adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 May 2020 13:13
60930
ƏDƏBİYYAT
A- A+

DAHA MƏNDƏN SƏNİ UNUDAN OLMAZ - Vasif Süleyman yazır

Yüz il yaşamaqnan çatmaq olmayır,

Bir dəfə ölməknən çatdığın yerə


ANA, QƏBİR QONŞUN ÖZGƏSİ DEYİL

Ana, qəbir qonşun özgəsi deyil,

Tanrının verdiyi butandı, vallah!

İllərnən yolunu gözləyib duran,

İllərnən əlindən tutandı, vallah!

Fani dediyinlə əlbəyaxadı,

Varımız Tanrıdan gələn yoxadı…

Bu qəlbiqırıqlar qəlbiyuxadı,

Gəmisi dəryada batandı, vallah!

Şirin röyadadı, qəfil oyandır,

Canı sıxlmasın işığı yandır.

Sənə qəriblikdə qərib həyandır,

Bir döy qapısını, atamdı, vallah!


QIZIM SƏYALIYA

Gülər gözlərində tapdım xoş günü,

Çəkildi ağrım da, acım da, qızım!

Bu boyda şirinlik tapa bilmərəm,

Dünyanın o biri ucunda, qızım!

Nə möcüzə belə, nə sirr beləcə,

Ruhuma can verir səsin beləcə.

Nanə yarpağı tək əsir beləcə,

Ürəyim ovcumun içində, qızım!

Ayrı nə diləyim, ulu Tanrıdan,

Odur Yaradan da, odur yarıdan.

Yoxdu bir gileyim ağ gün sarıdan,

Sən də yanımdasan, bacın da, qızım!


BİR AZCA

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir də Allah bilir nəsən, bir azca.

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necədi, səndən də küsəm bir azca.

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi nə yaman qısa deyirsən…

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.


SƏNƏ DEYİLƏSİ ÜRƏK SÖZLƏRİM

Ağlımmı çoxuydu onda, sən Allah,

Onda xoşa gələn boyummu vardı...

Boyum gödək oldu, indi ağlım az…

Dünya dəyişmədi məni sevəndə,

Məni sevməsən də dünya dağılmaz.

Nə yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.

Daha qənşərinə bağlanır yolum,

Qırılır, sökülür adam içindən.

Demişəm sevirəm, deməmiş olum,

Minnətə əl atma adam içində.

Guya ulduz olub çəkildik göyə,

Bacarsan indi tap, orda hansıyıq...

Təsəlli axtarma yaşayaq deyə,

Dünyada o qədər ölüm-itim var -

Hərəmiz birinə qoşulasıyıq.

Vədəli qismətə sığınammadıq,

Qoşa gəlməyin də bəlası varmış.

Ürəyə axmağın, qəlbə yatmağın,

Xoşa gəlməyin də bəlası varmış.

Nə yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.


GƏLSİN

Eşqin ayrılıqdan keçən yolu var,

Keçimmi… ayrılıq havası gəlsin.

Bu eşqə göylərdən fərman verilib,

Tanrım, aç sirrini, mənası gəlsin.

Bu ömrün sonudu - bu eşqin sonu,

Əllərim alovun içində donur.

Yerlərmi, göylərmi yaratmış onu,

İnsan yaradıbsa...anası gəlsin.

Gecə gördüyümü danışdım suya,

Gözümə gəlməkdən usandı röya.

Yandıra-yandıra gəlib dünyaya,

Varmı məndəngözəlyanası...gəlsin.


YERİYDİ

Qaçdım arxasında köçüm yetmədi,

Çölüm parçalandı, içim yetmədi.

Onsuz da pozmağa gücüm yetmədi,

Qismət yollarıydı, tale yeriydi.

Gözlərə gəlməyən röyasan dedi,

Tapmazsan, təzədən arasan dedi.

Cəmisi ikicə misrasan-dedi.

Vallah, bir şirincə nalə yeriydi.

Yüz «şər»dən keçmişəm bu «şər»ə kimi,

Saldılar düşməzə-düşərə kimi…

Demədim… Yandırsın məhşərə kimi,

Dərdimi deməyin əla yeriydi.


YÜZ İL YAŞAMAQNAN ÇATMAQ OLMAYIR

Bizdən üz çevirən, üz çevir bəri,

Ömrü səndən umduq, qisməti haqdan.

Ağlara qalaydı qara günləri,

Nə ölüb qurtarır, nə yaşamaqnan.

