adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 May 2020 08:15
75304
ƏDƏBİYYAT
A- A+

Elman Tovuz: VƏTƏNSİZ

VƏTƏNSİZ

Bu Vətəndən iraq düşmə,
dərdin varsa bir çəkək,
Bir qayanın ortasında
yorğun dizik Vətənsiz.
Parçalanıb ayrı düşmək
bu millətin göz dağı,
Nə Qoşqarıq, nə Savalan…
dərə-düzük Vətənsiz.
Zaman-zaman qılıncını
oda verən də bizik,
Götür! - deyib tikəsini
yada verən də bizik.
Bir eşq üçün neçə Fərhad
bada verən də bizik,
Yüzü bir can olammırıq,
biri yüzük Vətənsiz.

Yerli-yersiz böldüyümüz
bölgülərə "yox" deyək!
Diyar-diyar, mahal-mahal
bölgələrə "yox"deyək!
Əldən əskik ətəklərə,
kölgələrə "yox"deyək!
Sabaha yol açammasaq
itmiş izik Vətənsiz!

Olan olub, keçən keçib,
gəl, bir olmaq vaxtıdı;
Layla kimi, himn kimi
dilbir olmaq vaxtıdı;
Elman deyər, insafa gəl,
əlbir olmaq vaxtıdı,
Nə mən Mənəm, nə sən Sənsən,
nə biz Bizik Vətənsiz.

"ŞUŞA” xəyalım...

Durub gedəsən birbaş Yevlaxa,
Oradan Bərdəyə.
Bərdə avtovağzalında qulağına
Taksi sürücülərinin qarışıq səsi gələ:
- Ağdama bir nəfər, Ağdama...
- Xocalı, Xocalı.. Gedən var Xocalıya?
- Ağcabədiyə yer qalmadı ha...
- Tərtərə on manat adama...
- ...
Bu səs-küydən yox,
Həyəcandan hava gələ başına.
Heç kimə və heç nəyə baxmadan
Qaçıb əyləşəsən
Ağdama gedən maşına.
Ahın köksünü deşə,
Ürəyin çıxa yerindən.
Yol haqqını qabaqcadan verəsən
Tələsdiyindən...
Yol boyu heç yana baxmayasan -
Nə dağ-daş,
Nə də bir ağac görəsən...
İçin özündən qabaq yetişə
Ağdamdakı "Cay evi"nin qarşısına.
Çat-çat ola dodaqların
Yadına çay düşməyə,
Unudasan yeməyi də.
Unudasan
Sürücüyə "sağ ol" deməyi də.
Düşüb yüyürəsən
Bir az aralıdakı boş taksiyə tərəf...
Gözün dola...
Dodağın əsə...
Boğa səni qəhər...
Özünü toparlayıb birtəhər
Salam-kəlamsız
Titrək səslə soruşasan:
- Şu...şa...ya apararsız?..

DAR AĞACIYAM

Özgə dar ağacı nəyimə gərək,
Mən özüm özümə dar ağacıyam.
Əlim göyə çatmır, ayağım yerə,
Mən özüm özümə dar ağacıyam.

Başımın üstündən göy uçanacan,
Ayağım altından yer qaçanacan,
Asılıb qalacam eyy...haçanacan,
Mən özüm özümə dar ağacıyam.

Alnımdan asılan alın yazımdı,
Sinəmə sıxılan dərdli sazımdı.
İçimə qısılan öz avazımdı...
Mən özüm özümə dar ağacıyam.

Yer verib, yuvası basılan da mən,
Qılıncı qınında paslanan da mən.
Asan da özüməm, asılan da mən -
Mən özüm özümə dar ağacıyam.

Arazam - gözümdən axıb tökülən,
Təbrizəm - dilindən dara çəkilən,
Göyçəyəm - gözləri mənə dikilən...
Mən özüm özümə dar ağacıyam.

Özbəyəm, qırğızam...
Hər türk mənəmsə,
Başı kötük üstə kərkük mənəmsə,
Ruhundan asılan bu YÜK mənəmsə,
Mən özüm özümə dar ağacıyam.

Boynumdan asılan Quranam, Tanrım,
Dilimdən düşməyən "Turan"am, Tanrım.
Bəlkə də ən dərin yaranam, Tanrım, -
Mən özüm özümə dar ağacıyam.

GÖYÇƏLİ QIZ

Anlamadıq! Zaman bizi
"Başa saldı", Göyçəli qız.
Arzuları, ümidləri
Daşa çaldı, Göyçəli qız.

Dolu düşdü, sel oynadı,
Burum-burum yel oynadı.
Oba qalxdı, el oynadı -
Yurd boşaldı, Göyçəli qız.

Şələ basdı belimizdən,
Nəğmə düşdü dilimizdən.