adalet.az header logo
  • Bakı 16°C
14 May 2020 15:00
7313
GÜNDƏM
A- A+

SOCAR: “Abşeron” layihəsi ilə bağlı işlər plan üzrə davam etdirilir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul edib.

SOCAR-dan Adalet.az-a verilən məlumata görə, Fransa şirkətləri ilə SOCAR-ın əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə səfir energetika sahəsinin Fransa və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından olduğunu qeyd etmiş, bu münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirilib. Fransanın TOTAL şirkətinin "Abşeron” layihəsində SOCAR-la birlikdə iştirak etdiyi, bu layihənin uğurlu icrasının Fransa üçün də böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Məlumata əsasən, qeyd olunub ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, "Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.

Görüşdə Fransanın digər şirkəti, mühəndislik sahəsində zəngin beynəlxalq təcrübəyə malik "Technip”in SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin modernizasiyasında baş podratçı qismində iştirak etməsinə toxunulub, bu layihənin də qrafikə əsasən uğurla icra olunduğu bildirilib. Səfir, həmçinin SOCAR-ın dəstəyi ilə fəaliyyət göstərən fransız liseyinin fəaliyyətindən söz açıb, təhsil müəssisəsini bir neçə dəfə ziyarət etdiyini söyləyib və orada təhsil alan şagirdlərin valideynlərinin məmnunluğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb. Tərəflər, həmçinin ətraf mühitin qorunması ilə bağlı Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək tərəfdaşlıq üçün uğurlu perspektiv vəd edən digər istiqamətlərə dair ətraflı fikir mübadiləsi aparıblar.