adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2020 18:14
86422
MƏDƏNİYYƏT
A- A+

DİLÇİLİK ELMİNİN YUSİF SEYİDOV ZİRVƏSİ

Azərbaycanın Əməkdar elm xadimi, şöhrət ordenli, filologiya üzrə elmlər doktoru, professor Yusif Seyidovun yaradıcılığı Azərbaycan elmində böyük bir mərhələ, sütun təşkil edir. Onun zəngin və çoxşaxəli yaradıcılığı filologiya sahəsində əhəmiyyətli bir yerə malikdir. O, sistemli, ardıcıl və konseptual şəkildə qrammatika ilə məşğul olsa da, dilçiliyimizin aktual və problematik məsələlərinə laqeyd qalmamış, vətəndaş-alim mövqeyi nümayiş etdirmiş və yekdil fikir bildirmişdir. Onun üçün dil faktının böyüyü və ya kiçiyi yox idi: O, hər bir dil elementinə böyük problemin ciddi bir ünsürü kimi baxır və tədqiqat müstəvisinə gətirərək tutarlı elmi qənaətlərini ifadə edirdi.

Professor Yusif Seyidovun saysız-hesabsız elmi əsərləri, onlarla publisistik məqalə,tədrisdə və kadr hazırlığındakı fəaliyyəti, neçə-neçəyetirmələri, onun uzun ömrünün silinməz səhifələrini təşkil edir. 1972-ci ildə çap olunan üçmüəllifli "Müasir Azərbaycan dili” (Sintaksis) dərsliyinin müəlliflərindən biri olması onun ən məhsuldar işi kimi yüksək qiymələndirilmiş və 1974-cü ildə dövlət mükafatına layiq görülmüşdür.

Yusif Seyidov 02 may 1929-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi də həmin kənddə 1944-cü ildə bitirib. "Əziz və doğma məktəbim” adlı məqaləsində gənclərin mütaliə qabliyyətini artırmağı, kitablarla yoldaşlıq etməyi, ən vacibi ana dilini sevməyi və öyrənməyi, bu dildə rəvan danışmağı, səhvsiz yazmağı, onu qorumağı, daha da inkişaf etdirməyi tövsiyə etmişdir.Yusif Seyidovelmi yaradıcılığa və pedaqoji fəaliyyətə ilk dəfə 1952-ci ildə "Azərbaycan müəllimi” qəzetində dərc etdirdiyi "Azərbaycan dilinin qrammatikası haqqında” adlı ilk məqaləsi ilə başladı və böyük nöqtəni də 60 il sonra – 2013-cü ilin noyabr ayının 18-də qoydu. Bu ömrun 60 ili də Bakı Dövlət Universitetinin "Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında keçdi. Özünün dili ilə desək, məbədinə çevrilən bu ocaqda həyatın ictimai pillələri ilə irəlilədikcə keşməkeşli yollardan keçdi.

1955-ci ildə "Müasir Azərbaycan dilində feili bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası, 1965-ci ildə isə "Müasir Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafıə etməsi onu tamamilə qrammatist kimi tanıtmışdı. Amma onun elmi yaradıcılığı sintaksis cərçivəsində qalmadı, mövzu və mündəricə baxımından çox geniş miqyası əhatə etdi. Azərbaycan dilçiləri içərisində ən çox əsəri (15 cilddə) olan alim heç vaxt özünü təkrar etmədi. O, həmişə ilklərə imza atdı.

İlk dəfə linqvistik təhlilləri bədii nəsr nümunələri ilə aparmaq ənənəsini Yusif Seyidaov dilçilik elminə gətirdi. Nəzərə alsaq ki, Yusif müəllim neçə-neçə dərsliyin müəllifi olub, deməli, ədəbiyyat nümunələrini dil dərsliklərində görən şagird və tələbə buna etinasız yanaşa bilməz. Yusif müəllimin bütün elmi və pedaqoji fəaliyyəti milli ruha köklənmişdi. Belə ki, rus və Avropa dilçilik məktəblərinə yaxından bələd olan alim heç vaxt həmin nəzəriyyələri Azərbaycan dilinə uyğunlaşdıraraq uydurma dil faktları göstərmir, şablonları Azərbaycan dilinə yamamır, əksinə, canlı xalq danışığında dil faktını müşahidə edir, həmin faktı ədəbi dildə axtarır və sonra ona elmi və nəzəri təhlil verərək hökm çıxarırdı.

