adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"SƏNDƏN GÜL İYİ GƏLİR..."

VƏSİLƏ USUBOVA
36152 | 2013-06-01 01:46
Görəsən, Yer üzündə ilk körpə doğulanda dünya nə şəkildəymiş?! Gecəymiş, gündüzmüş?! Aymı nurlandırırmış o məkanı, Günəşmi?! Ulduzlar necə, onda da indiki kimi soyuq, əlçatmaz olublar?! Bəs, meşələr, dağlar, dənizlər?! Hamısı var idimi?!. İnanmıram. O səsdən, o çığırtıdan sonra dünya əvvəlkitək qala bilməzdi. Mütləq dəyişməliydi-isinməli, canlanmalı, böcəyindən qartalınacan dəyişməliydi...
Həmin gündən başlanıb dünyanın doğum günü, tarixi. Hər gün dönə-dönə təkrarlanır. Hər qarışında hər saat, hər dəqiqə doğulursan ağ dərili, sarı dərili, qara dərili Körpəm! Rəngdən-rəngə düşür dünyamız qədəminlə, nəfəsinlə...
Dünyamızın yaşıdısan! Mənsə səni cəmi otuz üç il əvvəl tanımışam. Və o gündən başqalaşmışam, tamam ayrı adam olmuşam mən. Elə bir məkanda tanıdım ki, orada gecəli-gündüzlü qışqıra-qışqıra, göynəyə-göynəyə, deyinə-deyinə qarşılayırdılar səni. Və bu acılar elə tez ötüb keçir, göz yaşları elə tez quruyurdu ki, özləri də heyran qalırdılar. Amma kimsə təəccüblənmirdi. Bu, həyatın qanunuydu. Kimsənin oxumadığı, ancaq hamının əzbər bildiyi qanunu. Təkcə dünyagörmüş ağbirçəklər köks ötürüb başlarını bulayırdılar: "Hələ bu harasıdı ki... Hələ qarşıda nələr var, nələr..." Onlar çox şey bilirlər... Çox şey görüblər.
Üstəlik, qadınların ona əzab verəni çox sevdiklərini də...
Dünyanın ən qutsal məkanıydı orası. Pəncərələrindən dördbir yana sənin çığırtıların yayılırdı. Yolçulara bir anlıq da olsa, günün ağırlıqlarını unutdururdu...
O zaman ağlımdan bir fikir keçmişdi: "Görəsən, ərlər arvadlarını, övladlar analarını niyə çiyinlərində gəzdirmirlər?!."
***
...İndi elə düşünmürəm. Biz könüllü qurbanlarıq, Körpəm! Heç ağırlıq verərikmi, yüklərikmi sizləri?! Amma hamınızçın yaşamağa alışmamışıq hələ. Öz balalarımızçın canımızı oda-suya vursaq da, səndən ötrü çox az şeylər etmişik... Hələ bir-birimizə güllə atırıq, haqqını tapdalayırıq, tikəsini əlindən alırıq. Aldadırıq, aldanırıq, atılırıq, unuduluruq... Hamısının da zərbəsi sənə dəyir. Yetimxanalara düşürsən, uşaq evlərində böyüyürsən... Bir xoş baxışın, isti təbəssümün, məhrəm sığalın həsrətini çəkirsən... "Dərd" sözünü anlamadan dərd içində böyüyürsən. Yaxşı yemirsən, isti geyinmirsən, istədiyini almırsan. Günah bilmədən günahlarımızın cəzasını çəkirsən. Səngərdə də doğulursan, zəlzələdən dağılan evin altında da, sellərin-suların qoynunda da... Vyetnamda, Fələstində, İraqda bombaların qaldırdığı torpaq bələyinə tökülüb... Kəlbəcərin, Laçının qaçqın karvanında da dünyaya göz açmısan, Xocalının buz bağlayan yollarında da...
Üstəlik, düşmən əsirliyində də...
Gör, dünya sənin qarşında nə qədər günahkardı...
Sən bilirsənmi Günah nədi?!. Bilmirsən. Təkcə buna görə sənə qibtə eləmək olar...
Dünya yaranandan ölümlü həyat sürsə də, insan ölümə alışa bilmir. Hər dəfə onu fəryadnan, naləynən qarşılayır...
Ən dəhşətlisi sənin ölümündü, Körpəm! Hələ danışmamış, ağı qaradan, yaxşını pisdən, doğmanı yaddan ayırmamış ölürsən, ölə bilirsən... Səni dünyaya gətirənlərin, babanın-nənənin gözü qabağında ölürsən. Yaşamamış, yaşlanmamış, ölüm qorxusu duymamış... Can yanğısı, xəcalət içində buraxıb gedirsən səndən əvvəl dünyaya gəlib, sənin dünyadan köçməyini vicdan ağrıları içində qıvrıla-qıvrıla seyr edənləri...
Bircə bunu yaşatma bizlərə...

Sən kiçiksən öləməzsən.
Kəfən belə geyəməzsən.
Qarlı dağlar almış səni,
İstəsən də dönəməzsən...

Nədən dönəməzsən, Körpəm, nədən? Nə var o qarlı dağların arxasında? Kim kəsib yolunu, kim saxlayıb səni?!. Bizdən çoxmu sevir səni?!.
Cənnət quşu olursan, deyirlər. Kim inandıracaq məni buna?!. Gözümün qabağında baş verənlərə inanım, yoxsa... Bilmirəm, anlamıram... Gücsüzlüyümü boynuma alıram...
***
Məndən ötrü dünyada ən sehrli mənzərə sənin yuxuna, bir də "nahar"ına tamaşa eləməkdi. Deyəsən, təkcə məndən ötrü yox...
Küləklər əsməsin,
şimşək çaxmasın,
Körpə yuxusundan
gül dərən zaman.
Göy guruldamasın,
sellər axmasın,
Ana körpəsinə
süd verən zaman...

B. Vahabzadə

Dünyadakı bütün qoxular sənin nəfəsindi. Amma bu ətri hamının burnu duymur. Hər kəs təkcə öz balasını qoxulamağı sevir.
Sözlərimə görə məni bağışla, Körpəm! Bir zamanlar mənim də nəfəsini qoxuladığım bir körpəm vardı...Özü getdi, ətri qaldı... İndi... hər yaşında yuxuma girir. Bir də görürəm yeddi-səkkiz yaşında, məktəbli formasında qollarını açıb üstümə yüyürür. Bir dəfə lap bələkdəki çağları girdi yuxuma. Çimizdirib təmiz dəsmala bükmüşdüm. Burnuma sıxıb qoxulayırdım: "A-az, sən Allah, buna baxın ey... Görün bundan nə gözəl iy gəlir..." Bu yazını düşünəndə lap möcüzə baş verdi. Günorta, deyəsən, mürgüləmişəm. Anidən gözümə göründü. Boynunu əyib gülümsədi... Əynində də xırda milləri olan, yaxalığı, qollarının, cibinin ağzı göy köynəyi... İşə bax ki, onun belə köynəyi olduğunu unutmuşdum...

Çaydan sel iyi gəlir,
Sudan lil iyi gəlir.
Ay mənim bircə balam,
Səndən gül iyi gəlir...

***
Bu gün sənin bayramındı...
Sən bilirsən Bayram nədi?!.

Bunu biz düşünmüşük. Özümüzə təsəlli verməkçin. Sizin hər gününüzü bayrama çevirə bilmədiyimizə görə...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV