ƏN DƏRİN BiR ÇAY VAR...

İRADƏ TUNCAY
63058 | 2007-10-20 08:10

O vaxtlar ki, bu məmləkətdə hər kəs oxumağa aludə idi, ürəyindən keçəni yazmağa qoymurdular. İndi yaza bildiyimiz bu sərsəm dövrdə də heç kim oxumur. Ancaq mən hər halda yazıram, bəlkə nə vaxtsa, kiməsə lazım olacaq. Bütün ağrı-acımla bərabər düşünürəm ki, bəxtimə elə bir mühitdə böyüyüb dərs almaq nəsib olub ki, ağlı kəsən adam qibtə edə bilər. İndi klassik dediyimiz şəxslər ki var onları canlı-canlı görüb, hətta əl verib görüşmüşəm də. Düzdür, mənim üçün səadət duyğusu olan bu xatirələr bir başqasına gülməli görünə bilər. Yadımdadır, indi İnşaatçılar prospektində gördüyünüz büst ki var - Müşfiqin büstü - onun açılışında atam əlimdən tutub məni Rəsul Rzanın yanına apardı, o da başımı sığalladı. 7-8 yaşım vardı, amma indiyə qədər xatırlayıram. Və onu da xatırlayıram ki, bir xeyli vaxt məktəbdə çox böyük fəxrlə yoldaşlarıma da danışırdım. İndi görəsən elə bir uşaq varmı ki, şairlə canlı görüşdən başı gicəllənsin?
   
   ***
   
   O, həmişə yaşından qat-qat cavan görünüb. Qadınların diqqəti həmişə üzərində olub. Yaraşıqlı, boy-buxunlu, qədd-qamətli idi. Şirin, duzlu söhbətləri vardı. Adi bir hadisəni elə bəzəyib-düzəyib danışardı ki, uğunub gedərdin. Özünə məxsus ifadələri var ki, indi də yadıma salanda çözə bilmirəm. Kiminsə kobudluğunu, qabalığını ifadə etmək üçün ona "malbasan" deyirdi. Nə deməkdi, sözün kökü hardan gəlir, bilməm ki.
   
   ... İndi ağır-ağır mənə tərəf gələn, gəncliyinin əks-sədası gözlərində, saçında və təbəssümündə qalmış Söhrab Tahirə baxıb fikirləşirəm ki, deyəsən yaş öz işini görür.
   
   - Bala, nədi, yenə ağlamısan?
   
   - Yox...
   
   - Ağla, səni bu göz yaşları belə cavan saxlayır...
   
   Məntiq var, deyə düşünürəm. İçindəki ağrını göz yaşıyla çıxarırsan, sənə yük olmur. Bəlkə onun da hər zaman cavan görünməyinə səbəb göz yaşları olub. Amma əvvəllər onu ağlayan gördüyümü xatırlaya bilmirəm. Çox şən olurdu, ən faciəli hadisələri də yumorla danışardı.

TƏQVİM / ARXİV