Yusif Seyidovun B.Çobanzadə, Ə.Dəmirçizadə, İ.Həsənov, M.Xəlifəzadə, Y.Mirbabayev, M.Şirəliyev, M.Hüseynzadə və digərlərindən bəhs etdiyi "Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf etdirənlər”, habelə görkəmli dilçi alim Nəsir Məmmədovdan bəhs edən "Əlli il maarif cəbhəsində”, Afad Qurbanovun "Bədii mətn və linqvistik təhlil”, Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin tarixində yeri haqqında apardığı tədqiqatlarından bəhs edən "Azərbaycan dilinin xəlqi təbiəti və bədii vüsəti”, böyük dilçi alim Səlim Cəfərova həsr olunan 5 böyük elmi əsəri və s. Azərbaycan dilçilik elminin inkişafında xidmət göstərən sələflərinə böyük ehtiramın ifadəsi idi.

Bu korifey dilçinin, azman şəxsiyyət və ustad müəllimin yaradıcılığı kifayət qədər monoqrafik material verir. Belə ki, professor Yusif Seyidovun zəngin və çoxşaxəli elmi yaradıcılığının bir istiqaməti ilə bağlı "Professor Yusif Seyidovun dilçilik görüşləri (ədəbi dil məsələləri)”mövzusunda Aliyə Əbülfəz qızı Musayeva dissertasiya yazmış və uğurla müdafiə etmişdir. Azərbaycan dilçiliyində ədəbi dil məsələlərinin tədqiqi müəyyən bir tarixə malik məsələ olsa da, bu sahədə zəruri nəticələr əldə edilsə də, səthi yanaşılmış, konkret bir qənaətə gəlinməmiş məsələlər də az deyildir. Yusif Seyidov ədəbi dil məsələlərini mütəmadi olaraq araşdırmış və silsilə əsərlər yazmışdır. Azərbaycan ədəbi dilimizə dərindən nüfuzu və yeni, ən yeni dövr ədəbi prosesini araşdırmalarında ardıcıl izləməsi nəticəsində ortaya qoyduğu 6 monoqrafiya, onlarla elmi əsər və gəldiyi elmi qənaətlər diqqəti cəlb edir. Onun "Klassik Azərbaycan şairləri söz haqqında”, "Yazıçı və dil”, "Sözün şöhrəti”, "Sözün qüdrəti”, "Sözün hikməti” və b. kimi sanballı monoqrafiyalarındakı konkret nümunələrdən gəlinən nəticələrlə dəqiq faktlar və göstəricilər təqdim etməsi dilçi-ədəbiyyatşünas və tənqidçi alimin bu kontekstdə min illik (XI-XXI əsrlər) Azərbaycan yazıçılarının klassik şeir dilinə məxsus yüksəlişi və xalq dilinə məxsus təbiiliyini təhlil etmiş, söz haqqındakı düşüncələrini, xidmətlərini, fikirlərini sistemə salmış, tarixi ardıcıllığı izləmiş və salnamə yaratmışdır. Ədəbi-bədii dil və ədəbiyyata dair onlarla məqaləsi "Ədəbi tənqid və bədii dil” kitabında toplanmışdır. Y.Seyidov "Yazıçı və dil” probleminin iki istiqamətdə, yəni yazıçının əsərlərinin dili və dil haqqındakı görüşlərinin öyrənilməsinin tərafdarı kimi çıxış edirdi.

Professor Yusif Seyidovun Azərbaycan dili tarixinə dair apardığı səmərəli tədqiqatlar, habelə "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, "Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, "Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, "Kitabi- Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, "Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, "Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə "Nəsiminin dili” monoqrafiyası ciddi və ardıcıl müşahidə və axtarışların, dil tariximiz haqqında dərin və hərtərəfli elmi tədqiqatların məhsuludur.

Xalqımızın "ana kitabı” olan ""Kitabi-Dədə Qorqud” dastanı haqqında”, ""Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, Yusif Məddahın "Vərqa və Gülşa” poeması, klassik ədəbiyyatımızın araşdırılmasından bəhs olunan "Klassik irs qayğıları” adlı əsəri sarsılmaz özülə malik olan ədəbi irsimizin araşdırılmasında mühüm qaynaqlardandır.

