adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 May 2020 12:50
11073
GÜNDƏM
A- A+

Əlabbas Bağırov: Şəhərdə bilmişəm ki, adamın ad günü də olur

Bir dəfə yazmışdım, mən gəlib şəhərdə bilmişəm ki, adamın ad günü də olur. Heç sonralar da onun məndən ötrü xüsusi bir önəmi olmadı və indi də elədi. Əgər ailəlikcə biz bu gün o münasibətlə bir yerə yığışırıqsa, ona görə yığışırıq ki, onu daha çox oynamaq, deyib-gülmək, töküb-dağıtmaq, kitablarımı cırmaq üçün bir yerdə olmağa, oynamağa can atan nəvələr istəyir. Hətta bəzən doğmalar, dostlar zəng edib yada salmasalar, təvəllüd günüm olduğu heç yadıma da düşməz. İllərin boğanağı, təlatümlər, zamanın acı gərdişi hər şeyi bir heç edib. Üstəlik də həyatımızı iflic edən bu şoğərib "taclı"! Necə deyərlər, arvadı döymüş kişini it də tutdu bir yandan! Bu il sadəcə ağlıma gələn ilk şey o oldu ki, peyğəmbər yaşını keçdim... Yaxşı ki, həyatıma rəng qatan dostlar, doğmalar - sizlər varsınız. İnsan bunsuz bir heç olar. Gerçək bu! Bunun üçün hamınız sağ olun. Vaxt ayırıb təbrik və dəyərli ürək sözləri yazmısınız. Nə qədər xoş olsa da bu, qarşınızda özümü borclu sanıram.