adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 May 2020 11:41
78507
ƏDƏBİYYAT
A- A+

Qarabağ şikəstəsi - Xalq yazıçısı Anar yazır

Xalq yazıçısı Anarın "Qarabağ şikəstəsi" adlı yazısı ilk dəfə 1985-ci ildə "Ulduz" jurnalının 8-ci nömrəsində işıq üzü görüb. Sonralar "Qarabağ şikəstəsi"müəllifin "Dünya bir pəncərədir" (1986) kitabına da daxil edilib. Şuşa və ümumiyyətlə Qarabağ mühitini təsvir edən, insanların yaşam tərzindən, adətlərindən, xasiyyətlərindən, həyat qanunlarından bəhs edən bu əsərdən yeni nəsil xəbərsizdir. Ona görə məhz 8 may günü - Şuşanın işğalı günü "Qarabağ şikəstəsi"ni oxucularımıza təqdim etməyi lazım bildik.


83-cü ilin bir iyul günü - Bakının istisinə, tüstüsünə, ağcaqanadlarına dözməyə daha taqətimiz qalmayanda qərara gəldik ki, Şuşaya gedək...


Yolların tozu-bürküsü - odlu bir nəfəs kimi - maşınımızın açıq pəncərələrindən sifətimizi qarsayırdı. Maşını saxlayıb düşən kimi şaqqama gün çəkic mismarı döyən təkin təpəmizdən vururdu. Kilometrlər ötürdü, yol uzandıqca uzanırdı, adama elə gəlirdi ki, nə bu yol qurtaracaq, nə bu isti. Dünyada narın yellər əsən, günəşi mülayim, kölgəlikləri sərin yerlərin olduğuna inanmağımız gəlmirdi daha...


Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəlib Bakıdan da isti bir yerə - Yevlaxa çatdıq (Bir nəfər haqqında danışırdılar ki, ömründə ilk dəfə gördüyü dəmiryol stansiyası Yevlax olub, bundan sonra Rusətə gedib və qatar harda dayanırmışsa: Gto kakoy Evlax? - deyə xəbər alırmış. Bakıya getmək üçün dağlardan Yevlaxa düşmüş iki nəfər haqqında da lətifə var. Dəmir yolunu təzə çəkiblərmiş. Biləndə ki, iki dost Bakıya getmək istəyir, - "Daha faytonla niyə - deyiblər, - dəmir yoluynan gedin də". Məsləhətə qulaq asıb hərəsi bir relsin üstünə çıxıb. Bir qədər gedəndən sonra biri o birisinə: Sijisi ağlar qalsın bu dəmir yolunun - deyib, - ondansa gəl düşək piyada gedək).


Nə isə... İlin o cəhənnəm günündə, cəhənnəm saatında Yevlaxa çatanda yadımıza nə məzəli lətifələr düşürdü, nə də gülüb danışmağa heyimiz qalmışdı. Canımızı qoymağa az-çox kölgəli bir yer axtarırdıq.


Sərin yeri Yevlaxda da tapmaq olarmış. Şəhərin kənarında təzə tikilmiş "Qarabağ" istirahət zonasına gəldik. Şırıltısı qulağı dincəldən arx, yüngül titrəyişilə ətrafa sərinlik çiləyən salxım söyüdlər, zövqlə tikilmiş əlvan köşk...


Qurumuş dodaqların, boğazların məlhəmi çaydır. Burda dayanıb bir çay içək - dedik... Çay nə çay. Ömrümdə belə ləzzətli çay içməmişdim. Çaya kəkotu qatmaq axır vaxtlar çox yerdə dəb düşüb. Bu çayın içində kəkotusu olsa da təmi tamam başqa idi...


Çayçı Məmməd masamıza yanaşır, tanış çıxırıq. Məmməd ədəbiyyat həvəskarıdır, şairlərimizin, yazıçılarımızın son əsərlərindən həvəslə danışır. Dəmlədiyi ətirli çayın sirrini xəbər alıram - Kəkotudan başqa qantəpər, çobanyastığı, romaşka da qatıram.


(Romaşkanın dilimizdə gözəl adı var - Ağ kirpik) - Bu çiçəklərin, otların hamısını özüm dağlardan yığıb gətirirəm.