Məlumdur ki, Y.Seyidovun elmi yaradıcılığında ədəbi şəxsiyyətlərə maraq güclü olmuşdur. Professor Yusif Seyidov tədqiqatlarında Azərbaycan ədəbiyyatı xəzinəsinə böyük incilər bəxş edən ustadlara həsr olunan araşdırmaları geniş və əhatəli şəkildə yer alır. Alimin XX əsr Azərbaycan şeiri və nəsrində dil məsələsinə də xüsusi diqqət göstərmiş və ədəbi prosesi ardıcıl və davamlı olaraq izləmişdir."Üç zirvənin fatehi” adlandırdığı Mir Cəlal Paşayev haqqında "Şirin söz ustadı”, akademik İsa Həbibbəyli haqqında "Akademik İsa Həbibbəyli” , Rəsul Rza, Mirzə İbrahimov yaradıcılığında dil məsələsi, Səməd Vurğun haqqında yazdığı "Şairin dərdi”, "Xalq yazıçısı Elçin” adlı monoqrafiyasındakı ədəbi və bədii dil məsələləri öz elmi izahını tapmışdır. Bu əsərlərdə qoyulan məsələlər Azərbaycan dilçiliyi üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb edirsə, gəlinən nəticələr, əksini tapan qənaətlər də ədəbiyyatşünaslığımız üçün bir o dərəcədə əhəmiyyət və fayda kəsb edir.

Fikrimcə, yazılan hər bir əsərin arxasında onu yazan müəllifin əqli düşüncəsi ilə yanaşı onun xarakteri də dayanır. Yusif Seyidovun əsərlərindəki polemika, elmi müzakirə və mübahisələr onun yüksək nəzəriyyəsinin göstəricisidirsə, hər cümlənin arxasındakı ana dilinə olan sevgi, milli ruha köklənmək, milli dəyərlərə xitab etmək, axıcılıq, sadəlik isə onun xarakterinin nümayişidir. Bəllidir ki, dilçilik konkret və fakta söykənən elmdir. Bu cəhətdən Yusif müəllimin dilinin sadəliyi və axıcılığı onun riyazi dəqiqlik tələb edən dilçilik əsərlərini oxunaqlı edirdi. Yusif müəllimin mühazirə deyəndə sadə, anlaşıqlı dili səsinin həlim ahəngi ilə qulağa mirvari kimi süzülürdü. Biz onu dinləməkdən və əsərlərini oxumaqdan yorulmurduq. O, bizə sadə məsləhətlər verəndə belə adama elə gəlirdi ki, o, geniş auditoriya qarşısında məruzə edir. Öyrənməkdən və öyrətməkdən yorulmayan, daima axtarışda olan pedaqoq-alim şəxsi nümunə, insanlıq mücəssəməsi idi.

