adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2020 15:02
64851
ƏDƏBİYYAT
A- A+

Adil Şirin - 65

Onda da mən olmaram, -

Deyərlər Adil hanı?..

A DÜNYA

Cavanlıqda məclislərdə tost dedim,

İnsanlara qardaş dedim, dost dedim.

Şeir yazdım, dərd üyütdüm, qəm yedim,

Gənclik bitdi, dostlar getdi, a dünya.

Dünya dondu, mən çeşmə tək çağladım,

Cihad dedim misir qılınc bağladım.

Ölən öldü, qalan qaldı-ağladım,

Kim deyir ki, cihad bitdi, a dünya.

Mənim qəlbim uca dağ şəlaləsi,

Mənim ruhum göydə Ayın haləsi.

Qeybdən gəlir mələklərin xoş səsi,

Fələk mənə zülm etdi, a dünya.

Dağ başında o gördüyün dağ qala,

Mən hördüyüm, sən hördüyün daş qala...

Biz otları çapıb getdik dördnala,

Dağlarda izimiz itdi, a dünya.

***

Çıxmadı dostların çoxu sınaqdan,

Sürtük izlər çay daşı kimi.

Məni cəlb edənlər bir vaxt uzaqdan,

Düşdü gözlərimdən göz yaşı kimi.

Açdım ürəyimi doğmaya, yada

Həqiqət naminə yolları yordum.

Zaman atlı oldu, mənsə piyada,

Ömrümü kül edib göyə sovurdum.

MƏN HARDAYAM

Fələk bağladığı qapı,

Açılarmı bir də görən.

Çarəsiz qalmışam, Allah,

Dərman varmı - dərdə görən?

Həsrətinə sarılmışam,

Yarpaq kimi saralmışam.

Gözləməkdən yorulmuşam,

Göydəyəmmi, yerdə görən.

Bir ürəkdən-arzu dolu,

Bir bulaqdan - sevgi yolun.

Bir budaqdım - sındı qolum

Tufandayam, qarda görən.

Məzardayam, məhbəsdəyəm?..

Tordayam, ya qəfəsdəyəm?..

Xəstəyəm - son nəfəsdəyəm

Ağlar məni burda görən.

Bir yerdəyəm sular axmaz,

Yağış yağmaz, şimşək çaxmaz.

Ay boylanmaz, Günəş çıxmaz

Mən hardayam, harda görən.

NEYLƏYİM

Bu gün sənin ad günündür, əzizim,

Yolum bağlı gələmmirəm neyləyim.

Gözlərində gilələnər göz yaşın,

Əlim çatmır, siləmmirəm neyləyim.

Könlüm dualarla ovunmur daha.

Mələk göyə çəkir, fələk günaha.

Ölüm çox ucuzdur, torpaq çox baha

Gücüm çatmır öləmmirəm neyləyim.

İtirmişəm günün, ayın vaxtını,

Yazı yazan necə yazdın baxtımı?

Tufan qopdu şimşək vurdu taxtımı,

İstəsəm də güləmmirəm neyləyim.

Cavanlığım uçdu getdi əlimdən,

Qaçqın oldum, köçkün oldum elimdən.

Məhbəslərdə ayrı düşdüm gülümdən

İndi daha biləmmirəm neyləyim.

Adil, yenə coşar təbin, ilhamın

Kim söndürər haqdan yanan bir şamı?

Həsrətinlə qarşılaram axşamı,

Tənhalıqda qalammıram neyləyim.

QƏFƏS

Yaşayıram dörd divarın içində,

Bu dünya bir qəfəs imiş sən demə.

Bu həyatda aldığım hər bir nəfəs

Bilməmişəm, son nəfəsmiş sən demə.

Arzularım, ümidlərim puç oldu,

Məhbəslərdə sındı qolum, qanadım.

Görəmmədim qohum toyu, dost toyu

Fələk mənlə yaman oyun oynadı.

Dağ əriyir külə dönür ahımdan,

Allah, görən niyə belə doğuldum.

Gəlmişəmmi, görmüşəmmi... bu dünya

Bir röyaymış - röyalarda yox oldum.

Ruhum canda, canım zindanda dustaq

İndi bildim həyat, ölüm yuxuymuş.

Dünya özü bir qəfəsmiş, bir qəfəs

Azad insan, azad ömür yoxuymuş.

YADIMA DÜŞÜRSƏN

Dərdinlə tək qoydum səni,

Unut, qəlbindən at məni.

Ömür gödək, dünya fani

Yaman yadıma düşürsən.

Uzun, incə barmaqların,

O titrəyən dodaqların

gülü solmuş yanaqların -

Getməz gözümün önündən,

Yaman yadıma düşürsən.

Tale dönük, mən bir naşı,

ötüb keçdi gənclik yaşım.

Gül bitirdi gözün yaşı

Yaman yadıma düşürsən.

Ötdü illər bir səs kimi,

Arzu kimi, həvəs kimi.

Hər aldığım nəfəs kimi,

Gülüm, yadıma düşürsən.

Aylar keçər, illər ötər

Bir gün ömrüm sona yetər.

Allah, görən bu dünyada

Dərd varmı hicrandan betər.

Həsrətindən qəlbim yanır,

O sənli günlərim hanı?

Könlümün şahı, sultanı

hər an yadıma düşürsən,

Yaman yadıma düşürsən.

NƏ YAŞAMAĞA HƏVƏS, NƏ ÖLMƏYƏ GÜCÜM VAR

Nəydi günahım, Allah,

bunca əzabın yetər.

