadar olmuş torpağa baxıram. Xudafərin yadıma düşür. İçimə axan göz yaşlarımı udub, üstümə axan göz yaşlarımla yuyunuram. Ürəyimdən dəli bir istək keçir, Qaragilə. Jözünün yaşını silmə, elə ağla ki, dünyanın kar olmuş qulaqları eşitsin. Elə ağla ki, gözünün yaşı selə dönüb Təbrizin dolambadolan küçələrindən axan qanı yuyub Araza sarı gətirsin. Araz bizim dərdimizi bilir. Araz adi çay deyil"...
   
   ... Mən bu sorğunu göndərib cavab aldığım insanların səmimiyyətinə şübhə eləmirəm. Əvvəldə də demişdim ki, o xanımın nə vəzifəsi, nə də titulları var. Cavabları yazanların da ondan asılacağı yoxdu. Ümumiyyətlə, insanlarla münasibətdə çox ehtiyatlı olan bir şəxs kimi deyirəm ki, kimin nə üçün danışdığını havada tuturam. Amma hər halda bəzi çox təvazökar insanları nəzərə alaraq cavabları ixtisarla verirəm.
   
   Jurnalist Etibar Babayev: - Qəlbinin və əqlinin mürəkkəbi ilə dolan qələminin ucunda iynənin ucu qədər saxtalıq, nifrət hissi olmayan yazar. Bu dəyişkən həyatın hər üzünə özünün dəyişməyən bir üzü və bir sözü ilə cavab verməyi bacaran fədakar insan, barmaqla sayılacaq müasirlərimdən biri.
   
 Jurnalist Suğra Rəhimova: - Ruhumun can dostu. Ruhumun imdadına uzanan əl. Qadın doğulub, kişi də ola bilərdi. Bir çiçək, bir yarpaq, bir göyərçin də ola bilərdi, amma yenə ruhu bu olacaqdı...
   
   Əcəb sözlərdi, adamın paxıllığı tutur. Bu sözləri deyənlər də sözə, qələmə xidmət edən sadə insanlardı. Yəni onların da heç bir vəzifəsi yoxdu. Sorğuya cavab verənlərin içində ən böyük vəzifəlisi Rəşad Məcid oldu ki, onu irəlidə verəcəm.
   
   ... Mənim bu mətbuat aləmindən xəbərim var. Tərifləri də necə yazırlar bilirəm. Yəni kiminsə kitabı çıxır, kiminsə hardasa oxucularla görüşü olur, kiminsə yubileyidi - dinib-danışmasa, özü xahiş eləməsə heç kimin yadına düşməyəcək. Bəzən olur ki, kimsə özü-özüylə müsahibə aparır, sonda başqasının imzasını qoyur. Ya da əlinin altında olanlara sifariş verir ki, "filankəsə deyin məni tərifləsin". Olan budu. Mənə də tapşırıq verildi ki, yazı yaz. Tapşırığı kim verdi? Özüm. Yazmağına yazdım. Amma bəzi alovlu vətənpərvərlərin, çox görkəmli yazan-pozanların sifəti gəlir gözümün qabağına. Başlarını bulayırlar. Zərif əsəbləri qıcıqlanır. Nədi, deyəcəksiniz ki, belə olmur? Qədir bilən insanlar heç kimi unutmur? Sorğuları da belə keçirirlər. Nədi, hamıya olar, mənə olmaz?
   
   ... Deməli, respondentlərə (sözə bax ha) belə bir sual göndərmişdim: "Özüm haqqında sorğu keçirirəm, mən kiməm?" Cavab verənlərin böyük əksəriyyəti birinci növbədə atamın adını çəkmişdilər. Bircə Rəşad Məcid belə deyib: "İlk intuitiv cavab - Aqil Abbasın arvadı". Ən dahiyanə cavabı isə Seymur Baycan verib: - İradə Tuncay.
   
   
   
   P.S. Seymur düz fikirləşir. Mən olmaq asan iş deyil.
 

TƏQVİM / ARXİV