ÖLƏN İSTƏKLƏRİMİZ

İRADƏ TUNCAY
52168 | 2007-07-14 04:40

Qiyamət günü olsa belə, əlinizdəki son toxumu torpağa səpin.
   
   Həzrəti MƏHƏMMƏD (ə.s.)
   
   
   
   Lift gecikir, gözləməyə hövsələm çatmır, özüm düşmək istəyirəm. Pilləkənlərin başında üzbəüz gəlirik. Bilmirəm niyə, amma ovqatından görürəm ki, əhvalı heç yaxşı deyil. Yaşıl gözləri dolub:
   
   - Sən bir yazı yaz- deyir.
   
   - Nə yazı?
   
   - Ölən istəklərimiz...
   
   
   
   ***
   
   İnsan hər zaman səadət axtarışındadı.Fərdi maraq əməlləri müəyyən edir. İşin mənəvi tərəfi budur ki, bu axtarışlara aparan yollarda şəxsi maraqla ümumi maraqlar üst-üstə düşsün, bir nəfərin xoşbəxtliyi üçün yüz minlərin günü qara olmasın.
   
   İnsanı cəmiyyətdən kənarda təsəvvür etmək mümkün deyil. Onun idrakını da, şəxsiyyətini də ətraf mühit bəlirləyir. Eyni həyat şərtləri müəyyən ictimai qruplar, siniflər, təbəqələrin xarakterini formalaşdırır. Ona görə də insanı və onun psixologiyasını mənsub olduğu zaman, məkan və ictimai mövqe kontekstində öyrənirlər. İnsan tək deyil, başqalarının, özünəbənzərlərin əhatəsindədir. Onların hər birinin öz səadət axtarışı var. Bu fərdi istəklərin izi ilə gedib bir-biriylə toqquşurlar və bir-birinə mane də olurlar. Nəticə də məlum. Belə bir məntiqi sonluq da vermək olar - hər hansı fərdin xoşbəxtliyi başqasının xoşbəxtliyindən asılıdır. Hər kəs yolunu elə getməlidir ki, ümumilikdə cəmiyyətə faydalı olsun. Əks halda başqa maraqlarla kəllə-kəlləyə gələcək və kimsə də istəyinə çatmayacaq.
   
   İnsanın davranışını, əməllərini formalaşdıran ən güclü stimullardan biri şöhrət, başqaları tərəfindən təqdir olunmaq istəyidir. Bu məqsədin dalınca yollanırsansa qarşına məkr, xəyanət, həsəd də çıxacaq. Bu maneələri necə dəf eləmək isə hər kəsin özünə aid bir şey. Amma hakim və qanunverən elə bir sistem, elə quruluş yaratmalıdır ki, bir nəfərin şəxsi istəkləri digərinə quyu olmasın, birinin səadəti digərinin fəlakəti olmasın.
   
   
   
   ***
   
   Ölən istəklərimiz... Ölən istəklərimiz...
   
   ... Kompüterdə hazır qəzet səhifələrinə baxıram və dizaynerimizdən:
   
   - Nizami, sənin ölən istəklərin olub?- deyə soruşuram.
   
   - Heç salamatı var ki?- deyir.
   
   (Nizaminin ev almaq istəyi İpoteka kreditləri ilə bərabər suya düşdü. Arzuları da kreditlə almaq mümkün deyil).
   
   ... Qəzeti gözdən keçirib otağıma dönürəm və operator Mehribanın mehriban çöhrəsinə baxıram:
   
   - Mehriban, sənin ölən istəklərin olub?
   
   Fikirləşir. Fikirləşir ki, nə desin. Cavabdan qaçmaq istəyir:
   
   - Mən öz istəklərimi xəyalımdakı bir aləmdə yaşadıram. Orda hər şey gözəldi.
   
   ... Deməyinə deyir, amma mən anlayıram axı. Neçə il əvvəl böyük dövlətlərin istəyi ilə, daha doğrusu, hikkəsi ilə neçə min cavan oğlan toy otağına yox, məzara girdi. Və neçə min cavan qızın istəyi də (ana olmaq, evinin xanımı olmaq) xəyallarda yaşamağa məhkum...
   
   
   
   ***
   
   Harda, hansı kitabda oxumuşdum, ay Allah - "Mən bir zaman bütün dünyanı sevməyə hazır idim!.."
   
   Mən... bir zaman... bütün dünyanı... sevməyə... hazır idim... Sonra içimdəki sevgini elə öldürdülər ki, yeri boş qaldı. Yox, nifrətlə dolmadı, elə boş qaldı. Boş...
   
