adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÜNAH

ƏLÖVSƏT BƏŞİRLİ
34857 | 2013-06-01 01:45
(əvvəli ötən şənbə sayımızda)

Telefon zəng çaldı. Dəstəyi qulağına aparan Ağababayevin üzü əvvəlcə mülayim, sonra sərt ifadə aldı:
- Təsərrüfat tamam-kamal yoxlanılmalıdır. O dikbaş cəzasına çatmalıdır.
Dəstəyi yerinə qoyub söhbətin kimdən və nədən getdiyini fəhmlə hiss edən Gülaya baxdı:
- Eşidirsən də, prokuror tərəddüd eləyir. Yox, mən heç kimə güzəştə getməyəcəyəm.
Bayaq stolun üstünə sərdiyi naxışlı kağız süfrəni yığışdırıb boş stəkanı götürən Gülay başını tərpətdi:
- Əlbəttə, - deyə adəti üzrə rəisinin sözünə qüvvət verdi, - belələrinə güzəştə getmək olmaz.
Sonra çox vacib sirri açırmış kimi pıçıldadı:
- Onlar çoxdanın yaxınıdırlar. Müdir prokuroru gen-bol yedirdir, cibini doldurur.
- Hiss edirəm, ancaq bu dəfə hiyləsi baş tutmayacaq, imkan verməyəcəyəm, mərkəzlə danışıb "ipini" kəsəcəyəm onun.
O, bu sözləri qəzəb dolu qətiyyətlə deyib köməkçisinə möhkəm tapşırdı:
- Heç kimi mənə qabaqcadan deməmiş yanıma buraxma. De ki, həftədə bir dəfə qəbul günü gəlsinlər.
Köməkçi qadın prokurorun zəngindən sonra əsəbiləşib sərtləşən "şefini" məhrəm nəzərlərlə süzüb yalnız onların ikisinə məlum "simə" toxunaraq ərklə dedi:
- Arxayın olun, sizdən icazəsiz kabinetinizdə heç "qızıl quş" da uça bilməz.
Sevimli qadının sözləri elə bil kişinin ürəyinə məlhəm oldu, hirsi soyudu, üzü işıqlandı.

