adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 May 2020 10:31
18443
SİYASƏT
A- A+

Eldəniz Quliyev: “Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin ixtiyarı yoxdur”

"Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: mərdi qova-qova... namərd oldular!..”

Modern.azxəbər verir ki, bu sözləri Milli Şuradan istefa verməsi haqqında qərarının səbəblərini izah edərkən Eldəniz Quliyev vurğulayıb.

O qeyd edib ki, Milli Şuranın ilk yaradıcılarından biridir və hər zaman onun demokratiya uğrunda apardığı mübarizədə ön sıralarda olub:

"Heç kəs şübhə etməsin ki, mən xalqımın haqq etdiyi ləyaqətli həyat, demokratik təsisatlar, eləcə də mental dəyərlərimizi hifz etmək naminə, yenə də mübarizənin önündə olacam.

Bununla yanaşı, acı təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və o qrupun çəkisi ağır gəldi. Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissi ilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah Milli Şuraya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol bir baş məğlubiyyətə aparır və s. və i.a.

Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an "hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı,ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd heyif!..

Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi), birlikdə qala bilərdimmi? Əsla!

Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum, demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir.

Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı-hüququ-ixtiyarı yoxdur!
Mən isə hələ də öz yerimdəyəm – prinsiplərimə, əqidəmə və uğrunda mücadilə apardığım ideallarıma sadiq olaraq qalıram və başqa cür ola da bilməz! Yola davam!”