DAMA ÇIXAQMI?

İRADƏ TUNCAY
54184 | 2007-09-29 07:53

Bu Myanma deyilən ölkədə (bizim öyrəşdiyimiz kimi Birma) baş verənlər mənə çox maraqlı gəlir. Cənub-şərqi Asiyada, Hind-Çin yarımadasında yerləşən bu diyarın adı sən deyən elə də tez-tez hallanmır. Yəni Fələstin deyil, İraq deyil. Amma hər halda cənubunda olsa da Şərqdi və hər halda Asiyadı. Çağdaş dünyamızın məşəli durumunda olan Asiya. İşıqlanmaq yox, yanmaq mənasında - alovlanan qitə. Bu Birmamı, Myanmamı deyilən ölkə qəribə, təzadlı ölkədir. Anlayacağınız qoca Şərqin bütün ölkələri kimi taleləri və tarixləri oxşar. Yəni onun-bunun əlində oyuncaq. Fikir vermisinizmi, adlarını, bayraqlarını, konstitusiyalarını tez-tez, başçılarını gec-gec dəyişən bütün ölkələr mahiyyətcə dəyişmir. 1948-ci ildə Britaniya imperiyasının müstəmləkəsindən qopan çox ölkələr kimi Birma da həmin tarixin ağır irsini daşımaqdadır. Yoxsulluq, xarici kapitaldan asılılıq, feodal düşüncəsi, etnik zəmində toqquşmalar, milli kadrların çatışmazlığı və s. (söhbət sizə tanış gəlirmi?) Bütün ölkələrdə olduğu kimi burda da hakimiyyət uğrunda mübarizə eyni ssenarilər əsasında aparılır. Uzun sözün qısası, 1962-ci ildə hərbi çevriliş edib hakimiyyətə gələn xunta özündən əvvəl ölkədə baş verən hərc-mərcliyi yatırtmaq zorunda idi. Və Sovetlərdən yardım almaq üçün də sosializm yolu ilə getmək istəyini bəyan etmişdi.

TƏQVİM / ARXİV