adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 May 2020 11:34
26131
ELM VƏ TƏHSİL
A- A+

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə tədrisin davamlılığının təmini, məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli təşkili, fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişafı məqsədilə tədbirlər davam etdirilir.

Nazirlikdən Adalet.az-a bildirilib ki, tədris prosesinin dayandırıldığı müddətdə nazirlik tərəfindən bir sıra ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgi, dəyirmi masalar və digər tədbirlər həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar onlayn platformada reallaşan sözügedən tədbirlər üzrə 8000 nəfərdən çox məktəblinin iştirakı təmin edilib. Belə ki, nazirliyin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən respublika səviyyəli "Biz birlikdə güclüyük”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzularında rəsm müsabiqələri, "Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, "Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, "Evdə qalaq, nəğmə deyək” müsabiqəsi, Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar, habelə "Qavaldaş” - zərb çalğı alətləri ifaçılığı üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, "Bu günün alimi” (Scientist for a day) inşa-yazı müsabiqəsi, "Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlərdə ümumilikdə 6000-dən çox məktəbli iştirak edib. Mayın 7-dən start verilən "Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına iyunun 1-də yekun vurulacaq.

Eyni zamanda, şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-Pri turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə "Beynəlxalq təhsil kuboku” və digər idman tədbirlərində 2000 nəfərdən çox şagirdin iştirakı təmin edilib.

Bundan əlavə, aprelin 1-dən start verilən onlayn dərslərdə indiyədək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən çox müəllim iştirak edib. Dərslər müəssisələrin cədvəlinə uyğun təşkil edilib.

Onlayn dərslərlə yanaşı, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi 5 gün "Mədəniyyət” telekanalında yayımlanan "Dərs vaxtı” proqramı və şənbə günü yayımlanan "Dərsdən sonra” blokuna uyğun olaraq məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.