adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 May 2020 08:45
11837
GÜNDƏM
A- A+

Faiq QİSMƏTOĞLU: CİBİMİZƏ GİRİRLƏR

Hər hansı təşkilatın telefon nömrəsini öyrənmək üçün biz istər-istəməz məlumat bürosuna üz tutmalı oluruq. Yəni bu məlumat bürosundan axtardığımız qurumun telefon nömrəsini öyrənmək bir o qədər də çətin iş deyil. Amma nədənsə indi bu məsələlər çox dolaşığa düşüb. Əvvəllər yəni pulsuz xidmət olanda 09-a zəng edirdik və çox asanlıqla hər hansı yerin telefon nömrəsini öyrənə bilirdik.

İndi neçə illərdir ki, bu xidmət sahəsini pullu ediblər. Yəni hər hansı yerin telefon nömrəsini öyrənmək istəyirsənsə, 012109-a zəng vurmalısan. Həmin ünvanı ev telefonlarından bu formada yığmaq olur. Dedik axı, indi bu xidmət sahəsi pulludur. Buna sözümüz yoxdur. Sözümüz onadır ki, bu xidmət sahəsi bir çox halda abonentlərə xidmət göstərmədiyi halda pul ödəmək qəbzi göndərir.

Biz də aprel ayında müəyyən nazirlikdən nömrə öyrənmək üçün 012109 nömrəyə zəng vurduq. Zəng vuran kimi səs yazısında bildirilir ki, Azərbaycan dilində soruşmaq üçün bir düyməsini, rus dilində soruşmaq üçün isə iki düyməsini basmaq lazımdır. Biz də bir düyməsini basdıq, bir qədər musiqi səsi gəldi, bir qədər gözlədik bir xəbər çıxmadı. Axırda nömrə məşğul olduğunu göstərdi.

Nə az, nə çox, 3 dəfə bu vəziyyət təkrarlandı və 3 dəfə də həmin xidmət sahəsilə əlaqə qurub axtardığımız nömrəni tapa bilmədik. Bir sözlə, əlimiz ətəyimizdən uzun qaldı. Düşündük ki, yazıq camaat gör bir nömrəni öyrənmək üçün nə qədər gözləməli, nə qədər də səbr etməlidir.

Aprel ayının telefon danışıqlarını və internet borcunu ödəmək üçün mayın 5-də Yeni Günəşlidəki poçta getdik. Ödəyici də mənim həyat yoldaşım Hüseynova Rəhimə Nəbi qızıdı. Biz hər ay telefon xidmətinə görə 2 manat 50 qəpik, internetə görə isə 10 manat pul ödəyirik. Amma bu dəfə əməliyyatçı Turac xanım Hüseynova bildirdi ki, 12 manat 50 qəpik yox, 13 manat 70 qəpik ödəməlisiniz.

Sözün düzü, əməliyyatçı xanımın sözü bizi təəccübləndirdi. Həmin xanım dedi ki, təəccüblənməyin. 1 manat 20 qəpiyi ona görə verməlisiniz ki, 012109 xidmətinə zəng vurmusunuz. Biz də dedik ki, ay xanım, düzdü, ora zəng vurmuşuq. Amma onlar bizə heç bir xidmət göstərməyiblər. 3 dəfə zəng etdiyimizə görə, həmin xidmət bizə 1 manat 20 qəpik əlavə borc yazıb.

Təbii ki, iradımızı Turac xanıma bildirdik. Amma o dedi ki, müəllim, bu bizlik deyil. Mən əməliyyatçı kimi nə yazılıbsa, ona baxıb sizə qəbz verirəm. Sizin xanımınızın adında da bu qədər borc var.

Farsların sözü olmasın, "xub” dedik, dinmədik. Və sonradan da fikirləşdik ki, balam, susmağımız həmişə başımıza bəla olur. Düzdür, atalar deyib ki, "danışmaq gümüşdürsə, susmaq qızıldır”. Elə bu cür atalar sözü bizi gətirib bu günə çıxarıb da. O qədər susmuşuq, axırda məmurlar gəlib miniblər bizim çiynimizə.

Heç başa düşmək olmur, axı bir xidmət sahəsi ki, xidmət göstərməyib, axtardığımız nömrəni bizə deməyib, nə üçün biz 1 manat 20 qəpik pul ödəməliyik? Hər abonentdən bu cür "xidmətə” görə 1 manat 20 qəpik oğurlamaq görün axırda hara gəlib çıxır. Bu, yüz minlərlə pul eləyir...

Sözümüzün canı ondan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhaliyə belə yarıtmaz xidmət göstərən və abonentlərin cibinə girən 012109 xidmətinin fəaliyyətini araşdırmalı və təqsirkar, günahkar şəxsləri üzə çıxarmalıdılar. Çünki hər addımda insanların hüquqlarının pozulması kimlərinsə xidmət göstərməyə-göstərməyə indiki karantin rejimində adamların cibinə girməsi heç də yaxşı əməl deyil. Bəlkə kimin üçünsə 1 manat 20 qəpik elə böyük məbləğ deyil. Amma bizim üçün nəinki 1 manat 20 qəpik, elə 20 qəpik də böyük puldu.

Ümumiyyətlə, bizdə xidmət sahələri bir çox halda belə yollarla əhalinin cibinə girir, onun halal pulunu oğurlayır və üstündən də su içirlər. Amma indi çox şey dəyişib və ölkədə böyük islahatlar həyata keçirilir. Xalqın cibinə girən əliəyri və dələduz adamlar ifşa olunur, cinayət məsuliyyətinə cəlb edilməlidirlər.