Məhbus qəfəs içində

qəlbim nəğmələr ötər.

Bu nə ömür, nə gündü

taleyimə yazıldı.

Yollarımın üstündə,

kor quyular qazıldı.

Çırpınır qəlbim yenə,

həsrət, hicran içində.

Tanrım, səndən nə umum

ömrüm köçhaköçündə.

Nə yaşamağa həvəs,

nə ölməyə gücüm var.

Halına yanıb ağla

qayıtmasan bu bahar.

DEYƏRSƏN ADİL HANI

Tənhalıqdan sıxılıb

Saralarsan, solarsan.

Gecə ilə gündüzün,

arasında qalarsan.

Dörd divarın içində,

fikirlər üzər səni.

Təsbeh dənələri tək

bir sapa düzər səni.

Xəyalların karvanı

gecə baş alıb gələr.

Ürəkdəki arzular,

gözdən yaş olub gələr.

Gecələr Ay sirdaşın,

ulduz gözətçi olar.

Xəyalında qurduğun

arzular min-min olar.

Xatirələr dənizi.

alar səni qoynuna.

Özün də mat qalarsan

bu taleyin oyununa.

Ümid göyərçin olub,

bir gün döyər qapını.

Onda da mən olmaram, -

Deyərlər Adil hanı?..

YOLUN AÇIQ OLSUN

Fələyin qəminə düşmüşəm, oğul.

Anandan, bacından muğayat ol sən.

Mən çox qovğalarda bişmişəm, oğul,

Onlara hər zaman qol-qanad ol sən.

Yolun açıq olsun, baxtın da yüyrək,

Qapını taleyə bağlama, oğul.

Mərmi tək partlasa sinəndə ürək,

Ananın yanında ağlama, oğul.

Mənə sirdaş olub göylərdə hilal,

Dərd diddi içimi - mən ağlamadım.

Süfrəm açıq olub, çörəyim halal

Fələyin felinə bel bağlamadım.

Yenə də içimdə bir od qalandı,

Rüzgar xəbər verdi halından sənin.

Bədirlənmiş Aydan salam yolladım

Mübarək Ay öpsün alnından sənin.

GƏLSƏN QAPIMI DÖYMƏ

Dörd divar arasında

ulayır yalquzaq külək.

Məzarımı qazın gedim,

görün nə istəyir fələk.

Yay günü mənim yuxuma,

qar düşər, bəyaz qar düşər.

Gəlsən qapımı döymə,

barmaqların üşüyər.

Xəbərim yoxdu bu gün

yaxınımdan, uzağımdan.

Payız yarpağı kimiyəm,

ayrılmışam budağımdan.

Bir quş yuvasında

Buludlar keçdi, durnalar uçdu,

gümüşü göllərdən sonalar uçdu,

güzgülər qırıldı, aynalar uçdu,

qar düşdü dağlara, ağlama, ana.

Qar düşdü dağlara, ağlama, ana,

ağlama, qaralar bağlama, ana,

ötən günlər gəlir ağlıma, ana,

bir quş yuvasında qaldı o günlər.

Bir quş yuvasında qaldı o günlər,

bir aşıq sazında qaldı o günlər,

ömrümün yazında qaldı o günlər,

qar düşdü dağlara, ağlama, ana...

QürbƏt qoşması

Kimdi çapan kəhər atın belində

nədi axan Həkərinin selində?

dağlarımız qaldı yağı əlində -

Ərzurumun gədiyinə varmaram.

Ərzurumun gədiyinə varmaram,

qollarımı yar belinə sarmaram,

ağla, könül ağla, mən tarmaram

vaz keç, aşıq qardaş, halımı sorma.

Vaz keç, aşıq qardaş, halımı sorma,

burax varıb gedim, yolumda durma,

sən deyən deyiləm, özünü yorma -

gözümü qan tutub, bir at yəhərlə.

Gözümü qan tutub, bir at yəhərlə,

Bir Qırat yəhərlə, Dürat yəhərlə,

atımın başına üzərlik hərlə,

bir dəli cəngi çal, cəngim var mənim.

BƏdirlƏnmiş ay eşqinƏ

Kölgəsi özündən gözəl şah tutlar,

köpük-köpük, pəmbə-pəmbə buludlar…

Durnalarla geri dönmür umudlar -

sən dünya dediyin burası deyil…

Rüzgar alnımızdan bir misra silməz,

sevdalı könüllər bir daha gülməz,

ölüm bir namərddi, dost-düşmən bilməz,

sən dünya dediyin burası deyil…

Bədirlənmiş Ay eşqinə dua eylədim,

bəlkə heç olmamış şeylər dilədim,

bu dünyanın hər üzünə bələdəm -

sən dünya dediyin burası deyil…

Aman, Allah, aman Allah!

Bir ovuc torpaq imiş

şairlərin dünyadan

ən böyük umacağı -

başı bəlalı

Vətən torpağı.

Gözləri solur, solur,

bir gün qara torpaq olur,

əlləri yarpaq olur -

dönür tənha ağac olur şairlər.

Bütün ağaclardan tez yarpaqlayır,

bütün ağaclardan tez çiçəkləyir.

Bütün ağaclardan tez yarpaq tökür -

fələk qərib şairləri təkləyir.

Sonra yenidən nur tək doğulur,

bu da şair taleyinin sonluğu, sonu.

Nur tək doğuldumu şair yenidən

bir daha öldürə bilməzlər onu.

Aman Allah, aman Allah!

Şairlərin bu dünyadan son umacağı

bir ovuc torpaq imiş,

Vətən torpağı