adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 May 2020 16:50
10044
GÜNDƏM
A- A+

Restoran, kafe, çay evlərinin bu saatlarda fəaliyyətinə icazə verilir

18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə verilib.

İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması qüvvədədir.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması tələb olunur.

Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.