adalet.az header logo
  • Bakı 18°C
04 May 2020 12:57
81007
MƏDƏNİYYƏT
A- A+

“Koronalı” mədəniyyət günləri - SORĞU

Koronavirusa görə medianın əsas xəbərləri bu virusla əlaqədardır. Belə halda ədəbiyyat, mədəniyyət müxbirləri üçün onsuz da az olan oxucunun marağını çəkmək daha çətindir. Nə imza günləri var, nə kitab təqdimatları, nə də teatr tamaşaları. Belə bir durumda az saylı mədəniyyət oxucularını itirməməkçün mədəniyyət müxbirləri nə edir?

APA informasiya agentliyinin əməkdaşı Mirmehdi Ağaoğlu belə imza günlərinin olmağındansa olmamağını üstün tutur. Həmçinin, müsahiblərinin çoxunun yaşı 65-dən çox olduğundan canlı müsahibələrinin sayı səngiyib.


"Koronavirus təkcə bizdə deyil, bütün dünyada var. Təkcə mədəniyyət deyil, iqtisadi, turizm və digər sahələrə də öz təsirini göstərib. Dünya bu cür tədbirlərini onlayn yolla keçirir. Onlayn teatr tamaşaları, rəsm qalareyaları var. Əvvəllər mədəniyyət adamlarından müsahibə alırdımsa, indi bu çətinləşib. Yaşı 65-dən yuxarı olanlardan isə bu günlərdə müsahibə almaq onların sağlamlığı üçün təhlükəlidir. Ona görə də bu yöndə müsahibələrim səngiyib.

Kitab təqdimatlarına gəldikdə isə bu formatda imza günlərimizin keçrilməsindənsə keçirilməməsi daha yaxşıdır. Ümid edirəm, bu epidemiyadan sonra imza günlərimizdə dəyişiklik olacaq. Öncə kitab mağazalarında kitablar satılacaq, sonra imza günləri keçiriləcək.”

"525-ci qəzet”in müxbiri Şəhanə Müşfiq bu günlərdə yazı azlığı baxımdan əziyyət çəkmədiyini bildirir. Onun fikrincə adi günlərdə vaxt azlığından şikayət edən müsahiblərdən indi müsahibə almaq daha rahatdır.


"Bu günlər ədəbiyyata, mədəniyyətə aid heç bir tədbir yoxdur. Ancaq öz adıma deməzdim ki, mövzu sarıdan kasadlıq çəkirəm. Onlar yoxdur, başqa şeylər var. Hətta deyə bilərəm ki, bu karantin günləri mənim neçə ildə ən çox işlədiyim dövrdür. Mədəniyyət Nazirliyinin göstərişi ilə Mədəniyyət kanalı, kitabxanalar, muzeylər, teatrlar, ümumilikdə mədəniyyət müəssisələri fəaliyyətini onlayn şəkildə davam etdirir. Bu günlərdə virtual olaraq çox maraqlı layihələr həyata keçirilir. Məsələn, onlardan yazmışam. Birini misal çəkə bilərəm: Azərbaycan Televiziyasında yayımlanan "Evdə qal, eyvana çıx" verilişi cəmiyyətdə rezonansa, müsbət reaksiyalara səbəb oldu. Mən də verilişin yaradıcı heyəti ilə danışıb, maraqlı bir yazı hazırladım. Ondan başqa bu günlərdə müsahibələr çoxalıb. Belə deyək, çoxunun "vaxtım yoxdur", "işlərim var" kimi bəhanələri aradan qalxdığından telefon zəngiylə, ya da sosial şəbəkə vasitələri ilə suallarımıza cavab ala bilirik. Əlbəttə, virtual müsahibə canlının yerini vermir, amma neyləyək, hazırda bütün həyatımız və işlərimiz onlayn rejimdə davam etmək məcburiyyətindədir. Digər tərəfdən, mən oxuduğum kitablar, baxdığım filmlər haqqında həmişə resenziyalar yazmışam, indi də davam edirəm. O cümlədən, müxtəlif mövzular haqqında esse və ya köşələr də yazıram. Bu günlərdə bəli, xəbər baxımından nisbətən azalmalar olsa da, mövzu və yazı sarıdan hələ ki, qıtlıq çəkməmişəm. Evinin içində oturub da yazmağa nələrsə tapmaq mümkündür. Xüsusən, mədəniyyət yazarı və ədəbiyyatçı üçün.

Artkaspi.az portalının əməkdaşı Rəvan Cavid hesab edir ki, müasir texnologiyaların inkişafı dövründə bu hal sənət adamlarına elə də təsir etmədi.