***
Ağababayevin kabinetindən çıxan Gülay ümumi şöbənin qapısını açdı. Otağının pəncərəsindən aydın görünən qoşalaylı hündür qapıya sarı boylandı. Onun icazəsi olmadan heç kəs bu qapıdan rayon rəhbərinin qəbuluna düşə bilməzdi.
O, otağın küncündəki iri, tünd rəngli dəmir seyfin qapısını açanda telefon zəng çaldı.
- Bəli, eşidirəm, Abı müəllim, sizsiniz? Nə əcəb sizdən? Necə? Xeyr, zarafatla dedim. Siz həmişə zəng eləyib hal-əhval tutursunuz, hədiyyəniz də öz yerində. Çox sağ olun, razıyam. Kişi də yaxşıdır. Sizin keçən axşamkı çıxışınızdan razı qalıb. Deyir yaxşı ki, təcrübəli prokurorum var, əsl yuristdir. Hə, hə, elə belə də dedi, papam canı. Bəli, müşavirə olacaq. Siz hardan bildiniz? Mən özüm xəbər verəcəkdim. Onda xahiş edirəm yoldaşlarınızla birlikdə gəlin. Rəislə hakimi deyirəm. Sağ olun.
Dəstəyi yerinə qoyub fikrə getdi. Bu "hiylə" həmişə onu qabaqlayır. Hər şeydən hamıdan tez xəbər tutur. "Heç gözüm su içmir bundan. Kişinin üzünə gülür, tərifləyir, içində tələ qurur. Mənə belə gəlir, ürəyimə damıb. Camaat əbəs yerə ona "hiylə" demir ki".
Otağın qapısının qəfildən açılmasından səksəndi. Baş makinaçı Zəhra özünü təngnəfəs içəri saldı.
- Nə olub, ay qız? Qorxutdun məni, elə qapı açarlar? Nədi, xeyir ola?
- Lənət şərə. Sağlığına hamısını xırıd elədim. Zalım oğlu zavxoz Saleh elə bil iy bilir.
Gülayın şübhə ilə qoşalaylı qapıya sarı boylanmağını görüb səsini içinə saldı:
- Hardansa öyrənib ki, rayona vneştorq malı gəlib. Özü də hamısı xodovoy... Bir də özün bilirsən də, xeyir işimiz olacaq, gəldim yağ, düyü məsələsini yadına salım.
Gülay arxayın-arxayın dəstəyə əl atdı:
- Alo, Alışov, salam! Tanıdın? Ola bilməz, sən başqalarını, özünə xeyirliləri tanıyarsan. Kişi elə doğru deyir ki, Alışov yox, Alımovsan. Nəə? Səni biabır eləməyim? Eləyərəm, o yana da keçərəm. Bəs sən vneştorqun malını gizlədəndə yaxşıdı? Nə, təzə gəlib, heç anbara yığılmayıb? Deyirəm axı, Alımov, vay bağışla, Alışov məni yaddan çıxarmaz. Yaxşı-yaxşı, and-aman eləmə, sənin o belibükük kaftar katibənin canıyçun inandım. De görüm yağın, düyün, qəndin var? Bizim Zaranın xeyir işi olacaq, ona görə soruşuram. Yox, mənə lazım deyil. Belə xırda-xuruş şeylərdən ötrü özümçün ağız açmaram. Sağ ol!
Zəhra sevincək Gülayı qucaqladı:
- Ay sənə qurban olum, Gülya. Allah səni başımızın üstündən əskik eləməsin.
Gülayın barmaqlarını qoşalayıb dodağına tuşlayaraq "sss..." elədiyini görüb səsini xırp kəsdi. Araya ani sükut çökdü. Gülay ona mənalı-mənalı baxıb soruşdu:
- Bəs başqa xəbər-ətər yoxdu bu boyda rayonda?
- Niyə yoxdu?! - deyə qulağına pıçıldadı: "O məsələni öyrənmişəm".
Gülayın gözləri qəribə bir maraqla alışıb yandı. Ona elə gəldi ki, Zəhra qulağına adi söz pıçıldamır, bir-birindən qiymətli brilyant sırğalar taxır...
- Yenə nə pıçhapıçdır!..
Balaş Balayevin daz başı qapı ağzında işıldadı:
- Deyirəm, pıçhapıç olmasa görən qadınlar necə yaşayarlar?
Söhbətin şirin yerində qanını qaraldan Balayevə Gülayın acığı tutdu. Ona əsəbi halda bozardı:
- Qadınlar yox, indiki kişilər yaşaya bilməzlər!
Balaş Balayev gözləmədiyi "həmlədən" çaşıb tez özünü yığışdırdı: "Bu zalım qızı əsəbləşəndə üzünü görmə, düz deyirlər, "dişi iblis"dir, özündən nə desən uydurub kişiyə başqa söz deyər məndən..."
Qadın Balayevin karıxıb özünü itirdiyini hiss etdi. İlk dəfə görürmüş kimi onun tava cücəsi kimi qızarmış ətli sifətinə, tərdən puçurlanan iri, daz başına qəribə nəzərlərlə baxdı, hirsi soyudu, dodağı qaçdı. Kişinin ürəyi yerinə gəldi:
- Gülay xanım, vallah, mən elə-belə zarafatla dedim o sözü...
Hirsi soyusa da, qadın geri çəkilməyib sözündən dönmədi:
- Ancaq mən zarafat-zad eləmədim, olanını dedim.
Özünəməxsus yumşaq, yayxanmış xırda addımlarla ona yaxın gəldi:
- Xətrinə dəyməsin, köhnədən bir-birimizi tanıyırıq. Neçə illər rayonun kəndlərində müəllim yoldaş olmuşuq. Burada da neçə vaxtdı işləyirik. Mən həmişə rayonda birincinin köməkçisi, söz deyəni olmuşam, sən də təsərrüfata baxan katib.
