adalet.az header logo
  • Bakı 12°C
15 May 2020 16:04
24421
GÜNDƏM
A- A+

“Pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil” - Vasif Talıbov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə koronavirusla mübarizə sahəsində qabaqlayıcı tədbirlər görülüb, martın 24-dən xüsusi karantin rejiminə keçirilib. Ölkə Prezidentinin də dediyi kimi: "Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik”.

Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

Ali Məclisin Sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasında da koronavirusla mübarizə tədbirləri ilk günlərdən diqqətdə saxlanılıb, martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyənləşdirilib, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar yaradılıb:

"Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqların, dərman və ləvazimatların alınması da bu sahədə görülən işlərin davamıdır. Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilib, bununla bağlı müvafiq Sərəncamlar imzalanıb. Karantin rejiminə uyğun olaraq muxtar respublikada bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilib, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılıb. Təbii ki, pandemiya ilə mübarizədə səhiyyə müəssisələrinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mövcud infrastruktur, müasir tibbi avadanlıq və ləvazimatlarla təminat, ən əsası isə ixtisaslı həkim və tibb işçilərinin olması virusla mübarizədə əsas səbəbdir. Eyni zamanda qarşıya qoyulan vəzifələrin aid qurumlar tərəfindən vaxtında yerinə yetirilməsi və sakinlərin qaydalara düzgün əməl etməsi də pandemiyanın qarşısının alınmasında mühüm rol oynayıb".

V.Talıbov muxtar respublikada pandemiya ilə mübarizə tədbirlərini həyata keçirənlərə - səhiyyə işçilərinə, gigiyena və epidemiologiya mərkəzlərinin kollektivlərinə, daxili işlər orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, baytarlıq təbabəti işçilərinə, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkürünü bildirib.

"Mayın 2-dən etibarən Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumuşaldılmasına başlanılıb, yeni qaydalar müəyyənləşdirilib. Lakin bu, arxayınlaşma üçün əsas olmamalı, aid təşkilatlar və muxtar respublika əhalisi tətbiq olunan qaydalara ciddi əməl etməlidirlər. Səhiyyə Nazirliyi bundan sonra da izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzinin, eləcə də bütün tibb müəssisələrinin fəaliyyətini nəzarətdə saxlamalı, tibbi ehtiyatlar yaradılmalı, yeni alınmış avadanlıqlardan səmərəli istifadə olunmalı, test yoxlamaları davam etdirilməlidir. Nazirlik pandemiya ilə bağlı profilaktik tədbirləri, xüsusilə də əhalinin maarifləndirilməsini diqqətdə saxlamalı, risk qrupunda olan şəxslər qorunmalı, yeni yoluxma faktı təsdiq olunduqda həmin şəxslərlə təmasda olanlar dərhal karantinə alınmalıdır.

Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlərdən bundan sonra da səhiyyə müəssisələrinin sifarişi əsasında istifadəni təmin etməli, yeni tibbi avadanlıqların, dərman və digər zəruri ləvazimatların alınması diqqətdə saxlanılmalıdır. Daxili İşlər Nazirliyi yaşadığı yerdə karantində saxlanılan şəxslərə nəzarəti davam etdirməli, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri yaşayış məntəqələrində növbəti dezinfeksiya tədbirləri həyata keçirməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin yaşayış minimumunun və məşğulluğunun təmin edilməsini diqqətdə saxlamalı, hər ay boş iş yerləri çıxarılaraq təqdim olunmalıdır. Pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Əhalinin də tətbiq olunan qaydalara əməl etməsi vacib məsələdir. Ona görə də görülən bütün işlərdə sakinlər həmrəylik nümayiş etdirməli, ictimai yerlərdə və parklarda, eyni zamanda ictimai-iaşə obyektlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmalıdır”, - deyə Ali Məclisin Sədri vurğulayıb.(azvision.az)