adalet.az header logo
  • Bakı 20°C
14 May 2020 10:01
42333
MƏMLƏKƏT
A- A+

ŞƏKİ və KARANTİN - Bir qonağın qeydləri

Karantin rejimi yumşaldılandan sonra, artıq bir həftəyə yaxındır ki, Şəkidə qonağam. Hər il yeni il qabağı, "Novruz bayramı” və isti yay aylarında ailəmlə birlikdə Şəkiyə gələr, Şəkidən olan dostumla birlikdə şəhərə çıxar, ğözəl təbiətdə özümü çox rahat hiss edər və bütün yorgunluğumu çixarmağa çalışardım.

Əvvəlki illərdə həftə sonları Şəki özlərinin dili ilə desək Parijə bənzəyərdi, həm respublikamızın sakinləri, həm də xaricdən gələn qonaqlar Şəkidə keçirilən möhtəşəm festivallara tamaşa edər, bütün günü şəhərdə gəzər, meşə kimi hündür ağaclarla əhatə olunmuş parklarda istirahət edər, adı ilə tanınmış çayxanalarda pürrənci çay içərdilər.

Şəkiyə gəlib Şəki pitisindən yeməyən çətin ki, tapılardı. "Qaqarın”, "Cənnət bağı”, "Arı Məmmədin pitixanası” kimi öz dadlı pitisi ilə tanınmış yerlərdə piti yemək üçün 1 gün əvvəldən xahiş etməli olurdun. "Marxal”, "Narınqala”, "Cənnət bağı”, Şəki Park”,”İssam Otel” və sairə bu kimi yerlərdə sıxlıq olar və 10-15 gün əvvəldən tanışlıqla gecə qalmaq üçün yer saxlayardılar.

Bu il başqaları kimi, mən də Şəkidə olduğum bu 7 gün ərzində tam başqa mənzərənin şahidi oldum.

Bu gün turistləri və Şəkinin qonaqlarını, üzlərində qoruyucu maska, əllərində qoruyucu əlcək olan və gün ərzində şəhərın sıx olduğu yerlərdə və obyektlərdə, sakinlərə işləri olmadığı təqdirdə evdən çıxmamaları, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması, qoruyucu vasitələrdən istifadə etmələri barədə tövsiyələr verən və koronavirusa qarşı təbliğat işləri ilə məşğul olan rayon icra hakimiyyətinin rəsmi şəxslərı əvəz edir.

Əvvəlki illərdə şəhərin küçələrində sərbəst gəzən turistləri, bu gün xüsusi paltarda olan və əhalinin sıx olduğu yerləri, bankları, bankomatları, bazarı müntəzəm olaraq dezinfeksiya etməklə məşğul olan, əhali arasında "İntiqamın işçiləri” kimi tanınan kommunal təərrüfatı idarəsinin əməkdaşları əvəz edir.

Əvvəlki illərdə şəhərə gələn qonaqların avtomobilləri o qədər sıxlıq yaradardı ki, hərəkət etmək belə çətinləşərdi. Bu gün isə həmin avtomobilləri, yerli icra hakimiyyəti və polis şöbəsinin, üzərində səsgücləndirici qurğular quraşdırılmış və gün ərzində bir neçə dəfə sakinlərə tələb olunan qaydalara əməl etmələri ilə bağlı çağırışlar edən avtomobillər əvəz edir.

Bu gün bərbər, dərzi, mağaza, restoran, kafe və s. hara getsən onların qapısında və ya pəncərəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən karantin rejimi ləğv olunandan sonra tətbiq olunan qaydalar barədə tövsiyyələrin vurulduğunu görərsən.

Əvvəlki illərdə qonaq-qaralı Şəkidə əhalinin şıxlığını hiss etməyənlər, bu gün boş qalmış küçələrdə sanki darıxır, özlərini öz dilləri ilə desək "yetim” kimi hiss edirlər.

Şəki həmişə qonaq - qaralı olub. Elə bir ev, elə bir ailə olmayıb ki, o ailənin Novruz bayramı ərəfəsində, yay aylarında, xüsusi ilə də Şəkidə müntəzəm keçirilən festivallar dövründə qonağı olmasın. Bu gün isə Şəkidə qonaq olan 5-10 nəfər varsa, onlardan da biri mənəm və mən də özümü tam rahat hiss edə bilmirəm. Çünki Şəki öz qonaqları və qonaqvərvərliyi ilə daha möhtəşəm, daha cazibəlidir.

Bu gün koronavirusla bağlı respublikamızın hər yerində olduğu kim, Şəkidə də imkansız ailələrə "H.Əliyev fondu”, müəyyən holdinq, şirkətlər və şəhər İcra hakimiyyəti tərəfindən yardımlar paylanılıb və hazırda da həmin ailələrin diqqətdə saxlanıldığı bildirilir.

Lakin, həmişə evində qonağı olması ilə fəxr edən şəkililərin qonaqların gəlişinə, onlarla ürəkdən deyib-gülməyə daha çox ehtiyacı var.

Mən də bu 7 gün ərzində gördüklərimdən sonra, şəkililərə onların da ürəklərində olan arzularımı çatdırıram:

- Allah Şəki və şəkililəri qonaqsız etməsin!

- eviniz həmişə qonaq-qaralı,

- süfrəniz həmişə bərəkətli,

- üzünüz həmişə gülər olsun!


Ə.Rüstəmov. Şəki-Bakı