adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

PİS ADAM VƏ YA GƏLİB AÇMAZ AH QAPIMI... - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
132602 | 2020-05-08 09:09

Yazının başlığını qoyub dayanmışam, hardan deyim, kimdən və necə deyim ki, nə şiş yansın nə də kabab..Zarafat deyil axı pis adamlarla meydanı düzənləmək. Yaxşı və pis ta dünya binə eliyəndən var, bundan belə də olacaq . Çünki elə dünya özü də xeyir və şər, ağ və qara deyə əkiz yaranıb. Xəmiri belə yoğrulub e dünyanın,xəmiri..! Biz də onun bir parçası, deməli hər şey öz kökünə bənzər,yaradanına dönər. ..

Bizə daim yaxşılıq haqqında dedilər, danışdılar amma, öyrətmədilər ki, dünyada pis deyilən nəsnələr də var ha, uzaq durun..! Pislik gördülər, amma elə hey yaxşılıq etməyə həvəsləndirdilər, elə hey bağışlamağı öyrətdilər, təkrar, təkrar et dedilər ..,sən yaxşılıq elə balığı at dəryaya,balıq bilməsə də XALİQ bilər deyə motivasiya elədilər bizi ! Amma neylədiksə balıq bilmədi ki, bilmədi, xaliqi isə deyə bilmərəm...

Beləcə nəsil-nəsil davam elədi, gəldi getdi öz əməlinə bürünüb yaşayan, elə iç üzü çöl üzünə hopmuş yaxşı və pis adamlar. Dəyişmədilər, amma yaxşılar da yaxşılığından bezmədi. Özünə təlqin elədi, yaxşılığın min cür düsturunu çıxardı, "Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq nər kişinin işidi” deyə düşünüb bir pisliyin qarşısına neçə yaxşılıq qoydu.., olmadı...Ən pisi də bilirsiniz nə oldu, yaxşılığın pislik şəklində qayıdan cavabı...Onda bir söz də keçdi ağlının ucundan: "Yaxşılıq edən, evinə sağ getməyəsən..” Bir də yaxşı ola-ola ətrafına pis adam kimi tanıdılması...Hə, bu artıq alayı iş idi...Əli Kərim yadına düşdü :

Yaxşıya pis desələr,

Pisə yaxşı desələr.

Bunu görüb,qəzəblənib,hirslənib

Yaxşılar da pis olmaq istəsələr..

Vay o günə....

Bir nəfər pis olarsa bu anlaşılandı, uzaq dursan yetər. Amma bir də var pislik millət səviyyəsinə qalxanda bəladı artıq ! Özü, öz milləti heç, düşmənə də dost oldu mənim yaxşı xalqım..Ürəyi, qəlbi işıqlı millətim, isti qoynunda yer elədi ona, ocağının başına çıxartdı, yemədiyini yedirtdi, xan kimi bəslədi,amma ilan kimi çaldı axırda nadürüst,naxələf qonşusu. Yediyi qabı üzü aşağı çevirdi, içdiyi suya,yediyi çörəyə xain çıxdı. Gəmidə oturub gəmiçi ilə dava başladı, havadarlar da topladı başına...Yalanı geyindirib, kecindirib,bəzəyib-bərtəyib "podiuma” çıxartdı...Ev yiyəsi olmaq istədi, halal çörəyimizə zəhər qatdı...Bax neçə illərdir artıq yaxşılığımızın ziyanını yaşayırıq,heyif...

...Yalan ayaq tutar, yeriməz- dedi əvvəl, sonra bu yalanları yeriyən gördü! Amma yenə yaxşılığında qaldı, dəyişmədi, elə fərd-fərd yaxşı adamlar kimi...

İşıq kimidi yaxşı adamlar, qaranlıqda da görə bilərsən!..

Bərəkət gətirən yaz yağışı kimidi, əkini şaxtadan qoruyan qardı yaxşı adamlar!..

Günəşdi, baxarsan gözün qamaşar, ən gizli hüsslərin işıqlanar !

Rentgen şüası kimidi, pisliyi nə qədər gizlində olsa da aşkara çıxarar !

Nicat qapısıdı, gecənin hansı vaxtı da üz tutsan açıq görərsən !

Ay nurudu, göy üzündə ağappaq süd yoludu, tutub istədiyin yerə gedə bilərsən !..

Kimsə yada salmaz məni,

Gəlib açmaz ah qapımı..

Eh,bu səfil,sərgərdan,

Bu kral,bu şah qapımı!..

Üzə düşən gün kimidi,

Könlümdə düyün kimidi.

Sözləri tikan kimidi,

Eyləyir dağ-dağ qapımı !

Yalan sözdü,yalan anddı,

Bir "Ol!”sözündən yarandı.

Üzü tanrıya olandı-

Gəz otaq-otaq qapımı....! (Ş.Ş)

Yaxşılıq həm də bir dindir, yaxşı adamların DİNİ...Avraam Linkölnün təbirincə desək : "Mən yaxşılıq edəndə özümü yaxşı hiss edirəm, pis hərəkət edəndə isə pis. Budur mənim dinim..”


TƏQVİM / ARXİV