Ə, SƏNNƏN DÖYÜLƏM?!

İRADƏ TUNCAY
56304 | 2007-09-24 16:12

Yay girəndən qonşumuz evinin divarlarına suvaq çəkdirmək fikrinə düşüb. Deyim ki, qonşuların nə iş gördüyü məni qətiyyən maraqlandırmır. Sadəcə gecəni yata bilməyib səhərə yaxın yuxuya gedən bütün insanlar kimi həmin vaxtı normal dəyərləndirmək arzum. Ümumiyyətlə, son illər ən böyük istəyim doğru-düzgün yuxu yatmaqdı. (Bilirəm, indi çoxunuz dərindən ah çəkib - elə bizim də - deyir. Odur ki, sübh tezdən oyanıb hirslənməyimə haqq qazandırarsınız yəqin).
   
   ... Usta və şagirdi suvaq işi ilə məşğuldurlar:
   
   -Ə, sənnən döyüləm?! (Bu "ə" müraciəti bir hərfli alınmır, ikinci "ə" də tamamlanmır, nə isə ikisinin ortasında bir şey, mələməyə oxşayır)
   
   - ...
   
   - Ə,uzunqulaq, demirəm palçıq qayır?!
   
   - ...
   
   - Ayə, bu nədi? Tökəcəm təpənə, səni doğanın... (Mən yazmıram, amma o təbii ki, nitqini sona çatdırır. Nə qəzəblidi - deyə düşünürəm. Niyə belə qışqırır. Yatağımda qurdalanıram. Bəlkə şagird insafa gəlib palçığı qayırar, mən də yataram)
   
   - Ə, eşşək!
   
   - ...
   
   Yatmağa qoymadılar, heç olmasa, pəncərədən boylanım görüm bu dinib-danışmayan yazıq kimdi. Baxıram, səsi özündən xeyli qocalmış usta və hardasa 15-16 yaşında şagird. Nə üzüyola uşaqdı, niyə cavab vermir? Təbii, mən bu "ustad", "şəyird" münasibətindəki nüanslardan xəbərdar deyiləm. Amma bu gurultulu müraciətlərə niyə susur? Nə qədər pul qazanacaq ki, belə lal olub? Bəlkə doğurdan laldı? Amma yox, hərdən bir dodağının altında nəsə mızıldanır. Və hər səhər özlüyümdə "Usta Zeynal" və onun şəyirdi "Qurban" adlandırdığım iki nəfərin şirin-şirin söhbəti məni oyadır. Bir müddət dözürəm, bir neçə dəfə də çox mədəni şəkildə səhər-səhər yatmaq istədiyimi bildirirəm, bir az sakit işləməklərini xahiş edirəm. Xeyri yoxdu. Və bir gün hikkə ilə yerimdən qalxıb otağımın qapısını elə açıram ki, həyat yoldaşım (çox mədəni söz alındı deyəsən) yuxudan ayılır:
   
   - Nə tez durmusan?
   
   - Heç yatmışam ki. Qonşunun ustaları qoymur, səhərin gözü açılmamış söyüşürlər. (Əslində mən də düz demirəm, burda hər şey birtərəflidi, yəni usta deyinir, o biri qulaq asır).
   
   Elə bunu deməyə bəndəm, həyat yoldaşım (Allah razı olsun, yaxşı ki, var) pəncərəyə cumub qarabağlıların leksikonunda nə qədər yağlı ifadələr var döşüyür. (Qarabağlıların leksikonunda "leksikon" sözü yoxdu, bu da lirik haşiyə olsun).

TƏQVİM / ARXİV