BAKIDAN İZMİRƏCƏN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
41435 | 2013-06-01 01:49
Bəri başdan səmimi etiraf edim ki, heç yatsam, yuxuma da girməzdi. Ən yaxşı halda xəyallarımda canlandıra bilərdim. Təbii ki, onu da televiziyadan və yaxud hansısa bir mətbu orqanda həmin bölgə ilə bağlı maraqlı bir verilişi, maraqlı bir yazını izləyib oxusaydım... Amma bunların heç biri olmadı, heç xəyal da qurmadım, heç yuxu da görmədim. Sadəcə bir gerçəkliyi, bir reallığı yaşayası oldum...
Redaksiyamıza olan telefon zəngində bildirdilər ki, Türkiyəyə üç günlük səfər proqramı var. Həmin proqram jurnalistlər üçün nəzərdə tutulub. Nəzərdə tutulan mətbuatın sırasında "Ədalət"in də adı var. Və həmin tədbirin təşkilatçıları qəzetimizdən hansısa bir əməkdaşın tədbirdə iştirakını arzu edir...
Təbii ki, mən də edilmiş təklifi rəhbərliyin diqqətinə çatdırdım və gözləmədiyim halda, necə deyərlər, mənim də bəxtim üzümə güldü - uduş mənə düşdü. Bilmirəm, bu Allahın qisməti idi, yoxsa rəhbərliyin simpatiyası idi, amma hər nə idisə doğrudan-doğruya mənim öz gücümə nə vaxtsa nail ola biləcəyimə hələ də şübhə etdiyim bir gerçəkliyin ortaya qoyulması idi. Yəni, mənə sadə məntiqlə ifadə etsəm, həmin tədbirə qatılmaq üçün sanki təyyarə bileti təqdim olunmuşdu...
May ayının 24 - ü Bakı vaxtı ilə saat 6:00 - da hava limanında idim. Buraya gələrkən yol boyu həmkarlarımdan kimlərlə görüşəcəyimi, kimlərlə yoldaşlıq edəcəyimi bilmirdim. Ona görə də daxilən sıxıntı yaşayırdım. Çünki son illərdə, daha dəqiq desəm, 1992 - ci ildən sonra ilk dəfə idi ki, ölkə sərhədlərini tərk edirdim. Ona görə də səfər yoldaşlarımdan heç olmasa bir - ikisini yaxından tanımaq mənim bu səfərimin maraqlı keçməsinə öncədən şərait yaratmış olardı. Burada da bəxtim gətirdi. (Deyəsən bu səfərdə, daha dəqiq ifadə etsəm, bu səfər barədə layihə hazırlananda Allah məni bir növ qaralamışdı, yəni diqqət mərkəzinə çəkib qoymuşdu. Ona görə də təyyarə biletinin ardınca ürəyimcə olan həmkarlarımı da burada görmək necə deyərlər, çiçəyimi çırtlatdı. Hə, indi təyyarəyə də rahatca əyləşmək olar, İstanbula da uçmaq olar. Mən hələ İzmiri demirəm...
Heydər Əliyev adına Beynəlxalq Hava limanında səmaya qalxan və sərnişinlərinin çoxu mətbuat işçisi olan təyyarə artıq bizi bir - birimizə yaxınlaşdırır. Bəzilərimiz təyyarənin yerdən ayrılarkən gətirdiyi müəyyən gərginliyi unutmaq üçün, bəzilərimiz yola körpü salmaq üçün, bəzilərimiz də sadəcə olaraq elə nədən gəldi danışmaq xatirinə müxtəlif mövzularda söhbətlər edirik. Doğrudur, arada bir Türkiyədə edəcəyi alış - verişi də dilə gətirənlər oldu. Bu da normaldı. Hər halda hər kəs səfərə getdiyi yerdən onu yola salanlara və gözləyənlərə nə isə bir hədiyyə alıb gətirməyi qəlbən özünə borc hesab edir. Həmin hədiyyə də təkcə alıb gətirənin yox, həm də ona sahib olanın xatirələr kitabına öz naxışını salır...
Bu da İstanbul! Özümdən asılı olmadan içimdən "xoş gördük, qoca İstanbul!" demək keçdi. Elə də etdim. Ancaq təyyarəmiz eniş edərkən bildirildi ki, biz Türkiyənin ilk pilot qadını Sabiha Gökçənin adını daşıyan hava limanına enirik. Elə maraq da buradan başladı. Görəsən, niyə Atatürk hava limanına yox, Sabiha limanına?
Bir azdan məni maraqlandıran bu sualın cavabını artıq öyrənmişdim. Məlum olmuşdu ki, bizim üçün İstanbulda ayrılmış yer, yəni qalacağımız otel həmin hava limanına nisbətən daha yaxındı. Digər tərəfdən biz qalacağımız yerdən rahat bir şəkildə İstanbulun istənilən nöqtəsinə - görməli yerləri seyr etməyə asanlıqla gedə bilərik. Bu cavabdan sonra təbii ki, daxilən bir məmnunluq da yaşadım. Beləcə, illərlə arzuladığım möhtəşəm İstanbul torpağında ilk addımlarımı atdım...
Bu da İstanbul! Bu da möhtəşəm abidələr! Bu da Ayasofya kilsəsi! Bu da Sultan Əhməd camisi! Bu da Topqapı! Beləcə, başlayır gəzintimiz. Çünki yol yorğunluğunu yalnız belə çıxarmaq olar. Gözəl mənzərələri, tarixi yerləri seyr etməklə İstanbul sakinləri ilə təmas qurmaqla... Mən şəhəri gəzdikcə heç bir qəriblik hissi yaşamadım. Çünki ətrafımdan keçib gedən hər kəs demək olar ki, mənə tanış gəlirdi - onların söhbətləri də, yerişləri də, hətta bir - birləri ilə uca səslə etdikləri zarafatları da!.. Burada mənim üçün ən maraqlısı insanların ünsiyyəti idi. Yəni demək olar ki, şəhərin bütün park və meydanlarında, necə deyərlər, bütün yaşıllıq zolaqlarında adamlar çox rahatca oturub, uzanıb dincəlirdilər. Sanki elə belə də olmalıdı...
Şəhərin ən uca nöqtələrindən biri olan, əksər televiziya qüllələrinin yerləşdiyi yüksəkliyə qalxanda isə içimdən bir Şuşa arzusu gəlib keçdi. Qüllələrə gedən yol da Şuşanın dolamalarına bənzəyirdi. Hər dolamanı qalxdıqca mənə elə gəlirdi ki, bu yol mütləq Şuşaya gedir... Bu da sonuncu dolama! Bu da həmin yüksəklikdə bir - birinə qarışmış turistlər, yerli sakinlər və bir də onların sırasına daxil olan bizlər...
Yüksəklikdə quraşdırılmış xüsusi binokllar vasitəsi ilə İstanbulun dörd tərəfini gözdən keçirmək mümkündür. Dənizdə üzən gəmilərdən tutmuş yollarda şütüyən avtomobillərə qədər... möhtəşəm körpülərə qədər... Burada xoş anlar yaşayıb, yenidən İstanbulun hamımız üçün maraqlı olan asma körpülərindən keçib otelə qayıdırıq...
Sübh İstanbul vaxtı ilə saat 6:00 - da hava limanında olmalıyıq, yolumuz İzmirədi. Burada bizi möhtəşəm bir tədbir "Türkcə Olimpiyatları Kültür Şöləni" gözləyir. Deyilən vaxtda hava limanında oluruq. Yenə təyyarə, yenə göy üzü, yenə buludlar və 45 dəqiqəlik uçuş. Artıq İzmirdəyik. Bu şəhər nədənsə mənə Gəncəni xatırlatdı. Elə hesab etdim ki, Gəncəyə gəlmişəm. Sadəcə, dənizi, limanı olan Gəncəyə! Bir - birindən möhtəşəm palma və çinarlarla qolboyun olan İzmirin bulvarı Bakı bulvarı ilə demək olar ki, müəyyən eynilik təşkil edir. Burada da əlində qarmaq balıq tutanlar... burada da faytonlar... burada da bir - birinə sarılmış cavanlar... burada da dilənçilər... burada da falçılar... və bir də təbii ki, təmizliyə, abadlığa, bir də təhlükəsizliyə cavabdeh olan adamlar. Oteldə yerləşəndən sonra İzmiri gəzirik. Şəhər doğrudan - doğruya adamın ürəyinə yağ kimi yayılır. Xüsusilə köhnə İzmir başdan - başa xatirələr danışır. Baxmaqla doymaq olmur. Burada mənim diqqətimi daha çox çəkən böyük Atatürkün qayada yonulmuş büstü və bir də dənizin çəpərlənməməsi oldu!!! Öz - özümə fikirləşdim ki, görəsən türk qardaşlarımız dənizi niyə çəpərləmirlər? Axı dəniz qırağında oynayan kiçik yaşlı uşaqlar, lap elə icazəsiz dənizə baş vuranlar heç nədən güdaza gedə bilərlər, buna da yol vermək olmaz. Düşünürəm ki, türk qardaşlarımız da nə vaxtsa dənizi mütləq çəpərə alacaqlar və orada da hər kəs dənizə kənardan, intizar dolu bir sevgi ilə baxacaqlar. Daha indiki kimi laqeydcəsinə yox.
