Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu
Təbii gözəllikləri ilə seçilən, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, Azərbaycanın təkrarolunmaz mədəniyyət mərkəzlərindən biri –Şuşa 8 may 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olundu.
Artıq 28 ildir ki, şuşalılar
Şuşaya həsrət bir tale yaşayır, içlərində bir nisgil böyüdürlər. Buna
baxmayaraq, birbaşa dövlətimizin sayəsində həyatın ən ağır imtahanı olan
yurdsuzluğun, köçkünlüyün qarşısında əyilmədən-ümidlərini itirmədən öz ayaqları
üzərində durmağı bacardılar.
Haşiyə:Məhərrəmov Ramiq İdris oğlu 1947-ci ildə Xankəndidə ziyalı ailəsində
anadan olub. 1965-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra
özünü sevdiyi həkim peşəsinə həsr edib. 1979-cu ildən bu günə qədər Şuşa Mərkəzi
Rayon Xəstəxanasının baş həkimidir. SSRİ-nin səhiyyə əlaçısı adına,1982-ci ildə”Əmək
Rəşadəti” medalına, Ali dərəcəli həkim-təşkilatçı və 1991-ci ildə isə Əməkdar həkim
adına, eyni zamanda yüzlərlə fəxri fərmanlara layiq görülüb. Ailəlidir. 5
övladı var.
1993-cü ildən Yasamalda fəaliyyət göstərən Şuşa
Mərkəzi Xəstəxanası şuşalıların qayğısına qalan, onların sağlamlığını qoruyan
bir isti ocaqdı desək, yanılmarıq. Xəstəxananın baş həkimi Ramiq Məhərrəmovla
söhbətimiz ötənlərə bir baxış, gələcəyə bir ümid notları üzərində quruldu və
davam etdi. Müsahibənin oxucularımız üçün də maraqlı olacağını düşünürük;
-Hörmətli Ramiq həkim, bildiyimiz qədəri ilə Şuşa
nəinki, dünyanın təkrarolunmaz mədəniyyət mərkəzidir, həm də təbatəti ilə məşhur
olub.
-Bilirsiniz ki, Şuşanın havası da, suyu da,
torpağı bir məcun olub, rəsmi tibbə qədər el arasında müxtəlif dərman bitkilərindən,
çiçəklərindən, bitkilərin kökündən, toxumundan geniş istifadə olunub. Şuşanın zəngin
flora və faunası imkan verib ki, əhali.türkəçarələrlə xəstəlikləri dəf etsin. Hələ
ibtidai insanlar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı
qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin xüsusiyyətlərini bilirdilər, günəş
şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Beləcə, xalq
arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə
keçirilərək yaşadan qeyri-ənənəvi təbabət vardı ki, buda xalq təbabəti
adlanırdı. Yeri gəlmişkən, dahi Nizami Gəncəvinin "Xəmsə"sində dərmanlar
barəsində yazılar var. "İskəndərnamə"də isə Nizami yazır: "Baş
ağrısı üçün mütləq qızılgül suyu (gülab) vacibdir."
Şuşanın Təbrizlilər məhləsinə yaşamağa gələn təbrizlilərin,
şamaxılıların, ərdəbillilərin çoxu mədrəsə təhsili almış ruhaniydilər və onlar
öz dövrünün savadlı adamları hesab olunublar. Təbii ki, tibbin bəzi sirlərinə
yiyələnmiş belə şəxslər məscidlərdə, karvansaralarda müayinə və müalicələr
aparır, türkəçarələrlə əhaliyə tibbi xidmət göstərirdilər.
-Ciddi təbabətlə şuşalılar nə vaxt tanış oldular?
- İsfahanda ali tibb təhsili almış həkim Mirzə Məmmədqulu
bəy Qayıbov, Mirzə Məhəmməd Qarabaği (Bağır oğlu), Azərbaycanda cərrahiyyənin əsasını
qoymuş, Avropada tibb təhsilinə yiyələnmiş Kərim bəy Mehmandarov kimi savadlı həkimlər
meydana gəldi və buda öz növbəsində həkimlik sənətinin inkişafını sürətləndirirdi.
Amma ciddi tibbi inkişaf 1834-cü ildə İbrahimxəlil
xanın qızı Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilən "Aşağı
Gövhərağa məscidi” ndə yaradılmış müalicəxanadan başladı. Onun tərəfindən 1864-
cü ildə xəstəxana təbibi vəzifəsi təsis edildi və ona məvacib təyin olundu .
