adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 May 2020 17:33
76354
MƏDƏNİYYƏT
A- A+

Urmiyadan Azərbaycana uzanan yollar

Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı və ADPU-nin mətbəəsində nəşr olunan "Fatma Muxtarova” adlı elmi monoqrafiyası ilə tanış oldum. Altı fəsildən ibarət olan monoqrafiyada Azərbaycanın xalq artisti, ilk peşəkar opera müğənnisi olaraq metso-soprano kimi tanınan Fatma Muxtarovanın həyatı, yaradıcılığı həmçinin müxtəlif şəhərlərin opera səhnələrində ifa etdiyi mürəkkəb partiyalar geniş şəkildə tədqiq və təhlil olunur.

Görkəmli opera müğənnisi olan Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rostova, sonradan isə Peterburqa köçüb. Atası Abbas Rzayev onun üç yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub. 1910-cu ildə isə yeni ailə Saratovda məskunlaşmaq qərarına gəlib. Artıq on iki yaşında olan Fatma Muxtarova şarmanka (XVIII əsrin əvvəlində icad olunan musiqi aləti; kiçik ölçülü qutuya bənzər, orqan tipli, mexaniki çalğı üsulu ilə - dəstəyin hərəkəti ilə səsləndirilən alət) ilə küçələrdə mahnılar oxumaqla ailəsinin maddi problemlərini qarşılamaq məqsədilə çıxışlar edərək pul qazanıb. Bu zaman onu daha çox Saratovda "Katya Muxtarova” və ya "Şarmankaçı Katya” olaraq tanıyıblar.

Müəllif İmran Axundov monoqrafiyanın birinci fəslini "Küçə müğənnisinin həyatı və ilk təhsil illəri” adlandırır. Məhz bu fəsildə bir daha Fatma Muxtarovanın çətin, keşməkeşli, əzablı həyat yoluna geniş nəzər salınır və təhlil edilir.

Tarixi məmbələrə isinad edərkən görürük ki, Saratovun "Spravoçnı listok” qəzeti yazır ki, Fatma qazandığı pulların bir qismini toplamaqla həyat yoldaşı opera ifaçısı olan vədəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Burada Fatmaya musiqi öyrədiləcəyi deyilsə də, hər şey tamamilə fərqli olur. Belə ki, o, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, "ictimaiyyətdən” olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirilir, "cənablar” və "xanımlar”la bir masaya əyləşdirilir. Bu durumundan məyus olan Fatma yaşananları onun taleyilə daha çox maraqlanan jurnalistə, "Saratovski listok”un baş redaktoru olan Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Nikolay Arxangelski ona daha heç bir "təlim”in olmayacağına söz verir. Beləliklə, baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Bu xeyriyyə konsertində toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edir.

Müəllif İmran Axundov monoqrafiyanın ikinci fəslini "Yaradıcılığının başlanğıc dövrü” adlandıraraq bu illəri hər tərəfli öyrənməklə yanaşı həmçinin geniş bir formada təhlil edərək oxucu ilə monoqrafiya arasında sanki qarşılıqlı bir görüşü yarada bilir.

1913-cü ildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlir. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət göstərilir. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913-cü il tarixli "Kaspi” qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutiqi Tuxvatullin gəliblər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olublar. Konsert rus və tatar dillərində veriləcək”.

İki il Konservatoriya təhsili alan Fatma Muxtarova Saratovdan, Moskvaya yola düşüb və burada məşhur musiqiçi Fyodr Şalyapinlə tanış olub. Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyub, 1938-1853-cü illərdə AOBT-nın solisti olub. Daha sonra Şalyapinin vasitəsilə Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada fəaliyyət göstərib. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında da çıxışlar edib. Fatma Muxtarovanın yaradıcılığından söhbət düşərkən xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəyli yazır: "Yaxın və Orta Şərq xalqları içərisində ümumbəşər vokal sənəti üslubuna ilk dəfə yiyələnən bizim Azərbaycan xalqımız olub və bu yolda Fatma Muxtarovanın göstərdiyi hünər misilsizdir”.

