adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2020 12:11
14716
SİYASƏT
A- A+

Milli Məclisdə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumat dinlənilib

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edilib.

Adalet.az-ın məlumatına görə, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

O bildirib ki, Azərbaycanda insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb:

"İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.

Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb”.

Həmçinin diqqətə çatdırılıb ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir.

Müzakirələrdən sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib.

Nicat Novruzoğlu