Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.
Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.
Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.