Mənim əziz elmi rəhbərim Yusif müəllimlə bağlı saysız-hesabsız xatirələrim var. Onlardan birini oxucularımızla bölüşmək istəyirəm: ...indi yaşadağımız əsrin əvvəlləri idi. Aspiranturaya daxil olanda o vaxt akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetin rektoru vəzifəsində çalışırdı. O, bizim ən kiçik problemimizlə yaxından məşğul olur və yerindəcə həll edirdi. İsa müəllim Yusif müəllimdən xahiş etdi ki, mənə elmi rəhbər olmağa razılıq versin. Yusif müəllim mənə "Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr” mövzusunda dissertasiya mövzusu verərndə, Dədə Qorquddan üzü bəri bütün klassiklərin dilindən qeyri-təyini ismi birləşmələrlə bağlı dil faktlarını toplamağı və işlənmə tezliyinin statistikasını göstərən cədvəl hazırlamağı tapşırdı. O anda gözümün qarşısına anadilli Azərbaycan ədəbiyyatı gəldi: mən onların hamısını oxumalıyam və nümunə seçməliyəm... "Bir qalanın sirri” filmindəki Elşən kimi məni vahimə bürüdü və titrək səslə dedim: "Qeyri-təyini ismi birləşmələrin 5 forma, 30-a yaxın modeli, növü ilə bağlı nümunələrin hamısını toplamaq və statistikasını aparmaq çox olmaz?..”. Dedi ki, çox olarsa, onda ismi birləşmələrlə bağlı dil faktlarını da topla! Əlyazma dəftərlərinə baxacağam (50-dən çox qalın dəftərlərə yazdığım toplama materiallarım indi də arxivimdə qalır – Z.İ.). Yusif müəllim nə qədər təvazökar, sadə və mülayim insan olsa da, bir o qədər də ciddi və tələbkar idi. Mən qısa müddətə dissertasiyanı yazsam da, nümunələri toplamağım və cədvəl hazırlamağım uzun illər çəkdi. Artıq möhürlü rəyimi alandan sonra özümdə cəsarət tapıb elmi rəhbər "işgəncə”sinin səbəbini soruşdum: "Yusif müəllim, axı 170 səhifəlik dissertasiya varkən, bu iki səhifəlik cədvəl nəyə lazım idi?” Yusif müəllimin səsinin ahəngi dəyişdi. Dedi ki, o dissertasiya sənə Azərbaycan dili ixtisasında alimlik dərəcəsi qazandıracaq, bu məzəmmət etdiyin iki səhifəlik cədvəl isə sənə ədəbiyyatı tanıdacaq. Təəssüf hissiylə sözlərinə davam etdi ki, indiki gənclik tənbəldi, mütaliəni sevmirsiz. İşiniz düşməyincə Dədə Qorqudu, Nəsimini, Xətaini, Füzulini, Vaqifi, Ordubadini, Cəlil Məmmədquluzadəni, Cavidi, Səməd Vurğunu və digər klassikləri oxumursunuz. Mənim yetirmələrimə bu statistik cədvəli hazırlatmaqda məqsədim nümunə toplayarkən onları ədəbiyyatla dərindən tanış etməkdir, sizlərə başa salmaq istəyirəm ki, bütövlükdə Azərbaycan ədəbiyyatına bələd olmadan və özünüzdə bu sevgini yaratmadan yaxşı dilçi alim olmaq mümkün deyil. Onun iş prinsipinin, iş metodikasının sirri bu idi: Azərbaycan dilini və ədəbiyyatını sevmək və sonra öyrənmək. Əgər indi mənim Azərbaycan ədəbiyatına bələdçiliyim varsa, o haqda danışmağa mövzum varsa, əminliklə deyə bilərəm ki, Yusif müəllimin sayəsindədir. O, yetirmələri üçün həmişə ən yaxşısını düşünürdü... Təmiz qəlbli, təmənnasız rəhbərimizə Bakıya yolumuz düşəndə "Yusif müəllim, kənddən könlünüzün çəkdiyi bir şey lazımdırsa, gətirək”- deyəndə, "Sağ-salamat gəl, əziyyət olmazsa, beş-altı quru təndir lavaşı və bir hörük də dağ ələyəzi gətir” - deyərdi. Yaşa dolduqca kövrəkləşən müəllimimizi torpaq həsrəti ağuşuna almışdı. Kəndindən gedən ən kiçik şeylərdən belə illərin arxasından boylanan uşaqlığının, gəncliyinin qoxsunu alırdı, həmçinin ata-anasının, erkən dünyadan köçən bacı-qardaşının yatdığı torpağa həsrətini ovudurdu... Bütün bunlar yaşlı vaxtlarında yurd sevgisinin, torpağa bağlılığının, kənd-kəsəyinin havasına möhtaclığının və gözlərindəki nigarançılığın ifadəsi idi... O, özünün daxili aləminin portretini belə cızmışdı:"Allah məndən çox şeyi əsirgəyibdir. Hər mənzilə daşlı-kəsəkli yollarla getmişəm. Ancaq bunların əvəzində Allah mənə sevməyi də, nifrət etməyi də bacaran bir ürək veribdir. Hər cür hiylədən, məkrdən uzaq bir ürək. İnsanlara xidmət eşqi ilə döyünən bir ürək. Nadan sözünü vecinə almayan, dostun adi laqeydliyindən sınan bir ürək...”.Bu ürək daimə Azərbaycan elminə xidmətlə alavlandı.

Dilçilik elminin ən görkəmli nümayəndəsi olan Professor Yusif Seyidovun yetirmələri o məktəbin nümayəndəsi olmağın qürür və fəxarət duyğusunu, həmçinin məsuliyyət hissini bir ömür boyu çiyinlərində daşıyacaqdır...

Ruhun şad olsun, əziz Ustad!

Zülfiyyə İSMAYIL

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi