adalet.az header logo
  • Bakı 13°C
09 May 2020 11:11
55105
ƏDƏBİYYAT
A- A+

....Həyat eşqi.... - Nigar Arifin şeiri

Yox,
dəyişmədi bu dünya,
dağılmadı,düzəlmədi, qadası...
Həyat yenə öz işində-gücündə,
hər saatın içində
sürdü o "qismət" dedikləri arabasını...
Bu arabadan
düşən düşdü,qalan qaldı,
Bircə dəfə dayanmadı,
Sən demiş,
saxlamadı zaman xarabasını.
Yaşamağa gecikənlər
ölümə tələsdilər...
Ölüm deyəndəki...
Bu dünyanın canında torpaq olub,
Ağacların budağında yarpaq olub əsdilər.
Həyətlərin qapısından asılmış,
eyvanların yaxasına sancılmış
neçə-neçə çıraq kimi
nə bilim... bəlkə də yalnız qalıb
hərdən bizdən küsdülər...
Sonra...
Sonra hansısa bir baharda
otlar olub cücərdilər yenə də,
Quşa dönüb süzdülər göy üzündə,
Bəzən gülümsədilər bir uşaq bənizində,
Ölmədilər öldü sandıqlarımız,
Beləcə dəyişdilər ömür dalğalarını
"Cənnət" bildiyimiz yaşamaq dənizində...
Hə qadası,
sənə demək istədiyim
uzun sözün qısası;
Bəlkə də həyat eşqi həyata
başqa bədənlərdə dönməkmiş elə,
həyatı başqa gözlərdə sevməkmiş elə?
Bəlkə də yaşamaq özü ölməkmiş elə?
Həyatdıda...əşi nəysə...
Nə qədərki yaşayırıq,
Gəl içək eşqimizə!..