"Müxtəlif yazarlar, şairlər, sənət adamları sosial şəbəkələr üzərindən canlı yayım açaraq oxucularına şeir oxudu, sənət söhbətləri etdi, məlum məsələdən danışdı. Bizdə də bir çox şair, yazıçı virtual aləmin bu üstünlüyündən istifadə etdi, elə mən də. Mənə elə gəlir ki, sosial şəbəkələrin, internet platformalarının, online təkliflərin bu qədər aktual olduğu dünyada karantin rejimi bir o qədər ciddi dəyişiklik yaratmadı, təbii ki, sənət adamları ilə onları izləyənlər haqqında deyirəm bunu. Kitab oxumaq istəyən online sifariş edir, söhbət etmək istəyənlər canlı yayına qoşulur, fikri, təklifi olan yerindəcə bildirir. Həm də sevdiyi müəlliflərin başqa tərəflərini də görmüş olurlar. Hətta deyərdim, bu cür məsafəli ünsiyyət sənət adamlarının xeyrinədi.”

Kulis.az-ın əməkdaşı Oğuz Ayvazın fikrincə pandemiya durumunda oxucuların bir çoxu psixoloji cəhətdən gərgindir. Ona görə də onlar hansısa mətni oxumaq halında deyil.


"Oxucuların özündən asılıdır. Bir neçə aparıcı mədəniyyət saytları var ki, hər gün maraqlı yazılarla çıxış edir. Adlarını çəkmirəm, reklam olmasın. O saytlardan günün ən maraqlı mətnlərini tapıb oxumaq olar. Amma pandemiya məsələsi kütləvi hal alıb. Ona görə də insanların əksəriyyəti mətn oxumaq durumunda deyil. Psixoloji cəhətdən gərgindir, həyəcan içindədirlər. İstənilən halda karantin günlərində bədii ədəbiyyat, filmlər izlmək olar. Ağıllı oxucu özünü hər situasiyadan çıxarda biləndir.”

"Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmovaya görə sağlamlıq naminə bütün dəyərləri qurban vermək olmaz. Teatr tamaşasında bir nəfər qalsa belə məhz onunçün tamaşanı davam etdirməyə dəyər.

"İtalyanların dilində belə bir deyim var: əgər sən sağlamsansa, demək hər şeyin var. İndi məlum olur ki, bu fikrin daha fərqli, həm də böyük mənası var. Sağlamlığı saxlamaq çox vacibdir, amma başqa şeyləri itirmək qorxusu yaranır. Oxucuların, tamaşaçıların zövqü də bu sıradadır. Hansı ki, özümüz də daxil olmaqla bu zövqü formalaşdırmaq üçün illərlə çalışırıq. Bizə görə ədəbiyyatın, kinonun, musiqinin, rəssamlığın... ən yaxşısı zövqümüzə təsir edir. Biz də yaxşı dəyərlər üzərindən formalaşan zövqümüzə köklənərək jurnalist kimi oxucularımıza mövzular təqdim edirik. Müsahibənin, reportajın, publisistik yazının, tərcümənin... ən yaxşısını. Bizim yazılarımızda çağırış var: dəyərlərə hörmət etməyə, bir-birimizi sevməyə, layiqli sənətə qiymət vermək çağırışı.


Karantin kəskin süjetli filmlər kimi bizi təsiri altına alıb. Onsuz da qlaballaşan dünyada süni intellektin, rəqəmsallaşmanın basqısı ilə yoxa çıxan bir çox dəyərlər indi infeksiyanın "təsiri” ilə daha da küncə sıxılıb. Heç bir sərhədin gözlənmədiyi sosial platformaların, bayağı verilişlərin meydanının azalmaq əvəzinə genişləndiyi TV-lərin auditoruiyası üçün bəli, "oxucunu necə itirməmək” sualı çox aktualdır. Çünki həmişə zövqlü oxucu haqqında düşünürük. Biz yenə də mənəviyyata köklənən, yüksək sənəti, humanizmi, insanlığı, mənəvi dəyərləri təbliğ edən yazılarımızla oxucularımıza xidmət etməliyik. Lap bircə oxucumuz qalsa belə, o bizim qazancımızdır. Teatrda deyildiyi kimi: əgər zalda bir tamaşaçı varsa, demək tamaşa baş tutub.

Biz koronavirus infeksiyasından qorxuruq. Ancaq sağlamlıq məqsədə çatmaq üçün vasitədir, ona görə elə hesab etmək olmaz ki, onun xətrinə hər şeyi, bütün dəyərləri qurban vermək olar. Biz də o bir nəfəri itirməmək üçün çalışmalıyıq. Yoxsa koronavirusun təsiri postpandemiyadan sonra daha betər olar.”

Emin Piri