adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2020 22:31
17593
DÜNYA
A- A+

Gürcü müxalifəti “Qavrilov gecəsi”nə hazırlaşır

Gürcüstan müxalifəti iyunun 20-də "Qavrilov gecəsi”ni yad etmək üçün etiraz aksiyası keçirəcək.

Axar.azxəbər verir ki, bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri olan Gigi Uqulava deyib.

"20 iyun müasir Gürcüstan tarixində vacib gündür. Bu gün vətəndaşlar hakimiyyətin Rusiyaya münasibətdə etdiyi mənasız və zərərli güzəştə qarşı səslərini qaldırdılar”, - deyə o bildirib.

Qeyd edək ki, "Qavrilov gecəsi” 2019-cu ilin 20 iyununda yaşanıb. Hadisə Tiflisdə keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının iclasında təşkilatın sədri, Abxaziyadakı döyüşlərin keçmiş iştirakçısı, Rusiyanın Kommunist Partiyasından olan deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin kürsüsündə oturmasından sonra başlayıb. Belə ki, Qavrilovun kürsüdə əyləşməsinə xüsusilə müxalifətdən olan gürcü deputatlar sərt etiraz ediblər. Az sonra parlamentin qarşısında genişmiqyaslı aksiya başlayıb və demək olar ki, parlament tam mühasirəyə alınıb.

Bundan sonrakı dönəmlərdə aksiyalar müxtəlif fasilərlə 3 ay davam edib. Etirazların başlanmasından bir neçə gün sonra Azərbaycanda səfərdə olan gürcü spiker İrakli Kobixidze dərhal istefaya getdiyini açıqlayıb. Bununla belə etirazçılar onlara qarşı polisin güc tətbiq etməsi ucbatından Daxili İşlər naziri Georgi Qaxariyanın və Baş nazir Mamuka Baxtadzenin istefasını tələb ediblər. Gürcü Arzusu bu tələbləri sonra müəyyən formada icra etməyə başlayıb. Baxtadze istefaya göndərilsə də Bidzina İvanişvili onun yerinə Qaxariyanı gətirib.

Bununla bərabər İvanişvili etirazlardan az sonra əhaliyə növbəti seçkiləri proporsional sistemlə keçirmək vədi versə də, noyabrda parlamentdə konstitusiya düzəlişi bağlı dəyişikliyi dəstəkləməkdən imtina edib. Bundan sonra başlayan yeni etiraz aksiyaları 8 martda ABŞ, AB və Almaniyanın vasitəçiliyi ilə yeni memorandumun imzalanmasıyla nəticələnib.