Daha sonra Çar höküməti tərəfindən Qarabağ üzrə Şuşa şəhərində 1847-ci ildə 4
çarpayılıq tibb məntəqəsi yaradıldı. 1902-ci ildə Şuşada ikimərtəbəli şəhər xəstəxanası
yuxarı məhəllədə-ermənilər daha sıx yaşayan ərazidə tikildi. Qəribə odur ki həm
Çar Rusiyası, həm də Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə, şuşalılara bəslənilən
ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir
göstərdi. Ermənilərə göstərilən qayğının yüzdə bir hissəsi yerli azərbaycanlılara
göstərilmirdi.
Uzun illərdən sonra Şuşa ziyalılarının müntəzəm
qubernatora müraciətləri və çalışmaları sayəsində 1909-cu ildə isə artıq Şuşada
60 çarpayısı olan 2 xəstəxana fəaliyyət göstərirdi. 1918-1920-ci illərdə Azərbaycan
Milli Hökumətinin müdafiə naziri general Xosrov bəy Sultanovun təşkilatçılığı
ilə Zəngəzurda, Qərbi Azərbaycanda açılan Ferşel Məktəbləri tibbə marağın və
mütəxəssislərin artmasına xidmət elədi. Həmin vaxt Xalq Xəstəxanası
adlandırılan xəstəxanada çarpayıların sayı 100-ə çatdırıldı. Qeyd edim ki,
1872-ci ildə Bakı şəhər gimnaziyasını , 1877-ci ildə Sankt-Peterburq Tibb Cərrahlıq
Akademiyasını bitirən Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyən
Kərim bəy Mehmandarov qürbətdə çox qala bilmədi. 1883-cü ildə Azərbaycana döndü
və Yelizavetpol quberniyasının Cavanşir qəzasında (Şuşada) 1929-cu ilə qədər həkim
kimi çalışdı. Hazırki xəstəxanamıza bu səbəbdən Şuşa xəstəxanasının ilk baş həkimi
və Azərbaycanın ilk cərrahı Kərim bəy Mehmandarovun adı verilib.
Sovet dönəmində 1920-ci ilin may ayından Şuşa şəhərində
Xalq Səhiyyə Komissarlığı tabeliyində Qarabağ Fövqalədə Komitəsinin Səhiyyə şöbəsi
yaradıldı. Amma 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə
Şuşa qəza şəhəri olmaqla bütün sahələr kimi səhiyyə sahəsində də tənəzzülə
uğradı, çarpayıların sayı azaldılaraq 10 çarpayı həddinə düşdü. 1930-cu ildə
Şuşa rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil edildi və tədricən
şəhərdə xəstəxanalar və kənd tibb müəssisələri şəbəkəsi yaradıldı. 1950-ci illərin
sonunda müalicə müəsissələri Sanitar Xəstəxana Birliyində mərkəzləşdi. 1964-cü
ildə Rayon Səhiyyə Şöbəsi və Sanitar Xəstəxana Birliyi ləğv edilərək əvəzində Mərkəzi Rayon Xəstəxanası yaradıldı. 8 may 1992-ci ildə
Şuşa rayonunun işğalına qədər rayonun səhiyyə müəssisələri aşağıdakı strukturda
oldu. Şuşa Mərkəzi Rayon Xəstəxanası - 200 çarpayı gücündə , şəhər
poliklinikası, stomatoloji poliklinika, sanitar-epidemioloji stansiya, təcili
tibbi yardım stansiyası , tibb məktəbi. təsərrüfat hesablı profilaktiki
dezinfeksiya şöbəsi, mərkəzi rayon apteki və 5 aptek şəbəkəsi, X.B.Natəvan
adına Respublika İxtisaslaşdırılmış uşaq sanatoriyası ( 250 çarpayılıq) şəhərdə
əhalinin xidmətinə verilmişdi. Böyük Qaladərəsi (10 çarpayılıq), Quşçular,
Malıbəyl (50 çarpayılıq) kənd sahə xəstəxanaları, Turşsu , Xanalılar, Xəlifəli,
Çaykənd. Daşaltı kənd həkim ambulatoriyası, Allahqullar, Qaybalı ,Qaladərəsi ,
Zarıslı, Səfixanlar, Şırlan , Göytala , Xanlıqpəyə feldşer-mama məntəqəsi kənd
camaatının istifadəsindəydi. Bir sözlə, həmin 30 səhiyyə müəssisəsində çalışan
işçilərin sayı 559 nəfər idi ki, onların 96 nəfəri həkim, 237 nəfəri isə orta
tibb işçisi olub.