- Elədir, bir yerdə işləyib xətir-hörmətlə dolanmışıq.
- Bəli, elədir ki, var. Ancaq dediyi sözü danan, bağışla məni, yay kimi əyilib düzələn, orda-burda onun-bunun qeybətini qıran, "dostu"nun üzünə gülüb qarasına danışan, yerli-yersiz "mən kişiyəm" deyənləri də az görməmişik.
O, nəfəsini dərib Balayevə zənlə baxaraq gülümsündü:
- Əlbəttə, bayaq dediyim sözün sənə dəxli yoxdur. Özün bilməmiş olmazsan xətrini necə istəyirəm, lap çox.
- Xətrin əziz olsun, Gülay xanım. Onu da deyim ki, vallah sənə qanıqaralıq yaraşmır. Bax, beləcə gülümsəyəndə adın kimi özün də gözəl olursan.
- Doğrudan?! Onda icazə ver, sənin komplimentinə lətifə ilə cavab verim. Lətifəsi səndən uzaq olsun. Bir nəfər güzgüyə baxıb görür ki, başında cəmi üç tük qalıb. Birini arxaya, yerdə qalanın hərəsini bir tərəfə darayıb işə gedir. Ertəsi gün görür ki, iki tük qalıb. Hərəsini bir yana darayıb evdən çıxır. Nəhayət görur ki, bir tükü qalıb. Fikirləşir ki, necə etsin, hansı tərəfə darasın bu tək tükünü. Birdən hirslənib darağı yerə çırpır. Arvadı soruşur ki, nə olub? Deyir: "Heç bundan sonra saçımı daramayacağam".
Gülay öz lətifəsinə qəhqəhə çəkib güldü. Zəhra da ona qoşuldu. Balayevin gülməyi gəlməsə də qadınların üzünə irişdi. Cibindən dəsmal çıxarıb daz başının tərini silə-silə Ağababayevin qoşalaylı qapısına tərəf baxdı:
- Kefi yaxşı olsaydı, səhər vaxtı gedib ilham alardım.
- Kefinə nə gəlib, get ilhamını al!
Qadının sözündən ürəklənib qoşalaylı hündür qapıya yaxınlaşdı. Dərindən nəfəs ala-ala dayanıb pencəyinin düyməsini, qalstukunun düyününü yoxladı, əlini dəstəyə atıb canlı mötərizəyə döndü. Bir anlığa beləcə quruyub qaldı, sonra qorxa-qorxa qapını özünə tərəf çəkdi. Otağının pəncərəsindən onu görən Gülay istehza ilə boyalı dodağını büzdü:
- Ala ey... Arvadı da deyir, kişimin vəzifəsi var. Zalım oğlu qapıya da yaltaqlanır.
Zəhra onun sözünə qüvvət verdi:
- Eh, arvad özü nəmənədi, yapalağın biri, pivə boçkasına oxşayır.
Gülay əda ilə özünü əsdirib dedi:
- Elə gülüm olanın, başına külüm olar.
* * *
Ağababayev kandarda fikirli halda dayanıb sual dolu baxışlarını ona zilləyən köməkçisindən soruşdu:
- Nə olub?!
- Heç... yanınıza gəlmək istəyən var. Deyirəm sabah vaxtlı gəlin, indi gecdir, israr eləyir.
- Kimdir o?!
- Atakişi...
- Atakişi?
O, ani olaraq fikrə gedib alnını ovuşdurdu. Və birdən üzü işıqlandı, itirdiyini tapmış kimi səsləndi:
- Kişini qapıda gözlətmə, qoy gəlsin!
Gülay getmək istərkən birdən ayaq saxlayıb tərəddüdlə:
- Demişdiniz yadınıza salım. Ondan şikayət var, - dedi. Sonra məsələnin nə yerdə olduğunu bildirmək üçün əlavə etdi:
- Sizə vermişəm şikayət məktublarını, seyfinizə qoymusunuz.
Kişi səbrsiz halda əlini yellədi:
- Dəxli yoxdur, de gəlsin!
Ortaboy, tökməbədən, qalın bığlı, çal saçlı, qarabuğdayı dolğun sifətli kişi ləngərli addımlarla kabinetə daxil oldu. Ağababayev dərhal ayağa qalxıb köhnə dost kimi gülər üzlə onu qucaqlayıb öpdü:
- Maşallah, səndə də hövsələ var. Neçə vaxtdır buradayam, gəlib çıxmırsan. İclaslarda görsəm də, üstünü vurmuram ki, başqaları duyuq düşər. İstəmirəm bilsinlər ki, biz köhnə dostlarıq.
- Hə, onda cavan idik. Başqa rayonlarda işləsək də, Bakıda iclaslarda görüşürdük, bir-birimizin kəndinə, təsərrüfatına gedib-gəlirdik, məsləhətləşirdik, çətinliyimiz olanda köməyimiz dəyirdi bir-birimizə...
- Gör yadıma nə düşdü: bir dəfə qışın oğlan çağı tövlədə yem-ot qurtardı. Dağdan düşdüm arana, düz sənin yanına boş maşınlarla gəldim. Gördüm maşallah, ot tayaların sıralanıb. Sən də əlüstü maşınları yüklətdirib yola saldın məni.
- Elə bil dünən olub. Ömür necə keçir... Ancaq sən mənim kimi yerində saymamısan, maşallah, vəzifə pillələrində qalxmısan: idarə müdiri, icrakom sədri, neçə illər rayonlarda birinci. Axır ki, gəlib bizim rayona çıxdın...
- Mən də gözləyirəm ki, Atakişi nə vaxt gəlib görüşəcək, təbrik edəcək...

(ardı var)
Əlövsət BƏŞİRLİ

TƏQVİM / ARXİV