Məmməd özü Kəlbəcərdəndir. Birdən-birə susur, danışmır, gözləri elə bil yol çəkir. Baxışları harasa, başımızın üstündən o yana, çox uzaqlara, üfüqləri halaylamış dağlara dikilir. Başı qarlı zirvələrin soyuğuna üşüyür, dişləri gizildədən buz bulaqların suyunu içir, ətrafa min rayihə yayan otların, çiçəklərin ətrini duyur sanki. Elə bil ki, bürkü Yevlax gündüzündə bu sərinliyi birdən mən də hiss edirəm. Bəlkə doğrudan da bu an uzaq, qəlbi dağlardan zərif bir meh, yüngül bir əsənək uçub gəldi bura. Bəlkə çayın dəminə qatılmış şehli otların, çiçəklərin qoxusundan canımıza xoş bir sərinlik yayıldı...


Bəlkə də səbəb musiqi sədalarıydı. Ətrafa baxırdıq - göz işlədikcə uzanan dümdüz aran, ucsuz-bucaqsız pambıq çölləri... Amma hardasa, kimsə - dağlar nəğməsini - "Qarabağ şikəstəsi"ni oxuyurdu. Bu şikəstə dərələrin, uçurumların, yarğanların üstündən, bu dağdan o dağa haraylanan, boğazda qaynaya-qaynaya uzaqdan uzağı səsləyən, yamacdan-yamaca, qayadan-qayaya çatıb əks-sədayla qayıdan bir Qarabağ havasıydı. "Hava" sözünün hər iki mənasında. Nəğmə mənasında da, iqlim mənasında da. Yəni elə bu iki məna da bir-biriylə sıx bağlı deyilmi? Şuşanın gözəl səsləri bu dağların məcun havasından yaranmırmı?


Seyid Şuşinski deyərmiş: Şuşanın yuxarısında bir gədik var, səhər saat beşdən altıya qədər ordan bir meh əsir. Əgər adam o vaxt orda dayanıb o mehi sinəsinə alsa - hökmən səsi olacaq.


"Qarabağ şikəstəsi" davam edir. Səs cavan adam səsidir.


Qarabağ burdan başlanır - Yevlaxın "Qarabağ" istirahət köşkündən, Məmmədin şeirə, ədəbiyyata həvəsindən, dağ ətri gələn çayından, uzaq, sərin zirvələrə həsrətlə baxmasından. Yanıq haraylı "Qarabağ şikəstəsi"ndən...


***

Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.


Şahanə bir vüqarı var Şuşanın. Elə bil o ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır.


Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır.


***

Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərmağanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar - tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır.


Pənahabad adıyla bu şəhərin binəsini qoymuş görkəmli dövlət xadimi Pənahəli xan, onun oğlu İbrahim Xəlil xan, böyük şair və siyasət adamı Molla Pənah Vaqif, İbrahim xanın qızları Ağabəyim ağa və Gövhər ağa, Məmməd bəy Cavanşir - Batmanqılınc, Xurşidbanu Natəvan, Xasay xan Usmiyev, Bəhmən Mirzə, Qatırçı Murad - bu adlar Şuşada, Qarabağda kitab səhifələrindən məlum olan tarixi şəxsiyyətlər kimi deyil, canlı adamların, hafizələrdə hələ də yaxşısıyla - yamanıyla yaşayan diri insanların adları kimi qavranılır. İllər, əsrlər ötdükcə tarixi şəxsiyyətlər mücərrədləşdirilir, böyük sənətkarlar, mütərəqqi dövlət xadimləri müəyyən dərəcədə ideallaşdırılır, tarixdə mənfi rol oynamış şəxslər isə tamamilə qara, şər qüvvə kimi damğalanır. Şuşada, Qarabağda məni ən çox təəccübləndirən şeylərdən biri bu oldu ki, adlarını çəkdiyim tarixi şəxslərə və bir çox başqalarına münasibət diridir, ehkamlaşmamış, qəlibləşməmişdir. Sevimli şairin naqis hərəkətləri də unudulmayıb, Cavanşir nəslinin faciəsi də... Böyük Vaqiflə bağlı "hər oxuyan Molla Pənah olmaz, hər qatırçı Murad" zərb-məsəli də dildə-ağızda gəzir, Qacar aqibətiylə bağlı "Mıxı mismara döndərən fələk" ifadəsi də...


Dünyada insandan gördüyü xeyirli, ya pis işləri, yaxşı, yaman adı qalır. İnsan taleyindən üç-dörd söz, beş altı misra şeir də iz qala bilər. İbrahim xanın qızı Ağabəyim ağa siyasi sövdalaşmaların qurbanı olub, sevmədiyi, tanımadığı Fətəli şahın hərəmxanasına düşüb. Ağabəyim Ağanın vətən həsrəti, qürbətdə keçən intizarlı ömrünün acısı, Vaqiflə məktublaşması haqqında poetik əfsanələr var, amma Ağabəyim ağanın öz əliylə yazdığı bayatı onun könlündəkiləri bütün əfsanələrdən daha dəqiq açır:


Əziziyəm Qarabağ
Qara salxım, qara bağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.


