adalet.az header logo
  • Bakı 16°C
04 May 2020 13:44
51060
HÜQUQ
A- A+

Məhkəmələrin fəaliyyəti niyə bərpa edilmir? - Habil İsgəndərov yazır

Vəkillərin fikirləri Operativ Qərargah üçün müzakirə mövzusu ola bilər.

Məhkəmələrdə mülki, inzibati, kommersiya işlərinin baxılması dayandırılıb.

Hakimlərin yaşı 65-dən aşağı. Məhkəmələrdə ticarət obyektlərindən daha az adamın toplandığı məlum. İş rejimi, giriş-çıxışı, nizam-intizamı nəzarətdə saxlamaq, sanitar-gigiyenik, sosial məsafə tələblərinə əməl etmək daha asan.

İnzibati və kommersiya işlərini yazılı icraatda aparmaq tamamilə mümkündür. Ali Məhkəmədə və Apellyasiya məhkəmələrində mülki işlərin də tam yazılı icraatda (əlbəttə, çox kiçik istisnalarla) baxılması ədalət mühakiməsinə zərər verməz, əksinə, daha səmərəli edər.

Karantin rejiminin daha nəqədər davam edəcəyi bəlli deyil (31 may tarixi hələlik şərtidir). Bu ərəfədə məhkəmələrin fəaliyyətini qismən bərpa etmək, işlərə baxılmasını davam etdirmək nədən olmasın? Söhbət mülki, inzibati və kommersiya işlərindən gedir, inzibati və kommersiya məhkəmələrində, Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə. Bu məhkəmələrin infrastrukturu, işlərə çıxan kontingentin tərkibi nəzərə alınmaqla.

Vəkillərin və məhkəmədə işləri olanların fikir bildirməsi səmərəli olardı. Vəziyyəti dəyərləndirmək üçün qısa xatırlatma:

Ali Məhkəmənin Plenumunun 18 mart tarixli qərarı ilə məhkəmələrə tövsiyə edildi ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər(işlərin xarakteri qərarda göstərilir) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın.

Sonradan 23 aprel tarixli Plenum qərarı ilə bu təxirə salınma 04 maya, 02 may tarixli Ali Məhkəmənin Məlumatı ilə 31 mayadək uzadıldı. Aprel ayı boyunca Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin mülki, inzibati və kommersiya kollegiyaları, Bakı İnzibati və Bakı Kommersiya məhkəmələrində işlərə baxılmır. Bütün təyin olunan işlər qeyri-müəyyən təxirdədir.
Ali Məhkəmənin tövsiyəsində göstərilən yazılı, elektron, online icraat da yuxarı instansiya məhkəmələrində tətbiq olunmur. Yəni, real olaraq işlərə baxılması dayandırılıb.
Halbuki, Nazirlər Kabinetinin məlum qərarlarının heç birində məhkəmələrin fəaliyyətinin dayandırılmasına dair göstəriş yoxdur.

Karantin rejimi nə vaxt bitəcək?

P.S. Ali Məhkəmənin (Plenumunun) tövsiyəsinin hüquqi qüvvəsi (olmaması) müzakirə mövzusu deyil. Söhbət real olaraq məhkəmələrin işlərə baxılmasını dayandırmasından gedir.