   "Bəli! Budur səbəb, bu! Yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, üç ildə iki söz deməkdən utanan məsum bir yavrunu qramafonlar kimi söylədən budur, bu! Düşünən beyinlər, çırpınan ürəklər bunlara satılır. Fəqət neçin? Bəli, mənim pulum yox, altunum yox, fəqət, bunlara qarşı mənəvi bir varlığının, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim var idi. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı da onların hamısını çeynədi, qırdı, tökdü, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürəklə nə edə biləcəyəm, nə? Fəqət, yeriyəcəm, həm də qarşımda bir yol qalmış ki, o da intiqam!"
   
   Bunları mən demirəm ha. Öz klassiklərini unutmuş vətən oğullarının yadına salmaq istəyirəm ki, Oqtay Eloğlu deyib. Oqtay Eloğlu da Cəfər Cabbarlının qəhrəmanıdı. Cəfər Cabbarlı da Dəmir yol vağzalının qabağında əllərini qoynuna qoyub fikirli-fikirli sizə baxan heykəldi. Səhnədə görmürsünüz, görə də bilməzsiniz. Cəfər Cabbarlının vəzifəli oğlu, qızı yox, altunu-parası da yox. Amma o da bir zaman bütün dünyanı sevməyə hazır idi.
   
   
   
   ***
   
   ... Mühasibimiz kağızlara qol çəkdirir.
   
   - Tahirə, sənin ölən istəklərin olub?
   
   Anlamır:
   
   - Kimim ölüb?
   
   - Kim yox ey, nə. Elə bir şey olub ki, arzulamısan, amma olmayıb?
   
   - Nə danışırsınız, istədiklərimi eləyə bilməsəm mən özüm ölərəm.
   
   Nəhayət ki, bir xoşbəxt adam tapdım. Amma onu belə bəxtiyar eləyən səbəbləri soruşmaq istəmirəm.
   
   
   
   ***
   
   "Çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, səmimi idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək, mühit sizi irəlilədəcək və gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diriykən tarixin arxivlərinə atacaqdır".
   
   "Elə bir həyat qurulmalıdır ki, orda hər bir söz qanun, hər şey həqiqət olsun".
   
   "Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının məzarları üzərində tikmək istəyirəm".
   
   Bu sözləri də Cabbarlı deyib. Və görəsən özü bu sözlərə inanırdımı? Və görəsən bu səadəti kimin əlləriylə tikəcəkdi?
   
   
   
   ***
   
   ... Səhər çayımı içə-içə televizorun pultunu qurdalayıram. Və, və, nə görsəm yaxşıdır? Vaxtilə işlədiyim televiziya kanalının komendantı (vallah, deyəsən onun vəzifəsinin adı belə idi, yəni təmizlik işlərinə baxırdı, xadimələrə rəhbərlik edirdi, hərdən bir də rəhbərlik statusundan istifadə edib xadimələrə girişməyi də vardı) çıxış edir, öz fəaliyyətindən danışır. Sən demə bu yazığın içində neçə illəriymiş televizorda görünüb rəhbəri tərifləmək istəyi var imiş. Fərqi yoxdur kim, təki rəhbər olsun. Keçmiş rəhbərlik onun içində bu istəkləri öldürüb, yeni dahi isə hamı üçün olduğu kimi, bu komendanta da özünü ifadəyə şərait yaradıb. Yadımdadır ki, səhərlər boynunu büküb darvazanın ağzında dayanırdı. Kanalın rəhbəri maşından düşüb ikinci mərtəbəyə öz otağına qalxanacan tərifnamə oxuyurdu. İndi də təzəsinə oxuyur, mətn də dəyişməyib. Sadəcə, şərait yaradıblar, televizordan döşəyir. Boynu bir az da bükülüb. Müstəsna hal deyil. Hansı kanalı çevirsən tərif yağdıran, boynu bükük "komendant" sifətləri görəcəksən. Bu cəhənnəm, amma bu günlərdə elə həmin kanalla üzbəüz dükana girib çörək alanda neçə il bir otaqda oturduğum, gözəl münasibətlərim olan bir iş yoldaşımla rastlaşdım. Sevincək salamlaşanda hiss elədim ki, tutuldu. Tez-tələsik aldığını alıb dükandan qaçdı. Qaçdı... Qorxdu ki, birdən kimsə görüb şefinə xəbər verər.

TƏQVİM / ARXİV