Rəvayətlərdə deyilir ki, həsrətdən saralıb solan zövcəsinin könlünü oxşamaqçün Fətəli şah hətta ancaq Cıdır düzündə bitən xarı bülbül gülünü də Tehrana gətirdib, saray bağında əkdirib. Amma bu gül də burda bitməyib. Bəlkə bu bir təşbehdir, metaforadır, Ağabəyim ağanın yad torpağa uyuşmayıb vağam olmasına incə, poetik bir işarədir. Amma Ağabəyim ağanın iki misrası da var axı. Ədəbiyyatımızda bundan kövrək, bundan həzin beyt bilmirəm. Təəssüflü bir ah kimi, ahəstəcə bir köks ötürmək kimidir bu misralar:


Əfsus ki, yarım gecə gəldi gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi...


***


Şuşa Natəvanın, Mir Möhsün Nəvvabın ədəbi məclisləri ilə də məşhurdur. Bizim günlərdə belə ədəbi məclislərin biri də yarandı. Vaqif poeziya günləri. Artıq ənənəvi şəkil almış bu şeir bayramları özləri də yeni, xoş bir
ənənə yaratdı. Hər il bu bayram günlərində Şuşada təzə bir sənət ocağı, ya abidə açılır. Bu bayramlar Vaqifin əzəmətli məqbərəsinin açılışı ilə başlandı. Rəsm qalereyası, Natəvan adına poeziya evi ilk qonaqları o zaman qəbul etdi. 82-ci ilin yayında Natəvanın abidəsi ucaldıldı. 83-cü ilin poeziya günlərinə gələnləri də xoş bir görüş gözləyirdi - unudulmaz müğənnimiz Bülbülün ev-muzeyi açıldı. Arzumdur ki, bu gözəl ənənə həmişə davam etdirilsin. Vaqif günlərinə gələnlər Natəvanın adıyla bağlı yerlərə də fərəhlə tamaşa etsinlər. Şairənin bağında yerləşən müxtəlif binalarda Natəvanın muzeyi, ədəbiyyat, musiqi, xalq sənətləri muzeylərini əhatə edən bütöv bir kompleks yaradılsın. Həmin kompleksə açıq və qapalı konsert-tamaşa salonları da daxil ola bilər. Müxtəlif yerlərdən gələn qonaqlara musiqi alətlərimizi, keçmiş və çağdaş müğənnilərimizin vallarını, lent yazılarını nümayiş etdirək. Natəvanın ev kompleksində kitabxana, sərgi qalereyası yerləşdirmək olar. Bakıda çıxan jurnal və qəzetlərin redaksiyaları buranı hamiliyə götürə bilər: müasir yazıçılarımızın avtoqraflı kitablarını bu kitabxanaya göndərmək, rəssamlarımızın mənzərələrinin hədiyyə verilməsini təşkil etmək olar.


Şuşanın qədim binalarının birində muğam evi yaratmaq, bura ölkəmizdən və xaricdən məşhur ifaçıları dəvət etmək olardı. Eyni zamanda klassik musiqinin təbliği məqsədilə Qazançesos kilsəsi üçün orqan sifariş vermək, burada mütəmadiən simfonik və kamera konsertləri keçirmək yaxşı iş olar. Bu işin başlanğıcını görkəmli sənətkarımız Niyazi qoymuşdur. Yay mövsümündə Natəvan bağında onun rəhbərliyiylə verilən simfonik konsertlər estetik tərbiyə baxımından nə qədər vacib və nəcib işdir. M.M.Nəvvabın evinin səliqəyə salınması, bu evin divarlarına çəkilmiş, indi üstü əhənglə örtülmüş şəkillərin bərpa edilib üzə çıxarılması da təxirəsalınmaz vəzifədir. Sadıqcanın, Cabbar Qaryağdı oğlunun adıyla bağlı evlərdən musiqi həyatının canlandırılması üçün səmərəli istifadə etmək olar. Şuşa təbiətin, tarixin bizə bəxş etdiyi gözəl, nadir muzeydir. Bu muzeyi qorumalı, zənginləşdirməli, dünyaya tanıtmalıyıq.


