Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru kollektivə təqdim olundu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyevi fondun kollektivinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun əsas vəzifəsinin banklarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, maliyyə-bank sisteminin sabitliyinə və inkişafına xidmət etmək olduğunu bildirərək fondun son illərdə həm bu vəzifənin icrası ilə bağlı, həm də ləğvedici kimi fəaliyyəti barədə məlumat verib və bunun çox məsuliyyətli iş olduğunu qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Əmanətlərin Sığortalanması Fondunun gələcək fəaliyyəti ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdıraraq ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün fondun kollektivinə məsləhət və tövsiyələrini verib.
Sonda Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun ölkənin maliyyə-bank sabitliyinin qorunması istiqamətində fəaliyyətinə müvəffəqiyyət arzulayıb.
Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev ölkə başçısının ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.