adalet.az header logo
  • Bakı 19°C
18 May 2020 11:53
10654
GÜNDƏM
A- A+

Etibar Əliyev: Yaxşı əsərin arxasında həm də adamlıq dayanır

Əkrəm Əylisli son müsahibəsində bunu da deyib: "İndi xalq bizdən əsər yox, adamlıq gözləyir.” Yazıçı və adamlıq mövzusu. Maraqlı mövzudur. Elə deyil, Əkrəm müəllim! Xalq həmişə yazıçıdan əsər gözləyib. 

Yaxşı əsərin arxasında həm də adamlıq dayanır. Pis əsər həm də müəllifi öldürür. Fransız filosofu, ədəbiyyat tənqidçisi Rolan Bartın "Müəllifin ölümü" adlı maraqlı əsəri bu mövzuda gözəl nümunə sayıla bilər. Maraqlıdır ki, yazıçıların böyük əksəriyyəti "Bioqrafiya"larını ahıl vaxtlarında yazırlar. Bizim yazıçılar bunu edə bilmirlər. Çünki hər şey göz qabağındadır. Bir akademik tənqidçi bunu etmişdi, lakin gülüş hədəfinə çevrildi. Knut Hamsunun faşizmi qəbul etməsinə baxmayaraq, indi də ən çox oxunan yazıçılardan biridir. Hamsun faşizmi qəbul edənə qədər əsas əsərlərini yazmışdı. 90 yaşında ən yaxşı əsərlərindən birini, «Ot basmış cığır boyu» romanını yazdı. Müəllif kimi ölmədi. Elə Rolan Bartın müəllifin şəxsiyyətini təhlil etdiyi aspektlərin içərisində onun siyasi baxışları, şəxsi keyfiyyətləri də mühüm yer tutur. Təəssüflər olsun ki, bizdə müəlliflərin çoxu ölüb. Başqa bir məsələ, bütün dünyada böyük yazıçıların yeni əsərləri həm öz xalqı, həm də dünya xalqları tərəfindən səbirsizliklə gözlənilir. Məsələn, mən bir neçə yazıçının: Kutzeenin, İsiquronun, Ekonun (yaxınlarda dünyasını dəyişib), Yelinekin və s. yeni əsərlərini səbirsizliklə gözləyirəm. Bunların adamlıqlarından xəbərim yoxdur, lakin böyük yazıçılardır, qələmi yerə qoymurlar. Əsərlərinə görə ehtimal etmək olar ki, elə adamlıqları da yerindədir.

P.S. Mən Yusif Səmədoğlunun "Qətl günü" və Sabir Rüstəmxanlının "Ömür kitabı" əsərlərinə növbələrin şahidi olmuşam.