-Şuşanın sanatoriya və kurortları keçmiş sovet məkanında
-Baltikyanı respublikalarda, eləcədə Avropa ölkələrindəki sanatoriya və
kurortlardan özünəməxsusluğu ilə seçilib.
- Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və
3 mərtəbəli 18 bina daxil idi. Şuşa kurortunun əsası 1941-1945 -ci il Böyük vətən
müharibəsindən əvvəl qoyulsada inkişafı müharibədən sonra başlayıb. 1968-ci ildə
15 korpusda 400 çarpayısı olan mehmanxana ponsionat səviyyəsinə çatdırılır.
1970-ci ildən ponsionatın bir hissəsi dağ iqlim sanatoriyasına çevrilir.
1969-cu ildə "Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədən
çətin dağ yolları ilə Şuşa şəhərinə gətirilir. Bu həmin vaxt üçün ən uzaq məsafədən
gətirilən mineral su kəməri idi. Beləliklə Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri,
sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qan azlığı ilə
yanaşı mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olur. Şuşa şəhərinin
işğalı ərəfəsində sanatoriya-kurort birliyi binalarının sayı 18 olmaqla, 316
yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın
6 yataq korpusu , mualicə korpusu, 400 yerlik yeməkxanası vardı. Təməli 1939-cu
ildə qoyulan ixtisaslaşdırılmış respublika uşaq sanatoriyasıda fəaliyyət göstərib.
Orta illik çarpayılarının sayı 250 olsa da yay mövsümündə əlavə çarpayılar və
yay yeməkxanası açılırdı. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaq
müalicə alırdı. Şuşa turist bazası isə 1970-ci ildə müstəqil fəaliyyətə
başlayıb. 1970-ci ildə əsas korpusu 130 çarpayı olan "Şəfa” turist bazasına
çevrilib. Əlavə 6 kottec quraşdırılıb və turist bazası əvvəllər il ərzində 6000
nəfər turist qəbul edirdisə sonra turistlərin illik sayı 11-12 min nəfərə
çatırdı. Təlabatı nəzərə alan respublika rəhbərliyi 1990-cı ildə əlavə 200
yerlik korpus inşa etdirsədə, Dağlıq Qarabağ hadisələrinin başlanması turist gəlişlərini
dayandırdı. Yadımdaykən qeyd edim, 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar
bürosu ,1990-cı ildə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarər 120 nəfərlik
"Soyuqbulaq” turist bazası açıldı. Burada ailəvi istirahət üçün də münasib şərait
yaradıldı. Şəhərin ponaramasına xüsusi rəng qatan 9 mərtəbəli, 100 yerlik
"Qarabağ” mehmanxanası, Azərsənayetikinti istehsalat birliyinin "Dağlıqqarabağ
sənayetikinti” layihə birliyinin "Qonaq evi-mehmanxana”sı (Ulu öndər Heydər Əliyev
1982-ci ildə Şuşaya gələrkən orada qalıb ), Şuşa şəhərində respublika meşə-sağlamlıq
məktəbi (100 yerlik),17 pionerlərin yay istirahət düşərgəsi, Azərbaycan
Avtomobil Nəqliyyatı Nazirliyi işçilərinin uşaqları üçün yay istirahət düşərgəsi,
2 yanaşı üç mərtəbəli korpusunda 300 uşaq üçün;"Qaqarin” adına DQ Vilayət
pionerlərin yay istirahət düşərgəsi, 8 yanaşı bir mərtəbəli korpusunda 160 uşaq
üçün,"Dostluq” vilayət kommunal təsərrüfat işçilərinin uşaqları üçün pionerlərin
yay istirahət düşərgəsi, 2 korpusunda 120 uşaq üçün Şuşa uşaqların yay idman
düşərgələri mövcud idi. Təəssüf ki, 1989-1992-ci illərdə erməni silahlı qüvvələrinin
hücumları nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına
ciddi ziyan dəydi.
-Həkim, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Qarabağ
müharibəsi dövründəki fəaliyyəti haqqında da məlumat verərdiniz...
-Bu gün Şuşa şəhərinin işğalından 28 il ötür. Yəni
yaxın dövrün hadisələri olduğuna görə, həmin dəhşətlər hələ də hamının
yadındadır. Təkcə 1991-ci ilin sonunda müəyyən olundu ki, xəstəxanamızda həm hərbi,
həm də mülki 1700 yaralı gətirilib. 289 kvadrat-kilometr ərazisi olan Şuşada həmin
dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı
birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdilər. Şəhərin
intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etdi, bundan
sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücuma keçdi. Həmin gün cərrahiyyə
əməliyyatından çıxmış 82 nəfər yaralını, 20 ölünü şəhərdən çıxarda bildik.