Fatma Muxtarova 1938-1953-cü illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub və konsert proqramları ilə də çıxışlar edib. Müəllif İmran Axundov öz mülahizələrində Fatma Muxtarovanın tembrinə görə qüvvətli metso-soprano səsin sahibi olaraq bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl və məharətlə gəldiyini qeyd edir. Belə ki, "Qaratoxmaq qadın” operasından Polinanın, "Mazepa” operasından Lyubovun, "Çereviçki” operasından Saloxanın, "Qar qızı” operasından Baharın, "Çar gəlini” operasından Lyubaşanın, "Xovanşina” operasından Marfanın və "Faust” operasından Zibelin partiyaları və bir çoxları haqqında müfəssəl məlumat verməklə təhlil obyektinə çevirir və bu obrazların mahir yaradıcısı olaraq göstərir. Müəllif həmçinin aktrisanın yaradıcılığının zirvəsi sayılan Karmen ("Karmen”, J. Bize) partiyasının olduğunu xüsusi olaraq qeyd edir və yazır: "Opera sənətinə dərindən bələd olan və Karmen rolunda həm Mariya Qayı, həm də Blokun vəsf etdiyi Andreyev-Delması görən peterburqlular Fatma Muxtarovanı da bu rolda qəbul etdilər və onun yaradıcılığını sevdilər... Sapsarı saralmış bir vərəqdə, ressenziyaya rast gəlmişəm. Həmin ressenziyada "Karmen” tamaşasından danışılır. Fikrimcə, ressenziya müəlifi Karmen-Muxtarovanın şəxsi cizgilərini çox dəqiq qeyd edib”.

Müəllif İmran Axundov monoqrafiyada həmçinin Fatma Muxtarovanın opera səhnəsində ilk çıxışı olan V. Serovun "Yudif” operasında Oloferni partiyasını böyük ustalıqla ifa etdiyindən söhbət açır. Aktrisanın obraz üzərində yaradıcılıq məziyyətlərini geniş bir formada təhlil etməklə səhnədə obraz üzərində necə işləməsi haqqında geniş təsəvvür yarada bilir. Monoqrafiyanın üçüncü fəslini "Müxtəlif səhnələri fəth edən sənət” adlandıran İmran Axundov çətin, lakin şərəfli yaradıcılıq yolu keçən Fatma Muxtarovanın Şərqdə vokal sənətinin inkişafında böyük xidmətləri olduğunu xüsusi olaraq qeyd edir. Müəllif həmçinin qeyd edir ki, 1949-cu ildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış edib. Bunlardan birincisi Jorj Bizenin "Karmen” operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov) Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin "Trubadur” operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçena partiyalarıdır.

İmran Axundov həmçinin qeyd edir ki, "Köhnə ibarəylə desək, Muxtarovanı "külçə qızıl”, "təbiət övladı” adlandırmaq olar. Təbii xüsusiyyətlərdən onda etibarlılıq, sadəlövhlük, uşaqəminliyi və qeyri-adi yumşaqqəlblilik və nikbinlik daha çox üstünlük təşkil edirdi. Bununla yanaşı müəllif İmran Axundov aktrisanın həyatında baş verən bir çox maraq doğuracaq məqamlara da xüsusi diqqət yetirməklə yazır: "Bir dəfə Latfiyanın səfiri Fatma xanımın iştirakı ilə "Karmen” operasına tamaşa edir. Tamaşa və xüsusən F. Muxtarovanın Karmeni ona çox xoş təsir bağışlayır. Belə qərara gəlir ki, bu tamaşanı Riqa şəhərinə qastrola dəvət etsin. Fatma Muxtarovaya dəvətnamə göndərilir. Orada qeyd edilir ki, xanım Muxtarova Latviya Respublikasına qastrola dəvət olunur, maliyyə işini isə dəvət edən tərəf öz üzərinə götürür. Bu dəvətnamədən xəbər tutan müvafiq qurumlar Fatma xanımı təcili xüsusi şöbəyə çağırırlar və ona deyirlər ki, nəzakətlə bu qastroldan imtina etsin. Qastrolda iştirak etmək istəyinə baxmayaraq F. Muxtarova imtina etməyə məcbur olur”.