Bu boyda dünyada onsuz da təksən,

Olsan da xoş günlə yanaşı belə.

Başdaşı alınır hayana çəksən,

Üst-üstə qoyanda beş daşı belə.

Daşlara dəyməyin, qəribdi onlar,

Daşlar bir-birini görübmü, görən…

Torpağın üstündə qərib olanlar,

Torpağın altında qəribmi, görən…

Ürəyin yüyürür, gözlərin axır,

Torpağı bir ovuc atdığın yerə.

Yüz il yaşamaqnan çatmaq olmayır,

Bir dəfə ölməknən çatdığın yerə.


SOLANDI YANAĞIN YAŞ OLAN YERİ

Ömrümdən ehtiyac keçdi, səngidi,

Qapandı dərdimin boşalan yeri.

Göz dağı - dağların ən nəhəngidi,

Bir də talelərin qış olan yeri.

Gördüm ağlamamış ürək kiridi,

Onda yerin-göyün dərdi biriydi.

İlahi, dünyanın xoş bəxt yeridi.

İlk eşqin ürəyə tuş olan yeri.

Həsrəti özümə gərək bilmişəm,

Onu duz bilmişəm, çörək bilmişəm.

Yanmaya-yanmaya ürək bilmişəm,

Sinənin altında daş olan yeri.

Sevincdən daşındım, qəmdən daşındım,

Göz yumub-açınca yandım, yaşandım.

Torpağa su düşsə, yaşıllaşandı,

Solandı yanağın yaş olan yeri.


EYLƏ

Bu ömrün əzəldən taxtı-tacı yox,

Mən qulluq eyləyəm, sən şahlıq eylə.

Daha xoş günlərə ehtiyacı yox,

Barı yaman günü halallıq eylə.

Qurtardı bəxt ilə eşqin davası,

Dağılıb yurd yeri, uçub yuvası.

Bu dəli könlümün itib havası,

Kimi səsləyim ki, havalıq eylə.

Yenə sənə tərəf uzandı əlim,

Sən niyə getmişdin, mən niyə gəlim…

Eşq ol, dərgahına səcdəyə gəlim,

Bu qərib taleyə Allahlıq eylə.


NƏ OLUR, OLSUN

Alın yazısıdır, tale qisməti,

Axarı-baxarı nə olur, olsun.

Ölümnən olumun mənzilindəyik,

Əvvəli, axırı nə olur, olsun.

Eh, nəyim gedibdi, eh, nəyim qalıb,

Bircə yol Allahı grməyim qalıb.

Yarısı dağılmış ürəyim qalıb,

Bu ömrün çıxarı nə olur, olsun.

Üzündə zülmət var, əlində çıraq,

Bir ömür verilib, qismətinə bax.

Üstü başdaşıdır, ayağı torpaq,

Ta ondan yuxarı nə olur, olsun.


BALACA ADAŞIMA

Tələsmə, hər şeyi düz anlamağa,

Tələsmə, dünyanı tez anlamağa.

Başlasa, başını dərdə salacaq,

Ürək anlamağa, göz anlamağa -

Get adaş, get oyna, qurbanın olum!

Bilməyib kədərə gülmək, bir aləm,

Dünyadan-dünyaya gəlmək, bir aləm.

Sonra heç birindən keçmək olmayır,

Yaşamaq bir aləm, ölmək bir aləm -

Get adaş, get oyna, qurbanın olum!

Özünü bir dünya daddan qoyarsan,

Qohumdan, yoldaşdan, yaddan qoyarsan.

Kənddə toy çalınır, get quzu kəsim,

Əlinə xınadan-zaddan qoyarsan -

Get adaş, get oyna, qurbanın olum!

Üzümdən dünyanın təlaşı getməz,

Dərdnən çilik-ağac yanaşı getməz.

Vasifin başında başqa havadı,

Heç onnan bir yerdə qardaşı getməz -

Get adaş, get oyna, qurbanın olum!


O SEVGİ

Bir para ağrı var səndən ömrümə,

Vallah, ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.

Gözümüz açılıb dünyaya birgə,

O səhər tutmuşdum üzünü sənə.

Yaxşı ki, vaxtında küsüb getmisən,

Çaşıb deyəcəkdim düzünü sənə.

Keçdin ürəyimdən ayağı yalın,

Keçdin, bu aradan yad keçməmişdi.

Onsuz da kimisə sevməli idim,

Mən səni sevməyə and içməmişdim.