Şuşadan ən son çıxanlardan biri kimi tibbi rota-hospital olaraq Turşu ərazisində
may ayının 15-nə qədər fəaliyyətimizi davam etdiridik. Laçın da işğal
olunduqdan sonra həkim briqadamızla birlikdə Ağcabədi rayonunda, 1 saylı məktəbin
binasında döyüş zonasından gələn yaralıların həyata qaytarmaq, onları ordumuza
yenidən qazandırmaq üçün əlimizdən gələni əsirgəmirdik.
- 1993-cü ildə Bakıya gəldiniz...
- Şuşalıların demək olar ki, çoxu Bakıda məskunlaşıb.
Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika hissəsi Malıbəyli kənd Həkim tibb
məntəqəsi -hal- hazırda Bakı şəhəri Ramana 450 qəsəbəsində yerləşir.Şuşa rayon
Quşçular kənd Həkim tibb məntəqəsi- Bakı şəhəri Pirşağı qəsəbəsində Gilavar
sanatoriyasında yerləşir.Şuşa rayon Xanalılar kənd Həkim tibb məntəqəsi və
Allahqullar kənd tibb
məntəqəsi - Ağdam rayonu ərazisində Mirzələr qış
yataqlarında yerləşir. Şuşanın tibb müəssisələrində 152 nəfər çalışır. Onlardan
47 nəfəri həkim, 75 nəfəri isə orta tibb işçiləridir.Şuşa Mərkəzi Rayon Xəstəxanası
1993-cü ildən Bakı şəhəri, Ə.Əhmədov (keçmiş Talıblı küç.) küçəsi 26 ünvanında
yerləşir.Əvvəllər təmirsiz zirzəmidən ibarət olan bu yer indi dövlətimizin
qayğısı, Şuşa rayon icra hakimiyyətinin, şəxsən Bayram Səfərovun köməkliyi sayəsində
həm yüksək səviyyədə təmir edilib , həm də tibbi avadanlıqlarla təhciz olunub.
-Ramiq həkim, indidə 28 ildi içinizdə, beyninizdə.
gözlərinizdə. yuxularınızda yaşatdığınız Şuşadan danışın...məsələn, Şuşaya getsəniz,
ilk olaraq haranı ziyarət edərsiniz?
-O vaxt mərhum prezidentimiz Heydər Əliyev Kəbəni
ziyarət edərkən, namaz qılmaq istəyib və şeyxülislama qiblənin harda olduğunu
soruşub. Oda bildirib ki, cənab prezident, bura Kəbədir. Siz harda
durursunuzsa, ora elə qiblədir. Şuşada mənim üçün Kəbədir. Hansı tərəfinə ayaq
bassam elə orada qibləgahımdı. Şuşanı yalnız şeir, muğam, mahnı beşiyi kimi
tanımaq çox azdır. Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Vaxtilə onun
adını dünyanın ən məşhur sağlamlıq məkanları ilə bir sırada çəkərdilər. Şuşa
dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının
zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi
yaratmaq çox çətindir. Firudin bəy Köçərli yazırdı: "Şuşanın ab-havası saf
və salamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindən
və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlib".
Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata
qaytarırdı. Sovetlər dövründə dava-dərman təsir etməyən xəstələrə deyərdilər
ki: "Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni
sağaltsın". Neçə-neçə yaşlı insandan bu etirafı eşitmişik: "İndiyə
kimi Şuşanın hesabına yaşayıram". Amma ümidsizdə deyiləm. Dağlıq Qarabağa
olan böyük diqqətin, münasibətin əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə
davam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi xəttinə,
onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə inanır. Düşmən
işğalı altında olan torpaqlarımız əsası yalnız ulu öndər tərəfindən qoyulmuş
strategiya sayəsində azad ediləcək.
-Maraqlı müsahibəyə görə
təşəkkür edirik!
Əntiqə RƏŞİD
Digər Xəbərlər
18 Aprel 2024 13:02
Əməkdar artist: “Elə insanlar var ki, həqiqətən öz yerlərində deyillər” - MÜSAHİBƏ
18 Aprel 2024 10:11“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev
16 Aprel 2024 11:55Kardioloq: Bu şəxslər daha diqqətli olmalıdır - MÜSAHİBƏ
15 Aprel 2024 10:54AKTYOR: “Teatr qazanc mənbəyi deyil” - MÜSAHİBƏ
11 Aprel 2024 14:34