***

Qəribə xasiyyətləri var şuşalıların. Bir kobud söz eşitməzsən burda, bir qaba davranış görməzsən. Partiya, dövlət işçilərindən tutmuş çayçı şagirdi balaca Bəbirə qədər hər kəsdən yalnız mehribanlıq, xoş sifət, mülayim rəftar, gülər üz gördük. Adamı min şirin dillə dindirirlər: - Nə təhərsən, başına dönüm?


Hər dəfə mehmanxanadan çıxanda xidmətçi qadın soruşur: - Getdin?- Bəli, - Yaxşı elədin. Nömrəyə qayıdırsan - Gəldin? Yaxşı elədin. Fikir verin: Xoş gəldin, xoş getdin yox, məhz "Yaxşı elədin". Sənə yalnız uğurlu yol, xoş qayıtmaq arzu olunmur, gedişin, gəlişin, hər hərəkətin təqdir edilir. Ən adi sözlər əsrlərdən, nəsillərdən keçmiş qonaqcıllığın vərdişli davamıdır. Doğrudur, şuşalılar özləri öz qonaqsevərliklərini lağa da qoyurlar, dolayırlar da... Danışırlar ki, iki şuşalı gəzə-gəzə gəlib birinin evinin qabağına çatanda ev sahibi içəri dəvət etmək əvəzinə: Ə, yeri ə, sən bizə gələn deyilsən - deyir. Yaxud işdi evinə qonaq gəlsə: Ə, bir dəfə yeyib içməmiş gəl də - deyir - ağıllı-başlı səninlə oturaq, yeyib içək...


Əlbəttə bunlar şux zarafatlardır. Zarafat, məzəli söz insan dilinin, zehninin itiliyidirsə, özün-özünü dolamaq, özün-özünə masqara eləmək ağlın, şüurun ikiqat üstünlüyüdür. Yalnız özlərindən müştəbeh, lovğa, yekəxana və küt adamlar zarafat götürməz, hər sözdən inciyər, umu-küsü saxlayarlar. Görürsən belə birisi başqasını lağa qoymağa, başqasına rişxənd, kinayə etməyə, kobud zarafatlarla ona gülməyə qoçaqdır, di gəl özünun dəyən yeri nazikdir, gülünc hala düşməkdən oddan qorxan kimi qorxur. Odur ki, nəticədə həmişə gülməli vəziyyətdə qalır.


Şuşanın, ümumən Qarabağın gündəlik məişət yumoru, el ağzında dolaşan lətifələri, bəzəmələri, zarafatları neçə-neçə görkəmli sənətkarımızın - Q.Zakirin, N.Vəzirovun, Ə.Haqverdiyevin, Ü.Hacıbəyovun, S.S.Axundovun, Y.V.Çəmənzəminlinin əsərlərində cilalanıb, dərindən dərinə mənalandırılıb, əlvan çalarlarla parlayıb. Şuşalıların qonaqpərvərliyinə gəldikdə isə bu şəhərə gələn adamın qarşısında çox ciddi bir məsələ durur: vaxtını, gecə-gündüzün 24 saatını necə bölsün ki, dəvət olunduğu yerlərin hamısına gedə bilsin, heç kəsin könlünə dəyməsin. Həm də bu məclislər israfçı yemək-içmək, adamı bıqdıran bayağı, süni tostlar, boğazdan yuxarı tərifnamələr yeri deyil, şeir, musiqi, maraqlı söhbətlər, canlı ünsiyyət məclisləridir. Belə mədəni, mənəvi məclis vərdişi Natəvan, Mir Möhsün Nəvvab kimi ziyalıların yaratdıqları ənənələrə arxalanır.


***


Məmməd Quliyev Ağdamın Zəngişallı kəndindəndir, qaynaqçıdır. Zəngişallı kəndinin yanında Mahrızlı kəndi də var, bu iki kənd çox yaxın qonşudurlar, odur ki, bəzən adlarını da qoşa çəkirlər: Zəngişallı-Mahrızlı. Bu iki kəndin (hələ üçüncü qonşu Çəmənli kəndinin də) bütün qaynaq işlərini Məmməd görür, heç kəsdən də bir qəpik almır. Onun haqqında deyirlər ki, istəsəydi indi milyoner olardı. Özü: Azərbaycanda mən ən kasıb adamam - deyir. Hər iki sözdə mübaliğəli bir zarafat var. Həqiqət isə belədir ki, Məmməd Quliyev böyük sərvətə malikdir, onda insanlıq istedadı var. Şeir də yazır, çap olunur, yazdıqları rəğbətlə qarşılanır. Çoxlu maraqlı rəvayətlər, əfsanələr, əhvalatlar bilir. Çörəyini namusla, halal-zəhmətlə qazanır. Ən böyük dövləti - insanlığı, xeyirxahlığı, başqalarına təmənnasız, fədakar xidmətidir.


