adalet.az header logo
  • Bakı 19°C

İçimizdəki uşaq

XURAMAN HÜSEYNZADƏ
51467 | 2013-06-01 01:47
Sizi bilmirəm, mən cizgi filmlərini hələ də çox sevirəm. Lap uşaqlıqda olduğu kimi. Hərdən özümə elə gəlir ki, bir şeirdə dediyim kimi: "mən heç böyümədim..."
Elə bilirəm, insan yaşa dolduqca öz uşaqlıq çağına daha çox bağlanır. İçindəki uşağı böyüdə bilmir. Eləcə mumiyalayıb özü ilə qəbir evinə aparır. Dünənimizdən qopa bilmirik, keçmiş bizi özünə çəkir və... içimizdəki uşaq böyümür.
Mələk kimi pak oluruq uşaq vaxtı. Günah etmirik, zehnimiz, yaddaşımız ağappaq kağız kimi olduğu üçün günahsız vaxtlarımızda yaşadıqlarımız yazılır ora. Bu qədər pak yaşantıların üstündən çəkdiyimiz ağrı-acıları, etdiymiz günahları qəbul etmir yaddaşımız. Dərd üstdən dərdin gəlməsi mümkün olsa da, yazı üstdən yazı həkk olunmur.
Doğulduğumuz, böyüdüyümüz ilk addımlarımıızı atdığımız, hətta ilk dəfə sevdiyimiz məhləyə, məktəbə, ev-eşiyə, el-obaya bağlı oluruq. Bu, ayrı bir məhəbbətdir, bağlılıqdır. Adamın bəzən daş-divara sarılıb hönkür-hönkür ağlamağı olur. Heç bəlkə də insana bu cür sarılıb hönkürə bilməzsən. Balaca əllərinin izlərini daş-divarda, ayaqlarının izini torpaqda axtarırsan. Qopa bilmirsən keçmişindən. Böyümək-həyatın qoynuna atılmaq deməkdir. Həyatın qoynundan atılaraq dünyaya göz açdığın yerlərə getmək istəyirsən. Böyümək istəmirsən yəni. Uşaqlığın nə qədər ağrılı-əzablı keçsə belə yenə o günlər üçün darıxırsan...
İçimizdə bir uşaq yaşayır beləcə. Qocaman adam olduğumuz bir vaxtda hansı əxlaqın, tərbiyənin, mənəviyyatın yiyəsiyiksə, içimizdəki uşaq da o əxlaqda tərbiyədədir. Çünki o, necə böyüyübsə, biz də o cür formalaşmışıq. Uşağın tərbiyəsi ilə məşğul olmaq heç vaxt gec olmur. Əsas odur ki, biz bu istəkdə olaq...
"Oğullarınıza qarşı cinsə hörmət etməyi öyrədin. Gecə yarısı evə qayıdan qadının axtarılmasının vacib olmadığını da. Qadının dost olaraq qucaqlana biləcəyini də. Toxunmaqdan qorxmamağı öyrədin. Birini qorumaqla, sahib olmanın fərqli şeylər olduğunu da öyrədin. Heç kimsəyə yuxarıdan aşağı baxmamasını da öyrədin. Amma bütün bunları əvvəlcə öz içinizdəki uşağa öyrədin..." Albert Eynşteyn deyirdi...
Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV