adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 May 2020 10:29
45487
ƏDƏBİYYAT
A- A+

Vaqif Bəhmənli: Şuşa yerindədi, Elnarə!

Şuşa yerindədi, Elnarə!

Səsində ana kədərinin ruhunu yaşadan bənzərsiz xanəndə
Elnarə xanım Abdullayevanın ifa etdiyi "Görən Şuşa yerindəmi” mahnının təsiri ilə.

Batıb Şuşanın dili,
Zili, pəsi çatışmır.
Tarixdi Pənahəli –
Xan nəvəsi çatışmır!

Orman yaşıl daraqdı,
Sıldırımlar yaraqdı,
Şuşa yanar çıraqdı,
Pərvanəsi çatışmır.

Kafər kəsib yolağı,
Kardı Kirsin qulağı!..
Cabbarsız Qarabağın
zənguləsi çatışmır.

İtkin düşüb qonağı,
Sağ şikəstə, sol ağı.
Axır İsa bulağı,
Piyaləsi çatışmır!

Halal haqqın payı yox,
Ulduz qəmin sayı yox...
Yurd dərdinin tayı yox –
Səlnaməsi çatışmır.

Dağ durur dağ tuşunda-
Dərədi ağuşunda.
Çağlar bulaq başında
El nərəsi çatışmır!

Bürünüb duman Şuşa,
Tökür gözdən qan Şuşa!
Yerindədi xan Şuşa –
Elnarəsi çatışmır.

**Qarabağ **

Var düzün, qəldi dağın, həm də ki, bağın, Qarabağ.
Cənnətin ortasına taydı qırağın, Qarabağ.
Hər can altında muğam sirri yatır da... bilirik,
Gövhərin məskənisən, dürrdü dodağın, Qarabağ.
İzin Allahdan olub, qan atadan, can anadan;
Nazlı köksündə dəyib ərzə ayağım, Qarabağ.
Arazın lilli suyu kölgə salıb ağ üzümə
O səbəbdən də solub lalə yanağım, Qarabağ.
Yol tutub geydi çarıq, körpə canım düşdü iraq
Anasan bağrıyanıq, itmiş uşağın, Qarabağ!
Xan qanından cücərən hər cocuğun sultan idi,
Sənə qismətdi niyə indi bu çağın, Qarabağ?
Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri
Qara yeldən üşüyür isti yatağım, Qarabağ!
Şəksiz, olmaz qarabəxt, tanrı quran cilvəli taxt,
Qaynar əlbəttə yenə çeşmə bulağın, Qarabağ.
Ulu Zərdüşt qalayıb dağlara tay tonqalını,
Yel əsib qopsa tufan, sönməz ocağın, Qarabağ!
Sancılar bəd nəzərə, kafəri al qan eləyər
Şər dili dibdən üzər şanlı bıçağın Qarabağ.
Vaqifin bağrı sənə bağlıdı min bağlar ilə
Qocaman bir xalısan, mən də saçağın, Qarabağ!
Cənnəti ortasına taydı qırağın, Qarabağ,
Sənə qismətdi niyə indi bu çağın, Qarabağ!