Məmməd imkan tapan kimi kəndlərindən Şuşaya gəlirdi, oturub söhbət edirdik və mən bu şair-qaynaqçının nə qədər məzmunlu, ziyalı adam olduğuna hər dəfə heyran qalırdım. Qaynaqçını ziyalı saymağım tamamilə təbiidir. Şuşada çəkməçilik eləyən, qabaqlar isə inşaatçı kimi neçə binanın tikintisində çalışan Kamil də əsl ziyalıdır. Ədəbiyyatla, sənətlə, doğma yurdunun tarixiylə maraqlanır; ədəb-ərkanıyla, davranışıyla, sözü-söhbətiylə ziyalıdır. Məmməd də, Kamil də, bu sayaq, bu tipli neçə-neçə başqa sadə insanlar da mənim gözlərimdə cibində çeşid-çeşid diplomlar saxlayan, mənəm-mənəmliyi, özündən deməyi, özünü gəldi-gəlmədi qabağa dürtməyi, gözə soxmağı sevən bəzi başabəla "ziyalılardan" qat-qat mədəni, işıqlı, mənəviyyatlı adamlardır. Mədəniyyət kəlməbaşı başqasının sözünü kəsib: bağışla sözünü kəsirəm - deməkdə deyil. Mədəniyyət ondadır ki, başqası danışanda onun sözünü ümumiyyətlə, kəsməyəsən. Özgəsini dinləyə biləsən, hər an özünü hamıdan çox bilən, hamıdan ağıllı, hər şeyə bələd, hər şeydən vaqif göstərməyəsən, həmişə öyrətməyə yox, heç olmasa hərdənbir öyrənməyə də çalışasan.


***


Yaşı az qala doxsana çatmış, zehni, yaddaşı, danışığı həmişəki kimi qıvraq, aydın-açıq, hər yayını mütləq Şuşada keçirən Nəsir bəy Çavanşirdən nə qədər maraqlı şey öyrənmək olar. Yalnız dinləməyi bacarmaq lazımdır, nə qədər qəribə əhvalat, ötüb-keçənlərə aid qiymətli faktlar eşidəcəksən; Nəsir bəylə bir neçə il qabaq oğlu Əli Cavanşirin vasitəsilə tanış olmuşuq. Əli musiqiçidir, onu radio komitəsindən tanıyıram. Nəsir bəy ilk görüşümüzdən parlaq hafizəsiylə, diri müşahidələriylə, yumoruyla, həyat şövqüylə, cavanlığıyla məni valeh etdi. Danışdığı xatirələrin ancaq kiçik bir qismini yadda saxlaya və dəftərçəmə köçürdə bildim. - Niyə xatirələrinizi yazmırsınız - deyə soruşduqda: - onlar yadıma dalbadal düşmür ki - deyir - görürsən, gecəyarısı yuxudan oyanıram, hardansa yadıma uzaq bir xatirə düşür. Başqa bir vaxt, başqa bir gün ötənlərin-keçənlərin ayrı bir səhnəsini xatırlayıram. Nəsir bəyin Bakıda və Şuşada mənə danışdıqları xatirələrdən bəzi fraqmentləri də mən eyni pərakəndəliklə burda gətirirəm; bu xatirələrin müəyyən sistemi, ardıcıl düzümü yoxdur.


Üzeyir Hacıbəyovdan, Şuşadan danışır... "Xandəmirov teatrında çox olmuşam. Hacı Qaraya baxmışam. Yay aylarında Üzeyir gələrdi, musiqili komediyalarını tamaşaya qoyardı. Azad Əmirov Məşədi İbadı misilsiz oynayardı. Azad Əmirov çox maraqlı şəxsiyyət idi, deyən, gülən. Yaxşı da mütəxəssis idi, həm də çox duzlu, məzəli adam idi. Yemək-içməyin ləzzətini də bilən adam idi. Bir dəfə bizdən Üzeyirgilə zəng elədi: Üzeyir, sizə gəlmək istəyirəm. Üzeyir bəy deyəsən hətta bir az nigaran oldu: Xeyir ola? Nə isə, Azad bəy məni də götürdü, gəldik həmin o Ketsxovelidəki mənzilə. Qapını Məleykə xanım açdı. Azad bəy dedi: Bizim gizli sözümüz var, gərək Üzeyirlə təklikdə danışaq. Qapını da zəhmət olmasa, örtün. Üzeyir b