Mürəkkəb, çevik və ehtirasla alışıb yanan qadın qəlbinin təsvir etdiyi Karmen, Lyubaşa, Amneris kimi rollarda Fatma Muxtarova xüsusilə də zəngin, canlı mimika ilə detallaşdırılan və böyük, təlatümlü səhnə sinirinin oduyla alovlandırılan parlaq obrazlar yaratmağa müvəffəq olan bir sənətkardır. Fatma Muxtarova istedadının bütün keyfiyyətləri məhz bu səhnə sinirindən baş qaldırır. Bu onun "içi, mayasıdır”, bu həmin canlı, anadangəlmə, saxta olmayan güc onun səhnədə yaratdığı hər bir obrazın ştrixinə, oxumasının hər bir hissəsinə öz titrək şüasını sala bilib. Bütün bu sadalananlar müəllif İmran Axundovun monoqrafiyasında geniş təhlil olunmaqla yanaşı həm də aktrisanın maraq doğuracaq səhnə xüsusiyyətlərindən söhbət açır.

1928-29-cu illərdə Fatma Muxtarova Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyət göstərib. Fatma Muxtarovanın yaradıcılıq fəaliyyətinin 15 illiyi 1929-cu il mart ayının 15-də Bakıda Opera və Balet Teatrında geniş şəkildə qeyd edilib. Bu haqda müəllif İmran Axundov yazır: "Tamaşa salonu ağzına qədər dolu idi. Bu yubiley yalnız Azərbaycan operasının deyil, ümumiyyətlə Sovet opera sənətinin təntənəsi idi”.

İmran Axundov monoqrafiyanın dördüncü fəslini "Böyük sənətin təntənəsi” adlandıraraq 1928-29-cu il teatr mövsümünün sonlarında Fatma Muxtarovanın Böyük Teatrda üç məşhur opera oxuduğunu qeyd edərək yazır: "Bunlar Cüzeppe Verdinin "Aida”, Corc Bizenin "Karmen” və Rimski-Korsakovun "Çar gəlini” operaları idi. O dövrün qaydalarına görə dirijor V. İ. Suk ilk tamaşaya bir neçə gün qalarkən F. Muxtarovanı dinləməli idi ki, görsün bu aktrisa-vokalist onun tələblərinə cavab verir, ya yox. Fatma xanım bu yoxlanışa əvvəlcədən hazır idi. O, baş rejissorla şəxsən işləyən konsertmeyster ilə tanış olaraq onunla məşq etmək üçün razılıq almışdı. O, Böyük Teatrda ifa edəcək bütün partiyaları konsetmeyster ilə işləmişdi. Fatma xanımı dinləmə zamanı bəstəboy, arıq, əlində əsa tutan baş dirijor Vyaçeslav Suk ona qulaq asmağa gəlir. Baş dirijor onu dinlədikdən sonra başa düşür ki, konsertmeyster ilə məşğul olub. Vyaçeslav İvanoviç Fatma xanımdan heç bir irad tuta bilməyib, ona təşəkkür edir. F. Muxtarova Böyük Teatrda "Aida” operasında Amneris partiyasını da müvəffəqiyyətlə ifa edib”.

Tarixi faktlara nəzər salarkən görürük ki, Böyük Teatrın rəhbərliyi F. Muxtarova ilə danışıqlar aparıb, onun orada qalıb fəaliyyət göstərməsini istəyib. Bu haqda müəllif İmran Axundov araşdırmalarının nəticəsi olaraq yazır: "Təklif olunan bəzi şətrlər Fatma xanımın ürəyincə deyildi. O, odla-su arasında qalmışdı. F. Muxtarovanın Böyük Teatrda hörməti az deyildi. Orada çalışan məşhur aktrisalar da Fatma xanımın burada həmişəlik işləməsindən bərk narahat idilər”.

İmran Axundov bu monoqrafiyasının beşinci fəslini "Səhnə fəaliyyətinin orta və son dövrü”, altıncı fəslini isə "Məktub və Teleqramlarda yaşanan ömür” adlandırmaqla aktrisanın həyat və fəaliyyətinə geniş bir formada nəzər salmaqla onun yaradıcılığını, insani keyfiyyətlərini oxucuya daha yaxından tanıda bilir.

Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən istedadlı bir aktrisa, xalq artisti Fatma Muxtarova haqqında fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı "Fatma Muxtarova” monoqrafiyası sənətkarın səhnə fəaliyyətinin dərindən öyrənilməsi və növbəti tədqiqat işlərinin aparılması baxımından daha təqdirə layiqdir. Ümumiyyətlə, xalqımızın Fatma Muxtarova kimi səhnə xadimlərimizə həsr olunan elmi monoqrafiyalarının yazılması teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən ümumazərbaycan teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor, rejissor və eləcə də teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.

Anar Burcəliyev

Teatrşünas