adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 May 2020 08:55
38824
ƏDƏBİYYAT
A- A+

Ayaz Arabaçı: Yalançının nə andı düz,nə vədi

Ha baxıram heç özümü tapmıram,
Nə xilasda,nə xilasın içində.
Görmürəmmi hansı qurdlar kef çəkr,
Vətən adlı bu gilasın içində.

Yalançının nə andı düz,nə vədi,
Günlərimiz bir-birindən şəvədi,
Min ildi ki,dəlləyimiz dəvədi,
Köhnə hamam,köhnə tasın içində.

Öyrənmişik şahin tutaq vağ çıxa,
Kim görüb ki,qara yazı ağ çıxa,
İnanmıram ümidlərim sağ çıxa,
Bu allahsız basabasın içində..

Öz quyumu öz əlimnən qazmışam,
Bu dünyaya nahaq yerə azmışam,
Nə istəyim,nə arzum var yazmışam,
Sözə olan iltimasın içində.

Sabunlayır kəndirimi qardaşım,
Əyri çəkən öz tərəzim,öz daşım.
Yuyunmağa bəs eləmir göz yaşım,
Boğuluram kirin-pasın içində.

İşində ol,ocaq söndür,nur öldür,
Mən beləyəm,xoşun gəlmir dur öldür,
Atam-anam istəyirsən vur öldür,
Güləmmirəm mən bu yasın içində.

İlahinin bir adı da səbirdi,
Dözək görək kim sonadək bəbirdi,
Yaşamalı ən gözəl ev qəbirdi,
Beş arşınlıq ağ libasın içində.

Könül açır güllələrə kürəyin,
Çalış qoru,yoxdu iki ürəyin.
Ayaz sənin olubmu ki,ürəyin,
Bircə dəfə qanamasın içində..