O sevgi min ilin toyundan gəlir,

O sevgi o yerin suyundan gəlir.

Babam da beləcə sevdi nənəmi,

O sevgi kökümdən-soyumdan gəlir.

Bir para ağrı var səndən ömrümə,

Vallah ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.


DAHA MƏNDƏN SƏNİ UNUDAN OLMAZ

Axma göy üzünə, ay tifil bulud,

Səndən yağış yağmaz, özünü şax tut.

Nə xeyri, yüz denən unutma, unut,

Daha məndən səni unudan olmaz.

Hamı qərib olur dünyada, axır,

Qəriblər hərəsi bir qərib nağıl.

Ay zalım, başına özgə çarə qıl,

Daha məndən səni unudan olmaz.

Payıma nə düşər, umuddan özgə,
Nə gördük, küsüdən-umudan özgə?!
Sevənin mən olum, unudan özgə,
Daha məndən səni unudan olmaz.

Olmaz məndən başqa heç kim qurbanın,
Mənəm bu sevdanın düşkün qurbanı.
Ay yetim sevginin, eşqin qurbanı,
Daha məndən səni unudan olmaz.

Bəlkə tanımadın məni də gendən,

Alnımda qırışdan, saçımda dəndən.

Bu boyda igidlik gözləmə məndən,

Daha məndən səni unudan olmaz.


DƏRDİ OLMAYANLAR

Dərdi olmayanı gedib taparsan,

Hələ nə yaşındı, hələ nə vaxtdı…

Dərdi olmayanı gedib tapınca,

Ay zalım, hamını dərd tapacaqdı.

Bağla, pəncərəni keçim küçədən,

Bu küçə nə sənin, nə də mənimdi.

Məni çəkən dərdin dünyası böyük,

Sənin saxladığın dərd düyünçəsi

Dərd edib adına göndərənindi.

Mən ulduz olanda sənə can atdım,

Sən ulduz olanda qaçırdın niyə…

İstəyin kədərli çiçək açıbmış,

Mənim gözlərimdə puçurdun, niyə…

Arxamda dağ kimi dayanan dağı,

Əridib qarşıma uçurdun, niyə…

Bağla pəncərəni keçim küçədən,

Bağla, heç olmasa birini bağla,

Bağlı pəncərənin gününü ağla.

Beləcə güləsən ömrün uzunu,

Yoluna tələsən dərdli dəliydi.

Süzülə-süzülə gələn səadət,

Üzülə-üzülə keçinməliydi.

Dərdi olmayanlar, harda var, zalım…

Nazını çəkəsən hədər gülənin.

Qədrini bilmədin dərdi bəllinin,

Dərdini bilməzsən qədirbilənin.

Dərdi olmayanı gedib taparsan,

Hələ qərənfilsən, hələ nə vaxtdı…

Dərdi olmayanı gedib tapınca,

Ay zalım, hamını dərd tapacaqdı.


BU QIZIN GÖZÜNDƏ

Uzalı qalıbdı əli, yolunda,

Bəxtinin çoxundan, azından keçir.

Əlini vermədi ölüm yolunda,

Keçinir…Kiminsə nazından keçir.

Yolur saçlarını o, saçdan keçir,

Dostdan, rəfiqədən, yoldaşdan keçir.

Bu qızın gözündə nədi bu oğlan,..

Ömründən-günündən bu başdan keçir.

Bu qızın gözündə nədi bu oğlan…

Bu qızın qubarlı gözündən soruş.

Bu qızın dinməyə heyi qalmayıb

Ağrıdan, təpərdən, dözümdən soruş.

Dünyanın hər cürə üzündən keçir,

Xəyalı dağından, düzündən keçir.

Qurban veriləsi gözləri qalıb,

Ağlayır, indi də gözündən keçir.

Görən, nə danışır dodağı altdan,

Onsuz diləməyə Aman qalmayıb.

Qoymayın, yer qaçdı ayağı altdan,

Göydən tutmağa da güman qalmayab -

Bu qızın gözündə nədi bu oğlan…


BİR DƏLİ BULUDDAN YAĞAR BU YAĞIŞ

Bolluğa düşübdür bu göz yaşları,

Ömrünü yarıya bölüncə yağar.

Leysana başladı qız baxışları,

Sonuncu damlası ölüncə yağar.

Yağar bir yaddaşın-yadın üstünə,

Dilini göynədən adın üstünə.

Yağışlı-yağmurlu külə dönəcək,

Ha yağsın, yandığı odun üstünə.

Bir dəli buluddan yağar bu yağış,

Bir dəli könülə axar bu yağış.

Bir qərib sevginin dalınca yağar,

Gözünü əlindən alınca yağar.

Mən də bu yağışa yaxşı bələdəm,

Bilirəm, gecə də balınca yağar.

O, göz yaşlarının dalınca baxır,

Yanağı yüyürər istiyə bir gün.

Gözünün yaşını qurtarıb, axır -

Kimdənsə göz yaşı istəyər bir gün.


SEVGİ ŞEİRLƏRİMƏ

Sevgi şeirlərim, ötdü sevgidən,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…

Sizdə məni kimi bir belə təmiz,

Sizdə məni kimi belə utancaq.

Eh, məni bir qıza sevdirmədiniz,

Mən sizi yüzünə sevdirdim, ancaq.

Atılan nə qədər atan nə qədər,

Nə qədər zalım var, atam, nə qədər…

Ürək də yazıqdı çəksə, bu dərdi.

Başını sındırma sevilməyənlər,

Elə sevənlərin sayı qədərdi.

Elə sevənlərdi-sevilməyənlər,

Sevsə də, yansa da bəlası birdi.

Ağlımız kəsəndən sevən atılıb,

Canım yarımağa yar nə gəzirdi…

Mənim bu dünyadan alacağım var,

Mənim nə günüm var, olacağım var…

Sevgi şeirlərim sizdən savayı,

Mənim də nə küməm var, alacağım var.

Sevgi şeirlərim, ötdü sevgidən,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…


BU NƏ BƏLA İDİ

Bu nə bəla idi aldı başımı,

Mən axı, bu qədər naşı deyildim.

Sənə yol gəlirdim doğulan gündən,

Üç günün, beş günün işi deyildi.

Qəlbimə xal salıb gördün işini,

Demədin ürək var o xalın altda.

Arada bir dəli sevgi üşüyür,

Hərəmiz bir əlin sığalı altda.

Biz nəyi sayırdıq, tale nə saydı,

Qəmimmi yoxuydu, dərdmi azıydı…

Vədəsiz sevgilər doğulmasaydı,

Həsrət şeirləri yazılmazıydı.

Bu yerdə nə göy var, nə də ki, günəş,

Gedirəm, torpağa, daşa gedirəm.

Dünyadan köçməyə bir yer vədələş,

Bilim ki, səninlə qoşa gedirəm.

Bu dünya yar olmaz bizə, bilirəm,

Əllərim uzanmaz telinə qənşər.

Hələ yer üzündə gəzə bilirəm,

Gedim hazırlaşım ÖLÜMƏ QƏNŞƏR.


BU NECƏ HƏSRƏTDİ

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.

Ürəyim ovcumun içində hər gün,

Xəyalım göylərin qatından keçir.

İşə baxırsanmı, sənin yolların,

Mənim pəncərəmin altından keçir.

Bizi mənziləmi gətirdi yollar,

Bura havasızdı, yer nə, göy nədir…

Səni qucağına açılan qollar,

Məni üz qoyduğum balınc göynədir.

Ləngiyən vüsala tuşmu olmuşuq,

Yoxsa bu, taleyin çaşdığı yoldu.

Ayrılıb təzədən qonşu olmuşuq,

Ta bunun harası ayrılıq oldu…

Sevgisən, həsrətsən, gəlmirsən dilə,

Ürəkdən yüz hissin təlaşı keçir.

Hər səhər, hər axşam yanımdan belə,

Sevgim həsrətimnən yanaşı keçir.

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.


GAH ELƏ BİLİRƏM…

Gah elə bilirəm, məndən uzaqsan,

Gah elə bilirəm, yaxınsan mənə.

Sənə neynəmişəm, zalım balası,

Eynəyin altından baxırsan mənə.

Bilmirəm qalmışam əlində nəyin,

Belə hər nədisə, hissim dərindi.

Qara gözlərində qara eynəyin,

Bizim aramızda Xudafərindi.

Sənnən elə belə danışam gərək,

Özgə cür dinməyə fələk qoymayır.

Elə danışmağa bir arzu, istək,

Belə danışmağa ürək qoymayır.

Bir gün ağlamadım diləyim üçün,

Dərdim ulduzların göydəki sanda.

Bir gözəl nəğməsən ürəyim üçün,

Mən səni bircə yol oxumasam da.

Dünyaya ağ gəlir birinci günü,

Özünə min rəngi toxuyur insan.

Bəlkə doğmalığın ölüm hökmünü,

Sevgi başlayanda oxuyur insan.

Gah elə bilirəm, məndən uzaqsan,

Gah elə bilirəm, yaxınsan mənə.

Sənə neynəmişəm, zalım balası,

Eynəyin altından baxırsan mənə.


SƏYYAH

Hər gün ürəyimdən gəlib-gedirsən,

Yaxşı yol tapmısan gəlib-getməyə.

Elə yaxşısını sən eyləyirsən,

Qorxuram, başqası gələ, getməyə.

Birdən səsə düşər, qulağın səsə,

Dinlə o sözləri bir yalan kimi.

Hələ harasıdır, ürəyim üstə,

Dünyanı gəzəcən Magellan kimi.

Elə sənsizlikmiş ümid, pənahım,

Hər şeyi yazıram qəmin boynuna,

Heç qubar eyləmə mənim səyyahım,

Dəmir çarığın da mənim boynuma.

Tələsmə, bu yolda, astaca, aram,

Gör neçə gecəmiz, səhərimiz var.

İndidən deməyə bir az qorxuram,

Hələ o dünyaya səfərimiz var.

Tələsmə, adına biçilib bu yol,

Tələsmə, bu yolla tən gedənin yox.

Mənim ürəyimdə sən arxayın ol,

Qapıdan çıxanda ləngidənin yox.

Bu yol nə uzundu, nə də ki, qısa,

Bu yol ömür ilə ölüm arası.

Qəlbimə yol saldın, amma...

Hardasa,

Yolunu gözləyir kimsə, qadası.

Hər gün ürəyimdən gəlib-gedirsən,

Yaxşı yol tapmısan gəlib-getməyə.

Elə yaxşısını sən eyləyirsən,

Qorxuram, başqası gələ, getməyə.


VARMI…

Ay bu məzarın yiyəsi,

Orda torpaq, dəniz varmı…

Aranızda havalınız,

Dəli-divanəniz varmı…

Axşamınız, sabahınız,

Sevinciniz, günahınız.

Orda sizin Allahınız,

Allahsız bəndəniz varmı…

Nə yaman qucmusuz yeri,

Kimdi ölü, kimdi diri.

Qayıdanda mənnən geri,

Kəndə dönəniniz varmı…


DƏRD ŞƏKİLİ ÇƏKƏN RƏSSAM

Qənşərində çırpınıram,

Boylanıb uzağı çəkir.

Mən ürəyimə çəkirəm,

O vərəqə DAĞI çəkir.

Rəngləri elə calandı,

Baxdım ürəyim talandı.

Nə bilir ciyərim yandı,

Zəhər çəkir, ağı çəkir.

Biri yoxdu, biri vardı,

O rənglərə dünya dardı.

Dörd tərəfi çəmənzardı,

Saralmış yarpağı çəkir.


QIZIMA

Mən atasız, sən babasız,

dünya balasız, qızım!

Bir kimsə gələndə gəlməz,

dərdsiz, bəlasız, qızım!

İndi hayana baxırsan,

hər tərəfdən qan damır.
Bəlkə ona görə qalıb
çəmən lalasız, qızım!

Sən oyuncaqlarla oyna,

biz ömür-günümüzlə.

Udmağı qaldı məhşərə,

Allah-Taalasız, qızım!


KOR ADAM AĞLAYIR NECƏ…

Görən günü tez olaydı,

Sonra dərdi yüz olaydı.

Nədirdiləyi dünyadan...

Bir çəpəki göz olaydı.

Ölüb-qalası, neyniyir,

Qalıb solası, neyniyir.

Yaradan göz ha verməyib,

Görsün balası neyniyir…

Bir adam ağlayır necə,

Gör, adam ağlayır necə…

Nə göz var, nə də göz yaşı,

Kor adam ağlayır necə…


ZƏHRA

2017-ci il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndində ermənilərin törətdiyi təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhranın xatirəsinə

Üzündəki donan saflıq,

Bu torpaqla təndi, qızım!

Ermənidən düşmən olmaz,

Küçədən ötəndi, qızım!

O sevgi körpə canında,

Qorxma,nənən də yanında.

Bir gün haqqın divanında,

Səsimiz yetəndi, qızım!

Təsəlli bizə qalxandı,

Yer titrədi, göy çalxandı.

Getdiyin yer də Alxanlı,

Ora da Vətəndi, qızım!