İzmirə gəlişimizin əsas məqsədi burada keçirilən "Türkcə Olimpiyatları Kültür Şöləni"nin 11 - ci festivalında iştirak etmək idi. Biz festivalın keçirildiyi Cümhuriyyət Qapısı adlanan əraziyə daxil oluruq. Burada 133 dövlətin hər biri üçün guşə ayrılıb. Ən böyük salon Azərbaycana məxsusdu. Demək olar ki, bu salonda Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini, bugünkü inkişafını göstərən möhtəşəm bir maket yaradılıb. Səslənən Azərbaycan musiqiləri, tamaşaçılara təklif olunan Azərbaycan mətbəxinin nemətləri bu salonda əməlli - başlı qələbəlik yaradıb. Üstəlik, həmin tədbir üçün Açıq Hava Konser Alanında keçirilən canlı təmas üçün 50 min ədəd Azərbaycan bayrağı, 50 min ədəd xüsusi, üzərində Azərbaycanın tarixi abidələrini əks etdirən yelpək, 50 min ədəd məlumat kitabçası və digər maraqlı tədbirlər hər kəsin ürəyincə oldu. Tamaşaçılar arasında paylanan və hər kəsin də məmnuniyyətlə qəbul etdiyi bayraqlarımız demək olar ki, bu ərazini bayraqlar meydanına çevirmişdi.
Mən fürsətdən istifadə edib, İzmirdə böyük Nazim Hikmətin abidəsini də ziyarət edirəm və həmin o möhtəşəm ərazidə dərin fikirlərə dalmış Nazim Hikmətin nələr düşündüyünü dəqiq bilməsəm də, amma mənə elə gəlir ki, o, arzularından birini, yəni türk dünyasının möhtəşəmliyinin şahidinə çevrilməsindən çox məmnundur.
Bakıdan İzmirəcən olan bu səfərimiz yenidən İstanbula qayıtmaqla davam edir. Biz gəmiyə əyləşib boğaz içində üzürük. Dənizdə İstanbulu, onun adalarını seyr edirik. Maraqlı olan burasıdır ki, adamın üzünə gülən bu dənizin az qala dibi görünür. Hətta böyük diqqətlə baxanda arabir üzən balıqlar da diqqəti çəkir. İstər Qız qülləsinə, istər Asma körpüyə, istər dənizdən aydınca görünən möhtəşəm abidələrə tamaşa etdikcə adam inana bilmir ki, bütün bu gözəllikləri necə qoruyub saxlayırlar. Axı bizdə hər kəs daha çox əlində gəzdirdiyi və özünə yük hesab etdiyi boş su qablarını və digər əşyaları dənizə tullamaqdan sanki zövq alır. Mən burada belə bir mənzərənin şahidi ola bilmədim. Hətta limanda balıq yemək növbəsində dayanan turistlərdən də heç kim cəsarət edib əlindəki artıq hesab etdiyi nəyisə dənizə atmırdı. Görünür, yerli sakinlərin yaxşı nümunəsi onlara dərs olmuşdu...
Bakıdan İzmirəcən olan və bir də Bakıya qayıdan yolçuluqda biz jurnalistlərin yardımçısı "Çağ Öyrətim" və bir də Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi idi. Məhz onların birgə təşkil etdikləri və çox möhtəşəm şəkildə keçirilən "Türkcə Olimpiyatları Kültür Şöləni"nin 11 - ci festivalı tarixə mənim inamıma görə, Azərbaycana artan sevgi və diqqətlə düşdü. Mən orada özümü qərib hesab etmədim.
Təyyarəmiz Atatürk limanından havaya qalxır...
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV